24 
İyl
2020
12:43
141
57
8037
Virtual karabakh

Azərbaycanda baxımsız məbəd “haray çəkib” yardım gözləyir - FOTOREPORTAJ

24 İyl, 2020
12:43
8037

Azərbaycanda baxımsız məbəd “haray çəkib” yardım gözləyir - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuzun Əsrik Cırdaxan kəndindəyik, diqqətimizi yaddan çıxmış, ətrafını ot-alaq basmış, uçub-dağılmış bir tikili cəlb edir.

Ətrafındakı qədimi daşların da bu tikili ilə əlaqəsi olduğunu düşünürük. Üstünü mamır basmış daşlar qədim qəbirlərə oxşayır.

Addımlayırıq, uçmuş, dağılmış tikilidən sanki tarixin harayı eşidilir. Bura Əsrik Cırdaxan məbədidir.

Ancaq baxımsızdır, ciddi təmir-bərpa işlərinə ehtiyacı olduğunu daşların dili ilə bizə çatdırır. Göz gəzdiririk, yuxarıda lövhə var, amma “Mədəniyyət Nazirliyi tərəfindən qorunur” sözləri o lövhədən düşüb.

İnternet mənbələrində olan məlumatlara əsasən, bura VII-X əsrlərə aid edilən alban məbədi və qala divarlarıdır. Əsrik Cırdaxan kəndinin meşəlik ərazisində olan, albanlara məxsus bu tarixi abidənin yerləşdiyi ərazi iki hektardır.

Abidə haqqında bundan başqa məlumat tapmaq mümkün deyil. Ona görə də ərazidə ciddi arxeoloji qazıntılar aparılmalı və məbəd haqqında müfəssəl informasiya hazırlanmalıdır.

Məbəd uçmaq təhlükəsi qarşısındadır, iraq olsun, bu baş verərsə, Azərbaycan abidəsi tarixin arxivinə keçəcək və onu qoruya bilmədiyimizə görə bizi bağışlamayacaq.

Lövhədə olan “qorunur”u axtarmaq üçün ətrafındakı kol-kosu təmizləyirik, amma tapa bilmirik ki bilmirik.

Məbədin içərisinə uçub tökülmüş daşlar, məbədin içərisindən gələn kəskin qoxu buranı xarabalığa bənzədir. Meşəliklə əhatə olunan məbəd miskin bir durumda boylanıb yardım gözləyir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti isə abidəyə yenidən “nəfəs veriləcəyi” barədə nikbindir. 

Qurumun mətbuat katibi Fariz Hüseynli Oxu.Az-ın sorğusuna cavab olaraq deyib ki, Əsrik kəndində məbəd və qala divarlarının qalıqlarının bərpası və konservasiyası, abidə ətrafında abadlıq işlərinin aparılması nəzərdə tutulub.

“Həmin tarixi abidə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 2020-2023-cü illər ərzində dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına salınıb”, - deyə F.Hüseynli əlavə edib.

Nə deyək, təki siyahıya da salınsın və praktiki işlər də görülsün. Buna ümid edirik...

Aqşin Kərimov
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri