Dek
2021
18:12
231
17
1474
Virtual karabakh

Aşıq Ələsgər yaradıcılığı Almaniyada

7 Dek, 2021
18:12
1474

Aşıq Ələsgər yaradıcılığı Almaniyada

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aşıq Ələsgərin 200 illik yubileyi ərəfəsində bu böyük sənətkarın yaradıcılığına həsr olunan kitab və məqalələrin alman dilində nəşr olunması maraqla qarşılandı. Bu baxımdan Alman-Azərbaycan Cəmiyyətinin üzvlərinin apardıqları araşdırmalar nəticəsində nadir bir nümunə - vaxtilə alman tədqiqatçısı Sepp Österreicherin professor Sərxan Abdullayevlə birgə yazdıqları “Aschyg Alesker - Gedichte” kitabı da diqqət çəkir.

Aşıq Ələsgərin 150 illik yubileyinə həsr olunmuş həmin kitab alman dilində 1972-ci ildə Azərbaycan Nəşriyyatında çap edilib. Kitabda seçmə şer, qəzəl və dastanların yer alması ilə Dədə Ələsgərin yığcam yaradıcılıq mənzərəsi təsvir olunub.

1991-ci ilin may ayında Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Köln şəhərində keçirilən Azərbaycan mədəniyyəti həftəsi çərçivəsində Aşıq Ələsgərin 170 illiyinin qeyd olunması əlamətdar hadisə idi. Ona görə əlamətdar idi ki, sovetlər dönəmində keçirilən yubiley tədbirində Göyçəli Aşıq Hacı Bayramov və Aşıq Gülarə Azaflının ifaları zamanı salonda üçrəngli bayrağımız dalğalandırıldı.

Bu, Azərbaycanı müstəqilliyə aparan yolun müjdəsi idi. Konsert zamanı aşıq sənətinə olan sevgi Türkiyə və İrandan olan soydaşlarımızın göz yaşları ilə müşayiət olundu.

Mədəniyyət həftəsinin Türkiyənin “Hürriyyət” qəzeti ilə yanaşı, alman mətbuatında da işıqlandırılması Azərbaycan ozan sənətinə olan yüksək marağın təzahürü idi.

Aşıq Ələsgər yaradıcılığı Almaniyada xüsusi maraq kəsb etdiyi üçün Cəmiyyətin “Leyli” jurnalında Əli Yaquboğlunun imzası ilə iki dildə “Adım Ələsgərdi, Göyçə mahalım...”( “Mein name ist Alesker, bekannt in Götsche...”) məqalə dərc olunub. Məqalədə Aşıq Ələsgərin on iki şəyirdindən biri olmuş ulu babamız Aşıq Qiyasın xatirələrində maraqlı məqamlar da öz əksini tapıb. Məqalədə Dədə Ələsgərin İrəvan xanlığı, Göyçə, Zəngəzur və Qarabağ məclislərində səsləndirdiyi ibrətamiz fikirləri xüsusi yer alıb. Məqalədə, həmçinin qeyd olunur ki, Tərtər, Kəlbəcər və Gəncə yaxınlığındakı Qarabağlılar kəndindəki toy məclisləri zamanı el arasında danışılan söhbətlər dildən-dilə keçərək əks-səda yaradıb.

Aşıq Ələsgərin şəyirdləri ilə bərabər müxtəlif bölgələrə səfərlərindən birinin də Gədəbəyə olması da diqqətçəkən məqamdır. Belə ki, Gədəbəydə “Siemens” şirkətinin dəvəti ilə Mədəniyyət Mərkəzində təşkil olunmuş konsertdə alqışla müşayiət olunan ifalar sonda qızıl pulla mükafatlandırılıb.

Alman-Azərbaycan əlaqələri kontekstində “Dədə Ələsgərin yaradıcılığı” mövzusu alim və mütəxəssislər tərəfindən daim diqqət mərkəzində olub.

Alman-Azərbaycan Cəmiyyəti zamanında tərtib olunmuş “Aschyg Alesker – Gedichte” kitabının yeni üslubda təkrar çap olunması ölkələrimiz arasında əlaqələrin dərin dostluq tellərinə əsaslanmasına dəlalət edir.

Yeri gəlmişkən, aparılan tədqiqatlara istinadən Dədə Ələsgər İctimai Birliyinin sədri Xətai Ələsgərlinin təşəbbüsü ilə nəşr olunan kitab ulu babasına bir ərməğan oldu.

Düşünürəm ki, “Aschyg Alesker – Gedichte” kitabı Frankfurt am Main Beynəlxalq Kitab Sərgisində də mütəxəssis və oxucuların marağına səbəb olub.

Alman-Azərbaycan Cəmiyyətinin sədri
Professor Çingiz Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri