13 
İyn
2020
13:31
35
80
1800
Virtual karabakh

Şəki Dövlət Dram Teatrı məşqlərini teatr səhnəsində davam etdirir - FOTO

13 İyn, 2020
13:31
1800

Şəki Dövlət Dram Teatrı məşqlərini teatr səhnəsində davam etdirir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəki Dövlət Dram Teatrı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tövsiyə etdiyi maska istifadəsi və sosial məsafə nəzərə alınmaqla pandemiya dövründə də öz işini davam etdirib. 

Teatrdan verilən məlumata görə, Nazirlər Kabineti yanında operativ qərargahın tətbiq etdiyi karantin müddətində onlayn qaydada aparılan məşqlər artıq teatr səhnəsində davam etdirilir.

Teatr karantin müddətində ölkədə və dünyada hökm sürən mövcud vəziyyət səbəbindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tövsiyələri ilə ilk növbədə builki repertuarında qismən dəyişiklik edib. Kütləvi səhnələri olan əsərlər daha az saylı aktyor heyətinə malik əsərlərlə əvəzlənib. 

Hazırda teatrda baş rejissor, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluş verdiyi Stanislav Stratiyevin "Avtobus" komediyasının məşqləri gedir. Fransız yazıçı və kinorejissor Jan Koktonun “İnsan səsi” pyesi əsasında hazırlanan monotamaşa isə tam hazırdır.

Tənha qadının faciəsi üzərində qurulan səhnə əsərinin əsas və yeganə qəhrəmanını canlandıran aktrisa Lalə Məmməddir. Əsər beş illik sevgilisindən ayrılan qadının həsrətlə onu həyata bağlayan zəngi gözləməsindən bəhs edir. Nəhayət, həmin zəng gəlir. Amma hər şey heç də qadının gözlədiyi kimi olmur və o, sevgilisi ilə vidalaşmaq məcburiyyətində qalır. Müəllif əsərdə atılmış qadının sonsuz iztirablarını, uğursuz sevginin gətirdiyi intiharı təsvir edir. Canına qıymış qadının narahat ruhunun iki dünya arasındakı çaşqınlığının əks olunduğu əsərin sonunda narahat ruh, nəhayət, öz yolunu tapır. Tamaşaya quruluş verən teatrın gənc rejissoru Əlisahib Cəlilovdur. Bu, eyni zamanda onun ilk işidir. Səhnə işinin musiqi tərtibatıçısı Zeynəb Orucova, quruluşçu və geyim üzrə rəssamı Sahib Əhmədov, xoreoqrafı Çingiz Novruzəliyevdir.

Qeyd edək ki, teatr karantin rejimi günlərində onlayn tamaşa nümayişlərini davam etdirib. Teatrın Şəkidə fəaliyyət göstərən “ARB Şəki” və “Azərbaycan” televiziyaları ilə əməkdaşlığı sayəsində bu tamaşalar həvəskar deyil, tam peşəkar qaydada lentə alınıb.

Yəni tamaşaçılar evdə qaldıqları müddətdə teatrın və Mədəniyyət Nazirliyinin səhifəsində  yayımlanan tamaşaları keyfiyyətli şəkildə izləmə imkanı əldə ediblər.  

2013-cü ildən fəaliyyət göstərən Şəki Dövlət Dram Teatrının rəsmi “Facebook” səhifəsində yerli və dünya dramaturqlarının ölümsüz əsərləri əsasında hazırlanan tamaşalar yer alıb. Təkcə aprel ayında teatrın sosial şəbəkələr vasitəsilə onlayn qaydada yayımladığı tamaşalar arasında J.B.Molyer və M.Bulqakovun “Xəstəlik xəstəsi” və ya “Yaşasın teatr”, H.Sayının “Davul səsi”, H.Tanerin  “Və... Dəyirman Dönərdi”, J.B.Molyerin “Aldadılmış ər”, S.Vurğunun “Vaqif”,  J.B.Molyerin “Xəsis”, İ.Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı”, H.Andersenin “Çılpaq kral” və bir çox başqa səhnə əsərləri olub. May ayında isə repertuara yenə də xarici və yerli ədəbiyyatın misilsiz əsərləri əsasında ərsəyə gətirilmiş A.Çixaidzenin “Çinari manifesti”, N.Dumbadzenin “Ağ bayraqlar”, B.Brextin “Arturo Uİ-nin karyerası”, B.Vahabzadənin “Dar ağacı”, M.Kərimin “Ay tutulan gecə”, Ə.Haqverdiyevin “Pəri Cadu”, N.Cəfərovun “Buna da şükür” tamaşalarının onlayn nümayişi həyata keçirilib. Bunlardan əlavə, teatrla bağlı xəbərlər və aktyorların şəxsi təşəbbüsü ilə hazırlanan qısa videoçarxlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri