27 
Okt
2021
16:26
45
163
10023
Virtual karabakh

Sevgisi cavabsız qalan, heç bir şeiri işıq üzü görməyən, üç dəfə dəfn olunan şair - FOTO/VİDEO

27 Okt, 2021
16:26
10023

Sevgisi cavabsız qalan, heç bir şeiri işıq üzü görməyən, üç dəfə dəfn olunan şair - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nikoloz Barataşvili (1817-1845) Gürcüstan poeziyasında Şota Rustavelidən sonra ikinci görkəmli şair hesab olunur. Çətin taleli, 28 il ömür yaşamış romantik şair və tərcüməçinin həyatı Azərbaycanla bağlı olub, yalnız vəfatından uzun illər sonra Gürcüstanın ən tanınmış şairlərindən birinə çevrilib.

“Report”un yerli bürosunun əməkdaşları gürcü poeziyasına yeni ruh vermiş N.Barataşvilinin Tbilisidəki ev-muzeyini ziyarət ediblər və sərgilənən eksponatlarla tanış olublar.

Üç dəfə dəfn olunan şair

Gürcü ədəbiyyatının klassiki 1844-cü ildə atası knyaz Meliton Barataşvilinin müflis olmasından sonra vətənini tərk etməyə və dövlət xidmətində çalışmağa məcbur olub. O, əvvəlcə Naxçıvanda, daha sonra isə Gəncədə çalışıb.

N.Barataşvili 1845-ci ilin oktyabrın 21-də malyariyadan vəfat edib. Gəncədə xristian kilsəsinin həyətində dəfn olunan N.Barataşvilinin nəşi 48 ildən sonra - 1893-cü ildə görkəmli gürcü ədib, ictimai xadim İlya Çavçavadzenin təşkilatçılığı ilə Tbilisiyə aparılıb və Didube panteonunda torpağa tapşırılıb. Bundan 45 ildən sonra isə şair Gürcüstanın görkəmli ictimai xadimlərinin Tbilisidəki Mtatsminda panteonunda təkrar dəfn olunub.

Şairin sağlığında heç bir əsəri işıq üzü görməyib. Onun şeirlərindən ibarət ilk toplu vəfatından bir neçə on il sonra nəşr olunub. Dahi poetik şairin 37 şeiri, “Gürcüstanın taleyi” adlı bir tarixi poeması və 20-yə yaxın şəxsi məktubu qalıb.

Ədibin şəxsi həyatda da bəxti gətirməyib. O, şair, ictimai xadim və knyaz Aleksandr Çavçavadzenin qızı Yekaterina Çavçavadzeyə aşiq olub, amma məhəbbəti cavabsız qalıb. N.Barataşvilinin knyaz qızına həsr etdiyi şeirləri sevgi lirikasının ən parlaq nümunələrindən biri hesab olunur.

Ədibin azərbaycanlı şairə və xanəndə ilə münasibətləri

“Tato” ləqəbli şairin Naxçıvan dövrü 1844-cü ilin noyabrından 1845-ci ilin martına qədər olan dövrü əhatə edib. Vətəndən və dostlarından uzaqda olan şair özünü unudulmuş hiss edib. O, yaxın dostu və qohumu Maiko xanım Orbelianiyə ünvanladığı məktublarından birində yazır: “Artıq üç aydır buradayam və heç kəs məni yada salmayıb”.

Şairin sirdaşına Naxçıvandan göndərdiyi və gənc şairə Qönçəbəyim haqqında yazdığı bir məktub diqqət çəkir: “Qönçəbəyim adlı qadının 18 yaşı var. O, xan qızıdır, gözəl və cazibədardır. O, 12 yaşında olanda məcburən ərə verilib. Yazıq həyat yoldaşından çox şikayətlənir, ondan ayrılmaq istəyir. Onun həyatını bilsəydiniz - bu, gözəl romandır”. Məktubunda gənc şairənin bir şeirini təsvir edən N.Barataşvili vurğulayıb: “Ondan xahiş edəcəyəm ki, bu şeiri yazsın və sənə tərcüməsi ilə bir yerdə göndərəcəyəm. Hesab edirəm ki, Səttar bu şeiri bilməlidir”. Şairin azərbaycanlı xanımın şeirini tərcümə edib-etmədiyi məlum deyil.

Qönçəbəyim xanım Naxçıvanın sonuncu xanı Ehsan xan Kəngərlinin qızı (bəzi mənbələr bu qohumluq əlaqəsini təsdiqləmir), Səttar isə XIX əsrdə Azərbaycanda və İranda ən tanınmış xanəndələrdən biri olub. Tiflisdə də məşhur olan ifaçı bir müddət Naxçıvanda yaşayıb. Gürcü şair azərbaycanlı muğam ifaçısı ilə dostluq edib, gürcü yazıçı və publisist İona Meunargiyanın (1852-1919) yazdığına əsasən, N.Barataşvili Səttarın ifasını ilk dinləyənlərdən və heyranlarından biri olub.

Şair Naxçıvanda da şeirlər qələmə alıb, onlardan yalnız ikisi günümüzə qədər gəlib çatıb. Həmin əsərlərin Qönçəbəyimə həsr olunduğu bildirilir. N.Barataşvilinin irsinin bəzi araşdırmaçıları azərbaycanlı xanımın şairin son məhəbbəti olduğunu istisna etmirlər. Lakin şair bir məktubunda Qönçəbəyimə xüsusi münasibətinin olduğunu təkzib edərək vurğulayıb ki, xanımı həyat yoldaşı ilə barışdırıb.

O, 1845-ci ilin iyun ayında Yelizavetpol qəzasının (indiki Gəncə) rəisi Mamuka Orbelianinin köməkçisi vəzifəsinə təyinat alıb və həmin ilin oktyabrında vəfat edib. 1968-ci ildə gürcü şair Simon Çikovani N.Barataşvilinin vəfatına “Gəncə gündəliyi” adlı lirik poema yazıb.

Unikallığı olan muzey

Şairin xatirə ev-muzeyi Tbilisidə N.Barataşvilinin adını daşıyan mərkəzi prospekt, körpü və heykəlinə yaxın ərazidə yerləşir. 90-cı illərdən açılan muzey ikimərtəbəli tarixi binanın birinci mərtəbəsində fəaliyyət göstərir. Muzey 2016-cı ildə Tbilisinin Muzeylər Birliyinin tabeliyinə verilib.

Birliyin baş direktoru Nini Sanadiradze bildirib ki, muzeyin yerləşdiyi bina mədəni irs nümunəsidir:

“Muzey 2017-ci ildə bərpa olunub və iki zaldan ibarətdir. “Yaşıl otaq” Nikoloz Barataşvilinin dövrünü əks etdirən məkandır və burada xatirə əşyaları yer alıb. Əşyaların bir qismi şairin özünə məxsus olanlardır, bəziləri isə onun vərəsələri və ailə üzvlərindən toplanıb. İkinci zal isə interaktivdir. Ziyarətçilərə bu məkanda installyasiya, multimedia və audiovizual vasitələrlə şairin yaradıcılığı ilə yaxından tanış olmaq imkanı verilir”.

Muzeyin ikinci zalı holoqrafik ekspozisiyadan ibarətdir. Unikal vizual vasitələrlə N.Barataşvili aktyorlar Nikoloz Nanitaşvili və Giorgi Kaçaxidzenin təqdimatında canlandırılır, şairin şeirləri səsləndirilir, onun dövrünə aid Tbilisinin mühiti barədə təsirli təəssüratlar yaradılır. Zalda şairin Gürcüstanda dillər əzbəri olan və şairin əsərlərinin tacı adlandırılan “Merani” şeirinin əsas obrazlarından biri - atın vizual effektlərlə sürətlə “yürüdüyü”nü də görmək mümkündür.

Tar, qaval və tütək

Məkandakı eksponatlar arasında tar, qaval və tütək böyük maraq və diqqətə səbəb olur. Müsahibimizdən şüşə lövhə arxasındakı hücrədə yerləşdirilən alətlər barədə maraqlanırıq.

N.Sanadiradze musiqi alətlərinin Azərbaycana aidiyyətinin olmadığını söyləyib: “Səttar Nikoloz Barataşvilinin böyük dostu olub. Onlar bir-birinə qarşılıqlı hörmət bəsləyiblər. Bu barədə müxtəlif məktublarda söz açılıb. Bunu və Tbilisinin odövrkü ab-havasını vurğulamaq üçün muzeydə musiqi alətləri də sərgilənir”.

Barataşvilinin Azərbaycan-Gürcüstan əlaqələrindəki xüsusi yeri

Birlik rəhbərinin sözlərinə görə, şair çox qısa ömür yaşasa da, kifayət qədər böyük epistolyar və ədəbi irs qoyub:

“Nikoloz Barataşvilinin həm Gürcüstan, həm də Azərbaycandakı həyatına aid materiallar çox azdır. Demək olar ki, yazılı və maddi materiallar qalmayıb”.

N.Sanadiradze muzeydə şairin Azərbaycandakı həyatı və fəaliyyətinə həsr olunan tədbirlərin də keçirildiyini qeyd edib:

“Qönçəbəyimlə bağlı da müxtəlif ədəbi görüşlər təşkil olunur və araşdırmaçılar onun Nikoloz Barataşvili ilə münasibətləri və Azərbaycandakı həyatına dair çox maraqlı faktlar barədə məlumat verirlər”.

Görkəmli şair Azərbaycan-Gürcüstan mədəni əlaqələrində xüsusi yer tutmaqda davam edir. Belə ki, 2017-ci ildə N.Barataşvilinin 200 illik yubileyinin UNESCO-nun beynəlxalq əhəmiyyətli tədbirlər siyahısına daxil edilməsinin əsas təşəbbüskarlarından biri məhz Azərbaycan olub.

Gürcüstan və Azərbaycan arasında çoxəsrlik dostluq münasibətlərində böyük iz buraxmış N.Barataşvilinin muzeyinin ziyarətçiləri arasında azərbaycanlılar azlıq təşkil edir. Bu, gürcü şairin Azərbaycandakı həyat və fəaliyyəti, iki xalq arasında dostluq münasibətlərinə verdiyi töhfələrlə bağlı hərtərəfli araşdırmalar və təbliğatın aparılmadığını sübut edir. Mədəniyyət ocağı bu sahədə azərbaycanlı tarixçilər və tədqiqatçılarla əməkdaşlığa hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri