13 
Noy
2021
20:08
133
34
3191
Virtual karabakh

Dünən “teatrlar açılsın” deyib dad döyürdük, bəs bu gün vəziyyət necədir? - ARAŞDIRMA

13 Noy, 2021
20:08
3191

Dünən “teatrlar açılsın” deyib dad döyürdük, bəs bu gün vəziyyət necədir? - ARAŞDIRMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Düz il yarımdan sonra – oktyabr ayının 1-dən etibarən COVID-19 pandemiyasına görə qoyulan xüsusi karantin qaydalarının ən çox təsir etdiyi sahələrdən biri - teatrların fəaliyyəti bərpa edildi. Teatrların açılmasına ümumi tutumun 50 faizdən çox olmaması şərtilə icazə verildi. Tamaşaya baxmaqdan zövq almaq istəyən vətəndaşın isə mütləq şəkildə COVID-19 pasportu və ya COVID-19 infeksiyası əleyhinə peyvəndə əks göstəriş sertifikatı olmalıdır.

Dünənə qədər "teatrlar açılsın" deyib dad döyənlər - aktyor və tamaşaçılarımız, görəsən, qadağa götürüləndən sonra istəklərini hansı səviyyədə gerçəkləşdirə bilirlər? Aktyorlar formadadırlarmı? Tamaşaçıların teatr şövqü necədir? Teatrlara gələn varmı? Yoxsa elə hər şey sosial şəbəkələrdə özünü teatr fədaisi göstərmək üçün idi?

“Kaspi” qəzetinin əməkdaşları mövzu ilə bağlı araşdırma aparıblar.

Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov deyir ki, formadan düşməmək üçün bütün pandemiya dövrünü boş oturmadıq. İmkan və şərait düşdükcə pandemiya qaydalarına uyğun şəkildə, sosial məsafə saxlamaqla məşqləri davam etdirdik: "Nə ruhdan düşdük, nə formadan. Oktyabrın 16-da Sumqayıt Dövlət Dram Teatrında yeni mövsümün açılışı oldu. Teatrlar bağlanmamışdan planlaşdırdığımız tamaşanı – "Uşaqlıq" tamaşasını səhnəyə qoyduq. Qeyd edim ki, bu tamaşanı 2020-ci ilin martın 15-də ictimai baxışa vermişdik. Və elə həmin gündən də pandemiya elan olundu, təəssüf ki, tamaşa qaldı. Pandemiya dövründə ara-sıra görüşlərimizin nəticəsi idi ki, tamaşa cəmi 3-4 məşqdən sonra artıq səhnə üçün tam hazır oldu. Və biz heç bir çətinlik olmadan teatrı açıq elan etdik.

Yenilik kimi bu dəfə tamaşaçıları da səhnəyə dəvət etdik. Yəni aktyorlar tamaşaçıların iki addımlığında oynayırdılar. Bu, bir qədər çətin olsa da, çox maraqlı alındı. Yəni çalışdıq ki, formatda bir yenilik, bir dəyişiklik edək. Qoy onlar da səhnənin ab-havasını duya bilsinlər. Məncə, çox maraqlı da alındı. Tamaşaçıların mənəvi aclığı da dərhal hiss olunurdu. Və məni ən çox sevindirən bu oldu ki, nəzərdə tutulmuş saydan daha çox tamaşaçı axını gördük. Hətta yer olmadığına görə məyus olub gedənlər də çox oldu. Biz onları digər tamaşalarımıza gəlməyə dəvət etdik. İnanın ki, aktyorların da, tamaşaçıların da səhnə üçün darıxdıqları aşkar hiss olunurdu”.

Rejissor bildirdi ki, 44 günlük müharibənin şanlı zəfərinə həsr olunmuş "Missiya" adlı tamaşa da hazırlayıblar: "Noyabrın 6-da onu da səhnəyə qoyduq. Qazilərimizi, müharibə iştirakçılarını dəvət etdik.  Əsər 1992-ci ildə Şuşada şəhid olan ata, 2021-ci ildə Şuşa fatehi olan oğuldan bəhs edən qəhrəmanlıq dramıdır. Və çox pozitiv ruhludur. Düşünürəm ki, çox gözəl də tamaşa alınıb. Bundan başqa, hər gün 3-4 məşq gedir, əvvəlki repertuarımız yenilənir".

Teatrşünas Vidadi Qafarovun fikrincə, pandemiya qadağalarının götürülməsi və teatrların açılması Azərbaycanın mədəni həyatında böyük bir hadisə idi: "Bütün teatrlar bu hadisəyə çox qısa müddətdə böyük həvəslə hazırlaşdılar. Hər kəsin darıxdığı hiss olunurdu. Sevindirici hal budur ki,  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Ölülər" tamaşasını izləməyə getdim. Və böyük bir tamaşaçı növbəsi gördüm. Pandemiya şəraitinə görə teatrların zal tutumlarının cəmi 50 faizinə icazə var. Buna görə də, müəyyən qədər tamaşaçı hətta bilet ala bilməyərək geri qayıdıb”.

Teatrşünas deyir ki, bütün teatrlarda əvvəlki repertuar çox qısa bir zamanda  bərpa olundu, hətta yeni tamaşalar da səhnəyə qoyulub: "Tamaşalar artıq mütəmadi şəkildə səhnəyə qoyulur. Məsələn, Akademik Milli Dram Teatrında,  təmirlə əlaqədar tamaşalarını hələlik Kukla Teatrında göstərən Dövlət Gənc Tamaşaçılar Teatrında da əvvəlki tamaşalar bərpa olunub və təqdim edilib. Digər tərəfdən, tamaşaçıların da aclığı hiss olunur. Belə görünür ki, həqiqətən də teatr üçün çox  darıxıblar”.

Vidadi Qafarov vurğuladı ki, Mədəniyyət Nazirliyi və "Teatro.az” sənət portalı xalqımızın Vətən müharibəsində qazandığı tarixi zəfəri səhnə əsərlərində yaşatmaq, eləcə də pandemiya dövrünün məlum reallıqları üzündən durğunlaşmış milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədilə "4.4 Qısa Tamaşalar Festivalı”na (QTF) tamaşa qəbulu elan etmişdi: "Bu festival noyabrın 1-5-i arası baş tutdu. Festivala böyük maraq vardı. 20-dən çox əsər təşkilat komitəsinə təqdim olunmuşdu. Təkcə Bakıdan deyil, Ağdamdan, Şəkidən, Sumqayıtdan, Lənkərandan da tamaşalar göndərilmişdi. Və 5 gün ərzində hamısı yayımlandı. Burda da teatrların festivala marağı, qalib olmaq cəhdi göstərir ki, teatra maraq qətiyyən itməyib. Nəzərə alsaq ki, festivala tamaşa qəbulu pandemiya qaydalarının ləğvindən öncə elan olunub, gələn tamaşa nümunələrini sayı və keyfiyyəti çox ürəkaçandır. Və tamaşalar videoformatda olduğundan, teatr səhnəsində  yayımlandı, peşəkar münsiflər tərəfindən mükafatlandırıldı. Qaliblər pul mükafatı və diplomlarla təltif olundu. Yəni teatrlarımız nəinki aktiv şəkildə fəaliyyətini bərpa edib, həm də belə bir gözəl müsabiqələr təşkil olunur. İlkin təəssürat belədir ki, teatrlara axın var. Hələ ki, hər şey yaxşıdır”.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri