16 
May
2020
12:04
122
27
7580
Virtual karabakh

Bakıda XIV əsrin unudulan tarixi: Gizli tunel, şirin su quyusu, mayak... - REPORTAJ

16 May, 2020
12:04
7580

Bakıda XIV əsrin unudulan tarixi: Gizli tunel, şirin su quyusu, mayak... - REPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanda çoxlarına bəlli olmayan tarixi abidələr var. O abidələr ki, artıq özləri və onlar haqqında az da olsa məlumatı olan şəxslər belə tarix olmaq üzrədir. Bu dəfə sizə XIV əsrin yadigarı, el arasında “Tonqal qalası” adlandırılan abidədən danışacağıq.

Oxu.Az-ın əməkdaşları sözügedən qala ilə bağlı material hazırlayıb.

Bu qala Bakının Bilgəh qəsəbəsində yerləşir. Təəssüf ki, qala barədə az insanın məlumatı var. Çəkiliş ərəfəsində öyrəndik ki, hətta qəsəbədə yaşayan sakinlər belə, bu qalanın mövcudluğundan xəbərsizdir.

Qala barədə məlumatı olanlar isə onu müxtəlif cür - “Bilgəh qalası”, “Tonqal qalası” kimi adlarla tanıyırlar.

Bəs bu tarixi məkan niyə “Tonqal qalası” adlandırılır? 

Qala barədə tarixi mənbələrdə geniş məlumat yoxdur. Dəqiq ünvan bilmədiyimiz üçün Bilgəh qəsəbəsində qalanı xeyli axtardıq. Yaşlı kənd sakinlərindən qalanın yerini soruşsaq da, tanıyan, bilən olmadı. Bizə məlum olan isə qalanın açıq ərazidə yox, kənd sakinlərindən birinin həyətyanı sahəsində olması idi. Bu isə işimizi bir qədər də çətinləşdirdi.

Kor-peşman geri qayıtmağa hazırlaşırdıq ki, qarşıdan gələn yaşlı kişiyə qala ilə bağlı sual verdik. Ağsaqqal heç gözləmədiyimiz halda, “bəli, tanıyıram” dedi. Nəhayət, bizi doğru küçələrlə qalanın yerləşdiyi əraziyə gətirdi.

Qalanın yerləşdiyi əraziyə çatdıq. Təəssüf ki, XIV əsrin yadigarı olan tarixi qala sakinlərdən birinin şəxsi mülkiyyətində olan yaşayış sahəsinin ərazisinə düşür. İcazəsiz əraziyə daxil ola bilmədiyimizdən bir qədər gözləməli olduq. Bizə qalanın yolunu göstərən Adil Mirzəyevin bu evdə bağban kimi çalışmasını da məhz orada öyrəndik. Jurnalist olduğumuzu, qala ilə bağlı material hazırlamaq istədiyimizi eşidəndə, şərait yaratmaq qərarına gəldi.

40 ildən çoxdur Bilgəhdə yaşayan A.Mirzəyev deyir ki, bu qalanın varlığından az insan xəbərdardır:

“80 il əvvəl burada yaşayış evləri olmayıb. Bu gördüyünüz ərazilər açıqlıq olub. Yavaş-yavaş torpaqlar satıldı, camaat buradan torpaq alıb ev tikməyə başladı. İndi hər tərəfdə yaşayış evləri var. Bu qala isə XIV əsrdən qalıb.

Qalanın tarixi üzərində olan köhnə çərçivədən bilinirdi. Sonra külək onu qırıb atdı. O vaxt müəllimlər qalanın qarşısında uşaqlara bildikləri məlumatları danışardılar. Elə oldu ki, bu ərazini də aldılar, qala da qaldı evin həyətində”.

Onun sözlərinə görə, qala yumurta sarısı və palçıqdan tikilib:

“Məlum məsələdir ki, o dövrdə tikinti materialları çox deyildi. Bu səbəbdən qalanın palçıq və yumurta sarısından tikildiyini deyirdilər. Hazırda hündürlüyü 21 metr, diametri isə, səhv etmirəmsə, 17 metrdir. Qalanın hündürlüyü əvvəl daha çox olub, lakin baxımsızlıqdan həm üstü, həm də bir hissəsi uçub. 40 il bundan əvvəl daşlar uçmasın deyə qonşular sökülən divarlara sement vurub, qorumağa çalışıb”.

Qalanın sol tərəfi dəniz istiqamətinə düşdüyü üçün şoranlıqdan, nəmdən ağarıb, sağ tərəfi isə, demək olar ki, uçub. Qalanın üzərinə çıxmağa çalışsaq da, külək buna mane törətdi. Üç mərtəbəsi, geniş zirzəmisi, yanında şirin su quyusu və gizli tuneli olduğu deyilən qalanın giriş qapısı olub. Lakin həmin qapı artıq uçub-dağılıb. Su quyusunun aqibəti barədə isə heç bir məlumat yoxdur.

Həyətdəki qocaman tut ağacı diqqətimizi çəkdi. Gövdəsi, demək olar ki, sınmaq üzrədir, amma yamyaşıl yarpaqları və məhsuldar olması təəccüblüdür. Müsahibimiz deyir ki, bu ağacın ən azı 130 ilə yaxın yaşı var. Bu da onu göstərir ki, yerin altında, həqiqətən də, şirin su mövcud ola bilər. Əks təqdirdə ağac çoxdan məhv olub gedərdi.

Ərazidə gizli tunelin olduğunu deyən A.Mirzəyev bu barədə özündən böyüklərdən eşidib:

“O vaxt deyirdilər ki, qalanın zirzəmisindən gizli yeraltı tunel gedir. Tunelin bir ucu da Nardaran qəsəbəsinə çıxır. Bu söhbət 40-50 il bundan qabaq olub. Ərazidə torpaq alan qonşulardan biri o vaxt həyətində qazıntı aparıb.

Tunel məsələsinin də doğru olduğu o zaman bəlli olub. Lakin tunel texnikanın ərazidə iş görməsinə mane yaradıb. Ona görə də üstü yenidən torpaqla örtülüb. Həmin qonşu artıq rəhmətə gedib, o barədə məlumatı olan tək adam elə özü idi”.

Qala əvvəllər gəmilərə yol göstərən mayak rolunu oynayıb:

“Qalanın yalnız gördüyümüz bu uçuq-sökük bir hissəsi dövrümüzə gəlib çatıb. Bu qala müdafiə və müşahidə qalası olub. Böyüklərimiz deyirdi ki, o vaxt işıq olmayıb. Qalanın başında tonqal qalayıb mayak kimi uzun illər gəmilərə yol göstəriblər.

Gecə saatlarında gəmilərin sahili tapması çətin olduğundan bu üsulla onlara kömək ediblər. Adına tez-tez “Tonqal qalası” deməklərinin səbəbi budur. Qala o qədər hündür olub ki, yandırılan tonqalın (məşəl) tüstüsü hətta Ramana qalasından da görünüb”.

Müsahibimizdən əraziyə arxeoloqların, Mədəniyyət Nazirliyinin nümayəndələrinin gəlib-gəlmədiyini, qala barədə aidiyyəti orqanlara məlumat verilib-verilmədiyini soruşduqda isə belə cavab verdi:

“Əvvəllər kənd sakinləri bu barədə aidiyyəti orqanlara məlumat verib. Lakin bildiyimə görə, maraqlanan olmayıb. Sonra kənd sakinləri özü qalanın tamamilə uçmaması üçün qəzalı yerlərini sementlə bərkidib.

Torpaq sahələri alındıqdan, yaşayış evləri tikildikdən sonra isə bir neçə dəfə arxeoloqlar və aidiyyəti orqanların nümayəndələri gəlib. Təxminən 10-15 il bundan qabaq gəlmişdilər, amma artıq gec idi. Çünki hər kəs yaşamaq üçün özünə ev-eşik tikmişdi.

Bu səbəbdən də qalanın olduğu və ətrafındakı qonşular qazıntı işlərinə razı olmayıblar. Amma çox sevindirici haldır ki, bu evin sahibi tariximizə önəm verdiyi üçün qalanı dağıtmayıb, əksinə, qoruyub, saxlayıb”.

Təəssüf hissi ilə vurğulamaq istədiyimiz məqam 14 əsrlik tariximizdən xəbərsiz qalınmasıdır. Düşünürük ki, məsələnin kökündə burada yaşayış evi tikən şəxslərin yox, ərazidəki torpaqların satıldığı dövrdə edilən diqqətsizlik dayanır.

Tarixi abidələrin olduğu ərazi satıla bilərmi?

Ümid edək ki, aidiyyəti orqanlar bu məsələ ilə bağlı müsbət reaksiya verər, qalanın üzə çıxarılması istiqamətində müvafiq addımlar atılar.

Bu gün tarixi “Tonqal Qalası” fotolarda göründüyü vəziyyətdədir. Bundan sonra neçə ay, neçə il, neçə əsr bu vəziyyətdə qala bilər, məlum deyil. Bilgəh qəsəbəsində yerləşən bu qalanın tarixinin dərindən araşdırılması yaxşı olardı. Biz isə həyətində 14 əsrlik tarixi qoruyub-saxladığı üçün ev sahibinə təşəkkür edirik.

Xatırladaq ki, tarixi mənbələrdə qalanın XIV-XV əsrlərdə Şirvanşahlar dövründə, ağ daşlardan inşa edildiyinə dair qeydlərə rast gəlinir.

Könül Cəfərli
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri