May
2022
10:08
232
41
3763
Virtual karabakh

Fəxriyyə Xələfova: “Ermənilər o geyimləri geyinə bilməzlər” - FOTO

7 May, 2022
10:08
3763

Fəxriyyə Xələfova: “Ermənilər o geyimləri geyinə bilməzlər” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz mümkün qədər çox qədim ənənələrimizi, irsimizi əks etdirməliyik. Təbii ki, bunun üçün bu işin həm peşəkarları, həm də fədailəri olmalıdır. Milli geyim hazırlamaq heç də asan deyil, çox vaxt aparır və peşəkarlıq tələb edir. Bir milli geyim hazırlayana qədər üç mövsümün geyimini tikmək olar”.

Bunu Oxu.Az-a açıqlamasında Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova deyib.

Mayın 6-da Bakıda keçirilən “Qarabağ Azərbaycandır! Şuşa - Ənənədən Gələcəyə” adlı böyük dəfilə gecəsinə qatılan modelyer bu kimi tədbirlərin silsilə xarakter daşımasının önəmini vurğulayıb.

“Orada istifadə olunan gözəl geyimlər Qarabağ xanlarına, bəylərinə, xanımlarına məxsusdur, onların dəbidir. Bizim mənfur düşmənlərimiz, ermənilər o geyimləri təkrarlaya bilməzlər, nə də zamanında o geyimlərdən geyiniblər. Arxiv görüntülərində onların geyimləri çox kasad, adi görünür. Bu, böyük bir faktdır. Bu baxımdan Qarabağ milli geyimlərinin inkişafı, onların tədqiq olunması, müvafiq elmi işlərin yazılması, kolleksiya, dəfilələr hazırlanması çox böyük bir işdir”, - deyə Xələfova əlavə edib.

Tədbirin təşkilatçısı, Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli Oxu.Az-a açıqlamasında 44 günlük müharibədə qazanılan Zəfər zamanı belə bir dəfilə keçirmək ideyasının yarandığını deyib.

“Bu gözəl axşamda Qarabağa, Şuşaya məxsus milli geyimlərimizi təqdim etdik. Gördüyünüz rəngarəng geyimlərin hamısı Qarabağın əlvan təbiətinə, gözəlliyinə və ona olan uzun həsrətimizə həsr olunub. Hər il biz niyyət edirdik ki, gələn ili Şuşada keçirək. Allah bizə o günləri də yaşatdı. Niyyət etmişdim, niyyətim baş tutdu. İnşallah, Cıdır düzündə görüşək”.

Qeyd edək ki, dəfilədə Qarabağ və Şuşaya aid 40-a yaxın qadın və kişi milli geyimləri, həmçinin araqçınlar nümayiş olunub.

Dəfilənin sonunda milli geyimdə podiuma çıxan, Qarabağda ilk qələbə xəbərlərini verən zaman göz yaşlarına hakim ola bilməyən teleaparıcı Jalə Həsənli milli geyimi daşımağın qürurundan söz açıb:

“Mənə qələbə carçısı deyirlər. Mənim bu gün buraya dəvət olunmağımın əsas məqsədi o idi ki, “Jalə, Qarabağın ilk qələbə xəbərini səndən eşitmişdik və dəfilənin sonunda da o geyimi sənin geyinməyini istəyirik”. Mən bunu sevə-sevə qəbul etdim. Nə yaxşı ki, belə ənənələr yaşayır, dəfilələr təşkil olunur. Düzdür, biz bu geyimləri hər gün geyinmirik, ancaq tariximizdir bu bizim, yaşatmalıyıq bunu. Gənclərimiz də görməlidirlər ki, bizim milli geyimlərimiz, onların üzərindəki atributlar hansı mənanı daşıyır. Bunları bilmək borcumuzdur”.

Dilşad Bəhruzqızı
FOTO: Sabir Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri