10 
Sen
2020
18:27
212
151
3032
Virtual karabakh

“Var səsi ilə” beynəlxalq musiqi müsabiqəsinin çəkilişləri Bakıda keçiriləcək - VİDEO

10 Sen, 2020
18:27
3032

“Var səsi ilə” beynəlxalq musiqi müsabiqəsinin çəkilişləri Bakıda keçiriləcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il “Var səsi ilə” (“Vo ves golos”) beynəlxalq müsabiqəsinin çəkilişləri Bakıda keçiriləcək.

Azərbaycan komandası milyonlarla tamaşaçı qarşısında öz evində çıxış edəcək. Bu, koronavirus pandemiyası səbəbindən müsabiqənin yeni formatı ilə əlaqədardır: Hər bir iştirakçı ölkə öz şəhərindən çıxış edəcək, onların çıxışlarını “MİR” telekanalında telekörpü vasitəsi ilə onlayn formatda bütün dünya görəcək.

“Moskva-Bakı” portalı bu il Azərbaycanı kimin təmsil edəcəyini öyrənib.

Müsabiqənin dördüncü mövsümündə Rusiya, Azərbaycan, Almaniya, İsrail, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan və Ermənistan olmaqla 10 ölkədən 12-17 yaş arası istedadlı uşaqlar qatılıb.

Yarışın ikinci mövsümündə Azərbaycandan olan komanda qalib gəlib. Bu il layihənin dördüncü mövsümündə respublikanı beş istedadlı uşaq - Lalə Qafarova, Emilya Hacıyeva, Zəminə Nurullayeva, Atilla Qərib və Nazim Məmmədov təmsil edəcək. Çox keçmədən bu adlar bütün dünya tərəfindən tanınacaq. Yarışmada Emilya, Nazim və Lalə bir ansambl olaraq çıxış edəcəklər. Zəminə və Atilla isə solo ifa edəcəklər. Hazırda uşaqlar musiqi nömrələrini məşq edirlər və həyəcanla yarış gününü gözləyirlər.

Emiliya Hacıyeva. “Var səsi ilə” müsabiqəsində Azərbaycan komandasının iştirakçısı

Azərbaycan komandasının ən böyük üzvü Emilya Hacıyevadır. Dekabr ayında Emilyanın 17 yaşı oldu. Hazırda o, 11-ci sinifdə oxuyur. 7-ci sinfə qədər o, BƏƏ-də yaşayıb və təhsil alıb, bu səbəbdən mükəmməl şəkildə ingilis dilini və danışıq səviyyəsində ərəb dilini bilir. Uşaqlıqdan musiqiyə və mahnı oxumağa həvəs göstərir.

“İlk çıxışım 5-6 yaşımda oldu: Rusiyanın Dubaydakı səfirliyinin təşkil etdiyi tədbirdə Azərbaycan uşaq mahnısını oxudum. O vaxtdan mənim istedadım və müğənnilik bacarığım diqqət çəkdi. BƏƏ himnini ərəb dilində oxuduğum üçün də fəxr edirəm. Keçən il “ZİMA” festivalına qatılmaq üçün seçildim, orada “HAVANA” mahnısını oxudum. Həyatımı musiqisiz və mahnı oxumağa sonsuz sevgisiz təsəvvür edə bilmirəm! Azərbaycanı beynəlxalq “Var səsi ilə” yarışmasında təmsil etməyə fürsət verildiyi üçün çox şadam! Ümid edirəm ölkəmin ümidlərini doğruldacağam”, - deyə Emiliya bildirib. 

Lalə Qafarova. “Var səsi ilə” müsabiqəsində Azərbaycan komandasının iştirakçısı

Lalə Qafarova Gəncə şəhərində yaşayır, 16 yaşı var. Kiçik yaşlarından musiqiyə həvəsi var, musiqi məktəbini vokal ixtisası üzrə bitirib. 2018-ci ildə şəhər məktəbləri arasında vokal üzrə 2-ci yeri tutub.

Zəminə Nurullayeva. “Var səsi ilə” müsabiqəsində Azərbaycan komandasının iştirakçısı

Zəminə Nurullayeva 14 yaşında artıq beynəlxalq yarışlardan gətirdiyi bir çox mükafatlara sahibdir. Bu il də Zəminə  artıq “Golden Kids Awards”a görə ilin ən yaxşı vokalisti və “Səs Uşaqlar” “The Voice” beynəlxalq televiziya şousunun finalçısı olmağı bacarıb.

“Praktiki olaraq balaca vaxtlarımdan oxuyuram. Təxminən səkkiz il əvvəl musiqi ilə peşəkar şəkildə məşğul olmağa başladım. Əsas istiqamət klassik janr idi, amma təxminən bir ildir ki, artıq uğur qazandığım estrada vokalı ilə peşəkar formada məşğulam. Hər şeyi oxuduğum üçün musiqi tərzim çox müxtəlifdir: caz, caz-rok, pop, bluz ritm, klassik. Beş yaşımdan rəqslə məşğulam. Musiqi məktəbini vokal ixtisası üzrə bitirmişəm və pianoda da ifa edirəm. Həyatımdakı ən yaddaqalan hadisələrdən biri kumirim Dima Bilanla Bakıdakı çıxışından sonra görüşməyim oldu”, - Zəminə deyib.

Nazim Məmmədov. “Var səsi ilə” müsabiqəsində Azərbaycan komandasının iştirakçısı

12 yaşlı Nazim Məmmədov olduqca ciddidir, özü musiqi bəstələyir və yalnız müsabiqədə qalib gəlmək əzmindədir:

“Mən “Baku Oksford school”da, 7-ci sinifdə oxuyuram və eyni zamanda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində estrada vokalı üzrə musiqi təhsili alıram. Mən həm də, gitara çalmağı və öz musiqimi oxumağı sevirəm”.

Atilla Qərib. “Var səsi ilə” müsabiqəsində Azərbaycan komandasının iştirakçısı

Atilla Qərib yarışmada solo çıxış edəcək. Bənzərsiz səsi sayəsində o, artıq təkcə Azərbaycanda tanınmır. Atilla Tofiq Quliyev adına Musiqi Məktəbinin 2-ci sinfində oxuyur. İgor Krutoy akademiyasının kursunu keçib. Müxtəlif beynəlxalq müsabiqə və festivalların iştirakçısı və qalibidir.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Uşaq Estrada Sənəti bölməsinin rəhbəri, Azərbaycan komandasının başçısı Fidan Mir-Qədirova “Moskva-Bakı” portalına Bakıda 19 və 20 oktyabr tarixlərində çəkiliş aparılacağını bildirib. Format bir az qeyri-adi, Moskva ilə iştirakçı ölkələr arasında telekörpü şəklində olacaq. Müsabiqə iştirakçıları öz mədəniyyətlərini təqdim edəcək, eyni zamanda rus dilində müasir mahnılar ifa edəcəklər.

Azərbaycan komandasının məşqçisi Emil Kadırov da komandasını dəstəksiz qoymayacaq.

“Hər il müxtəlif ölkələrdən beynəlxalq müsabiqənin iştirakçıları Moskva şəhərinə gəlirdi. Ancaq bu il, koronavirus pandemiyası ilə əlaqədar olaraq yerlərdə çəkiliş edilməsinə qərar verildi. Yəni hər ölkə öz çıxışını çəkir. Mən müəllim kimi Bakıya gedəcəm və çəkiliş zamanı komandamın yanında olacam. Ümid edirəm ki, dəyişən şərtlərə baxmayaraq, yaxşı çıxış edəcəyik!”- deyə Azərbaycan komandasının məşqçisi Emil Kadırov bildirib.

Layihənin baş prodüseri Lina Arifulina qeyd edib ki, bu müsabiqə yaradıcı beynəlxalq mübadilə üçün əla təcrübədir.

“Hər il sərhədlərimizi genişləndiririk, yeni ölkələr bizə qoşulur və onları görməkdən çox şadıq. İştirakçılar tərəfindən mahnıları səsləndirilən bəstəkarların layihəmiz barədə fikirləri də məni hər zaman çox sevindirir. İqor Nikolaev, Bayqali Serkebayev, Valeri Syutkin, Oleq Qazmanov, Dmitri Malikov, Maksim Dunayevski musiqi duyumu olan və uşaqların musiqi bacarığını həsaslıqla hiss edə bilən insanlardır. Beləliklə, onların hər biri münsiflər heyətimizə üzv olduqdan sonra bu layihənin bir tərəfdən nə qədər sadə və təbii düşünüldüyünü, digər tərəfdən isə nə qədər musiqili olduğunu, musiqiçilər üçün yararlılığını və hər bir yeniyetmənin fərdiliyinin bizim üçün nə qədər əhəmiyyətli olduğunu dəqiq qeyd etdilər” , - layihənin baş prodüseri Lina Arifulina bildirib.

Layihənin dördüncü mövsümü çərçivəsində Rodion Qazmanov və Yevgeni Krılatovun yaradıcılığına həsr olunmuş müsabiqə gecələri keçiriləcəkdir. Həmçinin Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümü şərəfinə müsabiqə gecələrindən birində müxtəlif ölkələrdən olan iştirakçıların ifa edəcəyi hərbi mahnılar səsləndiriləcək. Hələlik təşkilatçılar bu müsabiqə gecəsinə dəvət olunan qonağın kim olacağını gizli saxlayırlar. Müsabiqənin aparıcısı dəyişməz olaraq qalır - Timur Rodrigez.

Beynəlxalq müsabiqədə mükafat 4 nominasiya üzrə təqdim ediləcək: Ən Yaxşı Komanda (Ölkə), Ən Yaxşı Solist (kişi), Ən Yaxşı Solist (qadın) və Ən Yaxşı Qrup.

Müsabiqənin yeni formatına baxmayaraq, iştirakçıları zəngin mədəni-maarifləndirici proqram gözləyir. Bu Rusiyanın vokal sənəti, aktyorluq və xoreoqrafiya üzrə ən yaxşı müəllimlərindən mühazirələri və ustad dərsləridir.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri