Noy
2020
13:06
791
24
6337
Virtual karabakh

Anar Kərimov: “Şuşaya ruhumuzu və kimliyimizi qaytaracağıq” - EKSKLÜZİV MÜSAHİBƏ

Bildiyimiz kimi, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hərbi təxribat törədib. Bundan sonra Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayıb. Bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub. Ərazilərimizin işğaldan azad olunması ilə illərdir erməni təcavüzünə məruz qalan maddi-mədəniyyət abidələrimizin acınacaqlı vəziyyəti də gündəmə gəlib.

Məsələnin aktuallığını nəzərə alaraq, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimovla söhbətləşdik.

Qeyd etmək istərdik ki, bu Anar Kərimovun yerli mediaya ilk müsahibəsidir.

Oxu.Az müsahibəni təqdim edir:

- Anar müəllim, Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması üçün müraciət olunubmu?

- Əvvəlcə hazırda davam edən Vətən Müharibəsində şəhid olan əsgərlərimizə, ermənilərin xaincəsinə dinc sakinlərimizə hücumu nəticəsində ölənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun mübarizəsi nəticəsində torpaqlarımız işğaldan azad olunacaq və şanlı bayrağımız həmin ərazilərdə dalğalanacaq.

Bilirsiniz ki, Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirir. Tarixi İpək yolunun üzərində yerləşən 11 tağlı körpü XI-XII əsrlərdə, 15 tağlı körpü isə XIII əsrdə inşa olunub.

Azərbaycan memarlığının unikal abidələrindən olan Xudafərin körpüləri Yaxın və Orta Şərq regionunun ən əzəmətli, ən məşhur körpülərindən hesab olunur. Biz səbirsizliklə bu anı gözləyirdik ki, Xudafərin körpüləri işğaldan azad olunsun və tarixi körpülərin UNESCO-nun (United Nations Educational, Scientific and Cultural Organization) Dünya Mədəni İrs Siyahısına salınması üçün işlər görülsün.

Mən uzun illər UNESCO-da işlədiyim üçün bilirəm ki, bu körpülərin dəyərləri çox yüksəkdir. UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması üçün bütün meyarlara cavab verir. Xüsusilə bu abidələrin müstəsna universal dəyərinin olması bu prosesdə bizim mövqeyimizi daha da gücləndirəcək.

Artıq bununla bağlı nazirlik tərəfindən müvafiq işlərə başlanılıb. Bunların siyahıya salınması üçün birinci mərhələ ilkin siyahıya namizədliyin verilməsidir. Bununla bağlı tapşırıqlar verilib, körpülərin tarixi, memarlıq üslubu və tikilməsi barədə məlumatlar toplanılır.

Bunlar təhlil edildikdən sonra ilkin siyahıya namizədlik üçün təqdim ediləcək. Körpülərin bir hissəsi İran tərəfində olduğu üçün biz həmin ölkə ilə danışıqlar aparacağıq. Gələcəkdə Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınmasına nail olacağıq.

- İşğal altında olan torpaqlarımızda olan daha hansı abidələr UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salına bilər? Bununla bağlı araşdırma aparılıbmı?

- Bəli. 1990-cı illərin əvvəllərinə olan statistikaya görə, işğal olunmuş toprpaqlarımızda 2625 abidə qeydə alınıb.

Onlardan 11-i beynəlxalq əhəmiyyətli, 240-ı ölkə əhəmiyyətli və 455-i yerli əhəmiyyətli olmaqla, ümumilikdə 706-sı dövlət tərəfindən mühafizə edilir.

“Azıx mağarası”, Alban məbədləri, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri və digər abidələrdi ki, ümumdünya əhəmiyyət kəsb edən irs hesab edilir.

Yəni bu abidələrin müvafiq meyarlara cavab verdikləri üçün UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmələri daha real görünür. Biz belə abidələrin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınmasına dair təkliflərin verməsi üçün müvafiq işlər aparacağıq.

Bunların hamısını birdən etmək həm vaxt, həm də resurs baxımından çətindir, ona görə tədricən bu işlərin aparılması nəzərdə tutulur. Hazırda hədəfimiz Xudafərin körpülərinin bu siyahıya salınmasıdır.

- Bir abidənin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması üçün nə qədər vaxt lazım olur? Bizdə ən son Şəkinin tarixi mərkəzi bu siyahıya salındı.

- Təcrübə göstərir ki, bu, uzunmüddətli və mürəkkəb prosesdir. Burada bir çox amillər nəzərə alınmalıdır. Xarici ekspertlər ölkəyə gəlir, vəziyyəti nəzərdən keçirirlər, hesabat hazırlanıb, komitəyə təqdim edilir.

Sənəddə çatışmazlıq olarsa, o, yenidən ölkəyə qaytarılır. Şəkinin tarixi mərkəzinin siyahıya salınması üçün bizə altı il vaxt lazım oldu. Mərhələləri addım-addım keçdik, bəzi problemlərlə üzləşdik, nəhayət, 2019-cu ildə Şəki siyahıya daxil edildi.

Yəqin ki, digər abidələrimizlə bağlı da bu müddəti qeyd etmək olar.

Çalışacağıq ki, ekspertlərimiz mükəmməl sənəd hazırlasınlar və bu müddət daha az olsun. Eyni zamanda, həmin abidələrin mühafizəsini elə qurmalıyıq ki, xarici ekspertlər səfər edən zaman nöqsanlar tapmasınlar.

- Bildiyimiz kimi, işğaldan azad olunmuş torpaqlarımızda mədəni abidələr uzun illər erməni vandalizminə məruz qalıb. Hazırda bu abidələrin vəziyyəti nə yerdədir?

- İşğaldan azad olunmuş torpaqlarımızda mədəni abidələrimizlə bağlı vəziyyət çox acınacaqlıdır. Bunu həm beynəlxalq media, həm də peyk şəkillərindən, turistlərin çəkdiyi şəkillərdən görmək mümkündür.

Eyni zamanda, abidələr ATƏT-in 2005 və 2010-cu illərdə işğal olunmuş ərazilərə dair faktaraşdırıcı missiyaları tərəfindən sənədləşdirilib. Mədəni irsin hədəfə alınması müharibə cinayətidir və bu da beynəlxalq Konvensiyalarda öz əksini tapıb.

Burada əsas məqsəd Azərbaycan xalqının minilliklər boyu işğal edilmiş ərazilərdə yaşamasına aid olan sübutları məhv etmək və bu ərazilərdə yalnız ermənilərin yaşadıqlarını iddia etməkdir. Buna beynəlxalq hüquqda mədəni təmizləmə deyirlər və bu da, dediyim kimi, qəbuledilməzdir.

Yalnız Şuşada olan Gövhər Ağa məscidi ermənilər tərəfindən bərpa edilib ki, bu da “gözdən pərdə asmaq” məqsədini güdən fəaliyyətdir. 

Hətta onlar məscidi Azərbaycanın mirası kimi yox, bunu fars mirası kimi təqdim edirlər. Bununla göstərmək istəyirdilər ki, müsəlman dəyərlərinə belə hörmət edirlər. Halbuki başqa aldığımız fotolar, videolar aydın göstərir ki, onlar İslam dünyasına hansı hörməti göstərirlər.

Məscidlərdə mal-qaraların saxlanılması beynəlxalq hüququn pozulması ilə yanaşı, İslam dünyasına təhqirdir, ümumbəşər dəyərlərə hörmətsizlikdir. Zəngilanda olan məscidin, Hadrutda Alban məbədinin dağıdılmış vəziyyətdə görüntüləri yayılmışdı. Bu, onu göstərir ki, onlar nəinki müsəlman abidələrinə, hətta Alban məbədlərinə də qarşı bu cür hərəkət edirlər.

Digər tərəfdən, ermənilər başqa Alban məbədlərini erməniləşdirərək, torpaqların tarixən onların olmasını iddia etmək məqsədini güdürlər.

- İşğal altında olan torpaqlarımızda olan abidələrin bərpası zamanı Alban məbədləri də təmir olunacaqmı?

- Mütləq. Bizim üçün məscidlər, türbələr, qəbiristanlıqlar necədirsə, qədim Alban abidələri də böyük əhəmiyyət kəsb edir. Onlar bizim tariximiz, mirasımızdır. Məqsədimiz həmin abidələrə əvvəlki ruhu qaytarmaqdır. Biz oraya albanşünas alimləri dəvət edəcəyik.

- Alban məbədlərinin bərpası zamanı xarici ölkələrdən mütəxəssislər gətiriləcəkmi? Gətiriləcəksə, hansı ölkələrin mütəxəssislərinin yardımından istifadə olunacaq?

- Həm yerli, həm xarici mütəxəssislər dəvət olunacaq. Biz istəyirik ki, üstünlüyü xarici ekspertlərə verək ki, onların dedikləri ilə bütün dünyaya məbədlərin erməniləşdirilməsini sübut edək. Bu sahədə çalışan kifayət qədər alimlər var. Onların siyahısının araşdırılması üçün artıq tapşırıq verilib. Bərpa işləri sözügedən ekspertlərin tövsiyələri ilə Alban məbədlərinin köhnə şəkillərinə uyğun olaraq aparılacaq.

- Zəngilanda Səfəvilər dönəmindən qalan şəhər məscidində donuz saxlanılması ilə bağlı məsələ artıq beynəlxalq təşkilatlara təqdim edilibmi?

- Biz bununla bağlı məlumatları mütəmadi olaraq UNESCO-da qaldırırdıq. Bundan əvvəl də Ağdamdakı məsciddə mal-qaranın saxlanılması ilə bağlı fotolar var idi. Bu barədə məlumatlar, şəkillər beynəlxalq təşkilatlara, UNESCO-ya təqdim edilmişdi.

Zəngilandakı məscidlə də bağlı əlavə olaraq, UNESCO-nun baş direktoruna məktub yolladım. Bildirdim ki, ermənilər bütün dünyaya təxribat xarakterli yalan məlumat yayır ki, guya Azərbaycan tərəfi Şuşadakı xristian kilsəsini hədəfə götürüb. Amma bizim ölkəmiz heç vaxt dini abidələri özünə hədəf götürmür, əksinə, biz həmin abidələrin qorunması ilə məşğuluq.

Azərbaycan dövləti erməni kilsəsini paytaxt Bakının mərkəzində təmir edib qoruyur. Ermənilər isə işğal altında olan məscidlərdə mal-qara saxlamaqla müsəlman dünyasını təhqir edir. Yayılan video, fotoları da sübut olaraq göndərmişik. Tərəfimizdən UNESCO, BMT Sivilizasiyalar Alyansı, İCESCO və digər qurumlara baş verən hadisələr barədə ətraflı məlumatı əks etdirən məktublar göndərilib.

- İşğal altında olan torpaqlarımız azad olunandan sonra abidələrlə bağlı hansı layihələrə başlayacaqsınız? Düşmənin dağıtdığı abidələrin bərpası istiqamətində hansı işlər gedir?

- Bununla bağlı böyük planlarımız var. Torpaqlar işğaldan azad olunduqdan sonra bütün sahələr, eyni zamanda, mədəniyyət sahəsi üzrə də bərpa işləri aparılacaq. Oktyabrın 29-da Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında sərəncam verib.

Sənəddə bu il sentyabrın 27-dən sonra azad olunmuş ərazilərdə Azərbaycanın inzibati ərazi bölgüsünə uyğun, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların yaradılması qeyd olunub.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi də müvəqqəti komendantlığın üzvü olacaq. Bu, bir daha onun göstəricisidir ki, cənab Prezident bizim oradakı mədəni abidələrimizə və mədəniyyət müəssisələrinin bərpa edilməsinə nə qədər strateji əhəmiyyət verir.

Biz də cənab Prezidentin mədəniyyətimizə olan diqqət və qayğısını rəhbər tutaraq, sərəncamdan irəli gələn fəaliyyətimizin icrasına həvəslə başlamışıq. Artıq beş rayon üzrə iki nümayəndə müəyyən edilib. Biri mədəniyyət müəssisələri ilə, digəri isə tarix və abidələrlə məşğul olacaqlar.

İşlər və ideyalar, həqiqətən, çoxdur, hamısını reallaşdırmağı planlaşdırırıq. Bu məsələdə həm cəmiyyətimizin, ictimai təşkilatların, gənclərin və hətta media nümayəndələrinin dəstəyinə ehtiyacımız var. Çünki işğaldan zərər çəkmiş mədəniyyətimizin bərpa edilməsi ümumxalq məsələsidir. Bu məqsədlə “Qarabağı bərpa etməyə cümlə hazırız” adlı sosial çarx hazırlanıb.

Sosial videoçarx vasitəsilə mesajımız budur ki, hər birimiz mənfur düşmənin tapdağından azad edilmiş torpaqlarda mədəniyyətimizin bərpası ilə məşğul olmalıyıq.

Ümumiyyətlə, qeyd olunmalıdır ki, bizim hər bir abidəmiz qədim tarixi köklərimizi, kimliyimizi və kollektiv yaddaşımızı əks etdirən bir mirasdır. Əcdadlarımızdan qalan bir mirasdır. Bizim borcumuzdur ki, bunları qoruyub saxlayaq və gələcək nəsillərə ötürək.  

- Bərpa işləri nəyin üzərində qurulacaq? Qədimliyin bərpası, yoxsa o torpaqlara qayıdışı özündə əks etdirən abidələr olacaq?

- Əslində, bu məsələyə abidə-abidə baxacağıq. Çünki hər bir abidənin əhəmiyyətinə və hazırkı vəziyyətinə uyğun olaraq qərar qəbul edilməlidir. Burada iki istiqamət var: bərpa və konservasiya işləri.

Abidənin əhəmiyyətindən və vəziyyətindən asılı olaraq, bərpa işlərinə üstünlük verilə bilər. Lakin unutmamalıyıq ki,  UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması üçün ən vacib məqamlardan biri onun autentikliyinin qorunub saxlanmasıdır. Bəzi hallarda bərpa işlərinin həmin abidələrin autentikliyinə zərər vurmaması üçün yalnız konservasiya işləri ilə məhdudlaşa bilərik. 

Bir sözlə, əgər görsək ki, abidənin bərpası onun müstəsna universal dəyərinə  zərər verəcək, o zaman konservasiya edəcəyik. Bu, daha çox beynəlxalq əhəmiyyətli olan 11 abidəyə aid olacaq.

Yerli əhəmiyyətli abidələrin tam bərpası nəzərdə tutulur. Hər bir halda bu məsələ həm yerli, həm də xarici ekspertlərlə müzakirə ediləcək və bütün rəylər nəzərə alaraq, qərarlar qəbul ediləcək.

- Ola bilərmi ki, dağıdılmış abidə sübut olaraq saxlanılsın və gələcək nəsil üçün bu sərgilənsin ki, vaxtilə bu abidələr ermənilər tərəfindən bu vəziyyətə salınıb?

- Sizinlə tamamilə razıyam. Belə fikirlər də var. Bunların hamısı abidələrdən asılıdır. Biz bu məsələ ilə bağlı birbaşa qərar verməyəcəyik. Mədəniyyət Nazirliyi olaraq bu məsələyə ekspertlər cəlb olunacaq və onlarla birgə qərar qəbul ediləcək. Hər bir abidə ilə bağlı qərar olunacaq. Çünki bütün abidələr bizim üçün dəyərlidir, yaddaş daşıyıcısıdır.

Əsas və ən görkəmli abidələrin yanında hətta interaktiv lövhələrin hazırlanması nəzərdə tutulur ki, bu da öz növbəsində abidənin dağıdılmış vəziyyətini və onun acı tarixini izah edəcək.

- İşğaldan əvvəl həmin ərazilərdə elə abidələr olubmu ki, onlar qeydiyyata alınmayıb? Sizdə belə maddi mədəniyyət nümunələrinin siyahısı varmı?

- İşğal olunan ərazilərdə 2625 daşınmaz tarixi abidə qeydiyyata alınıb. Onlardan yalnız mühafizə olunmaq məqsədilə 706-ı dövlət reyestrinə daxil edilib. Bu  reyestr 2001-ci ildə təsdiq olunub. Həmin vaxtdan 10 il əvvəl işğal faktı baş verib. Digər abidələrin vəziyyətinin necə olması məlum deyil. Bununla bağlı monitorinq missiyası həyata keçiriləcək. Regionlarda yaşayan insanları dinləyəcəyik və onların yaşadığı ərazidə olan abidələri öyrənib, araşdıracağıq.

- Azad olunmuş torpaqlarda ən çox zərər görən abidələr hansılardır?

- Ermənilər daha çox Azərbaycan memarlığına zərər verirlər, məscid, türbələr, qəbiristanlıqlar dağıdılır. Məqsəd həmin ərazilərdə mədəni təmizləmə aparılaraq, azərbaycanlıların orada yaşadığına dair izləri silməkdir. Ən çox zərərə, vandalizmə məruz qalanlar tarixən orada yaşadığımızı sübut edən abidələrdir.

- Bir neçə gün əvvəl ADA Universitetində “Azərbaycanın tarixi və mədəni irsinə qarşı Ermənistanın törətdiyi cinayətlər” mövzusunda xarici ölkələrin diplomatik korpus nümayəndələri və media təmsilçiləri üçün brifinq keçirildi. Siz ermənilərin talan etdiyi abidələrimiz barədə məlumat verdiniz. Diplomatlardan məsələyə hansısa reaksiya gəldimi?

- Sadəcə, bir sıra müsəlman dövlətlərinin diplomatlarından abidələrə qarşı vandalizmlə bağlı məsələyə münasibət oldu. Təəssüf ki, bir çox ölkələrin diplomatlarından hansısa bir reaksiya görmədik.

Etiraf etməliyik ki, bu, ikili standartlardan irəli gəlir. Mən 10 il xaricdə işlədiyim zaman da müşahidə etmişəm ki, bu məsələdə ikili yanaşmalar mövcuddur və bu da çox təəssüfləndirici haldır ki, bizə gələndə beynəlxalq humanitar hüquqa diqqət, həssaslıq görməmişik…

- Siz bildirdiniz ki, ermənilər tərəfindən bizim daşına bilən maddi mədəniyyət abidələri hərraca çıxarılır. Bunları əldə etmək üçün nazirlik tərəfindən iş aparılır. Əldə olunanlar harada saxlanılır? Bunlar, əsasən, hansılardır? O nümunələri əldə etməyə çalışarkən siz, eyni zamanda, məsələ ilə bağlı beynəlxalq təşkilatları məlumatlandırırsınızmı?

- Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə muzeylərin mülkiyyətində olan əlyazmalar və digər dəyərli eksponatlar da yoxa çıxarılıb.  Yaxud da onlar oğurlanaraq, “qara bazarlarda” satışa çıxarılıb. Həmçinin, Azərbaycanın xalçaçılıq sənətinin dəyərli nümunələri talan edilib.

Bütün bu faktlarla bağlı monitorinqlər aparılır, yoxlanılır. Bir neçə Qarabağ xalçasının hərraclarda satılmasını aşkarlamışıq. Hazırda müvafiq iş aparılır ki, XVIII-XIX əsrə aid xalçaları əldə edək və Azərbaycana gətirək.

Hesab edirəm ki, çox önəmli bir məsələdir. Biz mirasımızı öz xalqımıza qaytarırıq. Bununla da həmin o nümunələri cəmiyyətimizə nümayiş etdirəcəyik. Azad edilmiş torpaqlarda muzeylər dağıdılıb, məhv edilib. Həmin ərazilərdə yeni muzeylər tikiləndən sonra xalçaları orada saxlayacağıq. Bununla da o, əsərləri öz torpaqlarına qaytaracağıq.

Mədəniyyət Nazirliyin hamısını izləmə imkanı yoxdur. Biz istərdik ki, vətəndaşlar, xaricdə yaşayan təşkilat rəhbərlərimiz internetdə bizə aid məlumatlar görən zaman dərhal bizimlə əlaqə saxlasınlar. Mən sizi əmin edə bilərəm ki, biz buna reaksiya verəcəyik və əşyaların alınması istiqamətində müvafiq tədbirlər görəcəyik ki, onları ölkəmizə qaytaraq.

- Separatçı quldur rejimin rəhbəri Araik Arutyunyan riyakarcasına Şuşada dua edəndə ayağının altında Qarabağ xalçası vardı. Şübhəsizdir ki, bu da bizdən oğurladığı maddi mədəniyyət nümunələrindən biridir. Beynəlxalq təşkilatlara müraciət edəndə belə faktlar göz önünə alınacaqmı?

- Bilirsiniz, xalçanın kim tərəfdən tikilib-tikilməsi ilə bağlı mənimsəmə faktına beynəlxalq təşkilatlar qərar vermirlər. Onlara əsas vacib odur ki, hər hansı bir muzeydən qeyri-qanuni eksponat çıxarılıbsa, bu, cinayət faktdır. Bu UNESCO-nun 1970-ci il ölkədən qeyri-qanuni mədəni sərvətlərin çıxarılması haqqında Konvensiyanın pozulmasıdır. Bununla yanaşı, müəllif hüquqlarının qorunmaması ilə bağlı beynəlxalq təşkilat var ki, belə məsələlərə münasibət bildirir.

Biz Müəllif Hüquqları üzrə Agentliklə birlikdə Qarabağ xalçalarında olan ornamentlərin azərbaycanlılara məxsus olması məsələsini beynəlxalq təşkilatlar qarşısında qaldırılması istiqamətində müvafiq tədbirlər görəcəyik.

Qaldı ki, separatçı quldur rejimin rəhbəri Araik Arutyunyan Şuşada dua edəndə ayağının altında olan Qarabağ xalçası məsələsinə, inşallah, torpaqlarımız azad olunan zaman biz o xalçanı əsl sahiblərinə qaytaracağıq…

- Bildiyimiz qədərilə, Füzulidə doğulmusunuz. Oraya səfər etməyi planlaşdırırsınızmı?

- Uşaqlığım orada keçib. Sonuncu dəfə 1990-cı ildə orada səfərdə olmuşam. Yaddaşımda tətil vaxtlarında oraya getməyim qalıb. Yenidən o ərazilərə səfər etməyi, görməyi çox istərdim.

- Bildiyimiz kimi, siz mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunmamışdan əvvəl Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi idiniz. Orada əsas fəaliyyət istiqamətiniz nə idi? Zəhmət olmasa, bu barədə məlumat verərdiniz.

- UNESCO-da çalışdığım 10 il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqətini, bir çox məsələdə dəstəklərini gördüm. Məqsədimiz Azərbaycanın zəngin mədəniyyətini təbliğ etməkdir.

Mən olan zamanda 10-a yaxın qeyri-maddi-mədəni nümunələr UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salınıb. Dolmanın Azərbaycan mətbəxinə məxsus olması ilə bağlı prosesdə həm UNESCO, həm də Ermənistan tərəfindən böyük bir müqavimətlə qarşılaşdıq.

Çövkən oyununun siyahıya daxil edilməsi bizim üçün qələbə idi. Bu, həm mədəni, həm də siyasi əhəmiyyət daşıyırdı. Buna nail olduq və sübut etdik ki, Qarabağla bağlı olan ənənələr Azərbaycana aiddir. Həmin oyun hazırda təhlükədə olan siyahıdadır.

Azərbaycan işğala məruz qaldığı üçün atlar həmin ərazidən köçürülməli olub. Həmin mühitdən ayrıldıqları üçün atların yaşaması təhlükə altına alındı. Biz torpaqlarımızı azad etdikdən sonra Şuşadakı Cıdır düzündə Çövkən oyunu keçirəcəyik.

Eyni zamanda, biz UNESCO-da Nəsimi, Məhsəti Gəncəvi, Füzuli və digər dahi şəxsiyyətlərimizin yubiley tədbirlərini keçirmişik. Biz sübut etdik ki, Azərbaycanın tarixi, mədəniyyəti zəngindir və uzun əsrlərə gedib çıxır.

Yekunda demək istəyirəm ki, bizim amalımız odur ki, doğma Şuşaya qayıdaq və Şuşanın ruhunu bərpa edək. Mənim üçün Şuşa xüsusi yer tutur. Biz itirilmiş Şuşanı yenidən qaytarmalıyıq. Ora bizim mədəniyyətimizin beşiyidir, bünövrəsidir. Oradan şanlı, mərd insanlar çıxıb.

Bundan sonra da oradan Araik Arutyunyan kimi insanlar yox, Üzeyir bəy Hacıbəyli, şairə Xurşudbanu Natəvan, Molla Pənah Vaqif kimi şəxsiyyətlər çıxmalıdır. Oranı yenə də bizim övladlarımızın məkanı və mədəniyyətimizin mərkəzi etməliyik…

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri