25 
Okt
2021
14:52
42
212
8102
Virtual karabakh

Əri başqası ilə evləndi, intim təklifə görə rejissora şillə vurdu, qorxudan xəstəliyə tutuldu...

Bu gün Xalq artisti Nəcibə Məlikovanın doğum günüdür.

Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.

Nəcibə Haşım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. Evin sonbeşiyi olan Nəcibə Məlikovanın atası Haşım bəy Saqib həm şair idi, həm də Bakının ən məşhur tacirlərindən biri olub. Bakı şairlərinin əsərlərindən ibarət almanaxlarda onun da şeirləri dəfələrlə çap olunub, kitabları işıq üzü görüb. Anası Xoşsima xanım isə komsomolçu fəallardan idi. Lakin Xoşsima xanımın qardaşı - böyük ictimai xadim, 1938-ci ilin yayında repressiya olunmuş Ruhulla Axundov tutulandan sonra onun da ictimai həyatına son qoyulur. Məlikovlar ailəsini isə “xalq düşməninin ailəsi” adlandırırlar. Bundan sonra bütün qapılar onların üzünə bağlanır.

Aktrisa Nəcibə Məlikovanın uşaqlıqdan bircə arzusu var idi. O, məktəbi qurtarıb Tibb İnstitutuna daxil olmaq, həkim işləmək istəyirdi. Lakin “xalq düşməni”nin bacısı qızı olduğuna görə, arzusu ürəyində qalır. Buna baxmayaraq, atası Haşim bəy Saqibin ziyalı olması, sənəti yaxşı bilməsi övladlarına həyatda uğurlu yol seçməyə kömək edir.

Nəcibə xanımın böyük bacısı Nuriyyə Məlikova nəinki Azərbaycanın, bütün Şərqin ilk rəqqasəsi kimi tanınır. O, dahi Üzeyir Hacıbəyovun ansamblında çalışır və müxtəlif xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edir. Nəcibə Məlikova isə məcburiyyətdən həyatını aktrisalığa bağlamaq qərarına gəlir. 10-cu sinfi qurtarandan sonra sənədlərini könlü olmadan Teatr İnstitutuna verdi və Fatma Qədrinin sinfinə qəbul olundu.

Təhsilini başa vuran gənc aktrisa öz arzusu ilə Gəncə Teatrına işləməyə gedir. Bir-birinin ardınca yaratdığı obrazlar dildən-dilə düşür. Cəfər Cabbarlının “Yaşar” əsərinin tamaşasında oynadığı Yaqut obrazı isə onun Gəncə teatrında ən böyük uğuru hesab olunur.

Elə Gəncədə işlədiyi zaman Nüsrəddin adlı imkanlı ailədən olan bir kişi ilə tanış olur. Nüsrəddin o zaman bir dəfə ailəli olub sonra ayrılıb. Bu evlilikdən isə onun oğlu da doğulub. Lakin Nəcibə xanım Nüsrəddinlə tanış olan ilk gündən ona bağlanır və qarşı tərəfin evlilik təklifinə razılıq verir, evlənirlər.

Həyatının belə bir dönəmində gənc aktrisa həm də Bakıda təzəcə açılmış Teatr İnstitutuna qəbul olunur. Burada Ədil İsgəndərovdan, Rza Təhmasibdən sənət dərsləri alır.

***

Nəcibə sənət dərsini gözəl mənimsəyir, ali təhsil alır, Milli Dram Teatrında işləməyə başlayır. Hüseyn Cavidin “Şeyx Sənan” tamaşasında Xumar, “Səyavuş”da Firəngiz, Cəfər Cabbarlının “Aydın”ında Böyükxanım, “Sevil”də Edilya kimi fərqli, mürəkkəb xarakterli obrazlar yaradır. Komediya janrı da Nəcibə Məlikovanin sənət taleyində bir xətt kimi keçir. Sabit Rəhmanın “Əliqulu evlənir” tamaşasında Yasəmən, Şıxəli Qurbanovun “Əcəb işə düşdük” pyesində Məlahət, M.F.Axundzadənin “Lənkəran xanının vəziri”ndə Şölə kimi obrazlara imza atıb.

Həyat yoldaşı da onu, sənətini sevir. Onların artıq iki oğul övladları var, biri yoldaşının ilk nikahından, digəri isə Həcibə xanımla olan sevgisinin nübarı. Nəcibə xanım oğluna atasının adını verir – Saqib. Nüsrəddinin ilk nikahından olan oğlu, Nəcibə xanımın oğulluğu əvvəlcə atasını bu qadınla görməyi qəbul edə bilmir. Sonra isə doğmalaşırlar.

***

Fuad Əsədov Nəcibə xanımın ölümündən çox-çox sonralar verdiyi müsahibəsində deyir:

“Məni Gəncədə nənəmlə-babam saxlayıb böyüdüblər. Nəcibə xanımı tanıyanda ağlı kəsən uşaq idim, onu ana kimi qəbul edə bilmədim, amma inanın səmimiyyətimə, sonralar əsl ana sevgisini onda gördüm və mən də özümdə onu hiss etdim. Saqiblə aramızda ögeylik olmadı, bu, onun qoyduğu özül idi. Hər işdə deyirdi ki, Saqib, sənin böyük qardaşın var. Özü ilə hər yerə məni aparardı, Saqibə deyirdi, gələn dəfə səni apararam”.

Aktrisanın öz qayınanası - iddialı xan qızı gəlininin aktrisa olmasını həzm edə bilmir. Nəcibə xanım özü qayınana sarıdan çox əziyyətlər çəkir, o qədər dözür ki, bir gün onlara qonaq gələn Ədil İsgəndərov dözməyib onlardan çıxanda, Nəcibə xanımın qayınanasına deyir, Xanım xala, səndən kino çəkəcəm. Bir gün isə Nəcibə Məlikovaya ssenarini oxuması üçün verir. Aktrisalığı bir yana, bir mərd, ağayana azərbaycanlı xanım olan Nəcibə özü ssenaridə bəzi dəyişikliklər edir. Onun həyat yoldaşı həqiqətən də yol mühəndisidir, amma dövlət təhlükəsizliyi orqanlarında çalışıb. İsmayıl oğulluğu Fuaddır, filmdə Cəmilə kimi verilən Saqibin obrazıdır. Bu cür xırda dəyişikliklər, görünür, tamaşaçını əsl həqiqətdən yayındırmağa xidmət edib. Nəcibə xanım isə Dilarə rolunda özünü oynayıb. Ona görə də bu təbiilik illər keçməsinə rəğmən filmi sevdirir.

Yaxın ətrafının dediyinə görə, aktrisa gözəl, bacarıqlı, şöhrətli olduğu qədər də çox sadə insan olub. Çox dadlı xörəklər hazırlayıb. Günlərin birində isə məşhur rejissorlardan biri Nəcibə xanıma bir rol təklif edir. Lakin rol qarşılığında o, aktrisaya intim təklif edir. Bundan hiddətlənən aktrisa rejissora şillə vurur. Sonralar bu hadisəni elə həmin rejissorun özü sənət camiəsində danışarmış.

Ancaq ailədə təəssüf ki, Nəcibə Məlikovanın sədaqətinin qarşılığı eyni olmur. Fuadla, Saqibin atası Nüsrəddin həm vəzifə adamı, həm də hədsiz yaraşıqlı bir kişi olub. Həyatında çox qadınlar olub, birinci xanımı da ondan buna görə ayrılıbmış. Nəcibə xanımla ailə qurandan sonra da o, bu vərdişindən əl çəkməyib. Nəcibə xanım isə hər dəfə bu barədə eşidəndə “O, heç kimin arxasınca düşmür, onun arxasınca düşürlər”, - deyirmiş.

***

Günlərin birində isə Nusrəddin evə gəlib başqası ilə evləndiyini deyir. Nəcibə xanım səssizcə oğlunu da götürüb çıxıb gedir, amma böyük oğul dediyi oğulluğundan da ayrılmır. Bir müddət sonra isə Nüsrəddin 30 yaşında faciəli surətdə dünyasını dəyişir. Ailənin məsuliyyətini təkbaşına zərif çiyinlərində daşıyan Nəcibə Məlikova 29 yaşında dul qalır, amma heç vaxt ailə qurmur.

Yaşar Nuri bir dəfə aktrisa haqqında danışarkən deyir:

“O dövrün bütün uşaqları kimi mən də İsmayıl və Dilarəni həyatda görüb tanımaq arzusunda idim. Tale elə gətirdi ki, hər ikisi ilə həyatda dostlaşdıq. Nəcibə xanımla bir səhnəni bölüşdük, tərəf müqabili olduq. Bir dəfə söhbət əsnasında dedim ki, Buzovnanı görməmişəm. Məşqdən çıxdıq, məni oturtdu maşına apardı birbaşa Buzovnaya, “Yekə kişidir, hələ Buzovnanı görməyib”, - dedi. Çox gözəl qadın, gözəl insan, əvəzsiz aktrisa idi”.

***

Teatrda qazandığı uğurlar çox keçmədi kinoda onu izləməyə başladı. Dilarə onun kino yaradıcılığının şah obrazıdır. Bəs, “Arşın mal alan”da bəyzadə Cahan, “Əhməd haradadır?”da qoçaq Nərgiz, “Leyli və Məcnun”da şahanə duruşu ilə “Qızsan, ucuz olma, qədrini bil”, - deyən ana... Hər biri yüksək əxlaq nümunəsi, xeyirxah insan, cazibədar qadın və bunların hamısı Nəcibə xanımın özünə xas olan xüsusiyyətlərdir.

Tərəf müqabili Elxan Qasımov:

“Əhməd haradadır?” filmində bir rəqs səhnəmiz vardı, rəqs müəllimi gəlib çıxmadı özümüz oynamalı olduq. Çox gözəl rəqs etməyi vardı, “Əhməd hardadır?” filmində də rəqs səhnəsinə məşqsiz çəkilmişdi. O qədər oynadıq ki, çəkiliş qrupu işini qurtarıb bizi gözləyirdi. Maşını qaçırdığı səhnədə isə həqiqətən də saxlaya bilmirdi, mən çatdırıb əyləci basmışdım və Nəcibə xanımın ayağını da möhkəm tapdamışdım, çəkiliş pozulmasın deyə səsini çıxartmamışdı. Çox amiranə qadın idi, əsl ana idi, həyatda da, kinoda da. Ədil İskəndərov onu bütün səpgili obrazlara çəkmişdi. “Qanun naminə”də Zərrintac hara, Nərgiz xala hara?! Yaxşı nərd oynayardı, bir dəfə kinostudiyada nərddə hamını udan bir kişi xeylağına qələbə çaldı. Hamı yığışıb oyuna baxırdı, işıqçı Əliqulu o atan nərdin daşını atdı”.

***

Azərbaycan teatr və kino sənətinə adını əbədi yazdı Nəcibə Məlikova. Ömrünün sonuna qədər Dram Teatrında və “Azərbaycanfilm” kinostudiyasında çalışır. SSRİ xalq artisti fəxri adına qədər çatır. Hindistanda qastrol zamanı ağacdan üstünə qəfil atılan meymundan qorxduğundan şəkər xəstəliyinə tutulur. O bəla da 70 yaşında onu aparır. Ölüm ayağında anası Xoşsimanın adını verdiyi nəvəsi, Saqibin qızı soruşur ki, nənə, indi yanında kimi görmək istərdin? Nəcibə xanım yarışüurlu vəziyyətdə “Yalnız Nüsrəddini” – deyib, arzusuna çatmaq üçün 1992-ci il 27 iyulda gözlərini həmişəlik yumur.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri