21 
May
2022
16:44
214
16
2641
Virtual karabakh

Riyaziyyat müəllimliyindən detektiv yazıçılığına uzanan yol: Elxan Elatlı ilə MÜSAHİBƏ + FOTO

21 May, 2022
16:44
2641

Riyaziyyat müəllimliyindən detektiv yazıçılığına uzanan yol: Elxan Elatlı ilə MÜSAHİBƏ + FOTO

“Məşhurluq insanın azadlığını əlindən alır, mənim çox sevdiyim bir şey deyil. Çox arzu edərdim ki, normal gəlir gətirən bir işim olaydı, məni beş-on iş yoldaşımdan başqa kimsə tanımayaydı. Bu mənim gecikmiş arzumdur”.

Bu sözləri detektiv janrda kitabları ilə tanınan “Qızıl qələm” mükafatı laureatı, yazıçı Elxan Elatlı Oxu.Az-a müsahibəsi zamanı bildirib.

E.Elatlı oxucuları maraqlandıran suallara aydınlıq gətirib.

Yazıçı ilə müsahibəni təqdim edirik:  

- Elxan müəllim, mexanika-riyaziyyat fakültəsini bitirib, uzun illər məktəbdə müəllim, hətta direktor kimi çalışmısınız. Necə oldu ki, hər şeyi bir kənara qoyub yazıçılıqla məşğul olmağı qərara aldınız?

- Uşaqlıqdan ədəbiyyata böyük marağım olub, əlimə keçən bütün bədii kitabları oxumuşam. On beş yaşımdan içimdən yazıçı olmaq arzusu keçirdi. Ancaq bu arzumu heç kəsə bildirməmişəm. Çünki yazıçı olmaq mənim üçün o qədər əlçatmaz bir arzu kimi görünürdü ki, kimlərinsə yanında deyib, istehza ilə baxılmaq istəməmişəm. Riyaziyyat müəllimlərim məndə olan riyazi bacarıqları görüb, atama bu barədə məlumat veriblər. Məhz bu fikirlərlə valideynlərimdə belə bir təəssürat yaranıb ki, mənim yolum məhz riyaziyyat müəllimliyidir. Atamın ən böyük arzusu idi ki, mən müəllim olum, kənddə məktəbdə işləyim və nə vaxtsa onu əvəz edib direktor olum.

Mən yazıçılıq həvəsimin fərqinə varmadım, içimdəki ədəbiyyat sevgisini özümdə keçəri hiss etdim. Beləliklə, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul oldum. Birinci il ən yaxşı oxuyan tələbələrdən biri idim. İkinci kursda artıq məndə ruh düşkünlüyü yaranmağa başladı, dərslərə çox az girirdim. Çünki içimdə olan ədəbiyyat arzusu özünü zaman-zaman göstərirdi. Artıq universiteti bitirib riyaziyyat sahəsi ilə məşğul olacağımla barışmaq istəmirdim. Üçüncü kursda iş elə gətirdi ki, mənim rəssamlıq qabiliyyətimdən istifadə edərək gənclər təşkilatına dəvət etdilər. Bir müddət oranın rəssamı olaraq fəaliyyət göstərdikdən sonra mənə müəyyən vəzifə verdilər.

Mən artıq üçüncü kursdan sonra çox ciddi, fəal işlər aparırdım. Bir gün riyaziyyat fakültəsində öz ideyamla şeir qəzeti yaratdım. Adını da “Röya” qoymuşdum. Öz şeirlərimi və bir neçə tələbə yoldaşımın şeirlərini orada çap edirdik. Məni hətta divar qəzetimə görə radioda “Tələbəlik illəri” verilişinə dəvət etdilər.

Hekayələrimi qəzetlərdən birinə apardım, ancaq bəyənmədilər

Universiteti bitirdikdən sonra kəndimizə qayıtdım, atamın arzusu ilə on beş il riyaziyyat müəllimi işlədim. Yenə də çoxlu kitablar oxuyub, kiçik hekayələr yazırdım. İçimdən detektiv hekayələr yazmaq fikri keçirdi, ancaq cəsarət etmirdim. Daha sonra qızımın təhsili üçün Bakıya gəldik. O zamanlar 300-ə qədər şeirim var idi, heç kəsə göstərmək istəmirdim.

Qonşuluqda bir xanım vardı, jurnal redaktoru idi. Eşitdi ki, mən şeir yazıram, əl çəkmədi, aldı şeirlərimi, oxudu. O vaxtlar pulla idi, məndən müəyyən qədər pul aldı və şeirlərimi çap etdirdi. Açığı, heç sevinmədim. Arzular vaxtında deyil, sonradan yerinə yetdikdə sevindirmir. Mən ilk şeir kitabımı universitet illərimdə çap etdirmək istəyirdim. Buna baxmayaraq, ikinci şeir kitabımı da nəşr etdirdim. Və özümdə cəsarət tapıb detektiv əsərlər yazmağa başladım.

Hekayələrimi qəzetlərdən birinə apardım, ancaq bəyənmədilər. Dedilər ki, biz serial tipli yazıları çap edirik, siz gedin bu hekayələri bir az uzadın, seriala bənzədin. Sonra eşitdim ki, “Detektiv” adlı qəzet mənim hekayələrimi çap edib. İlk detektiv povest və hekayələr kitabımı yazıb çap etdirdim. Çox az tirajla, yalnız tanışlara-dostlara paylandı. İkincinin də aqibəti belə oldu. Üçüncü, “Xəyanət” romanı isə çox bəyənildi. Metrolarda kitab satışı nöqtələri var idi, kitablarım ən çox orada satılırdı, metrodan çıxan insanlar kitablarımı görür, alırdılar. İstənilən bir parka gedəndə ən az bir oxucuma rast gəlirdim.  

- “Xəyanət” romanı sizi oxuculara detektiv yazıçısı kimi tanıtdı. Demək olarmı ki, bu romanın yeri digərlərindən fərqlidir?

- Düzdür, ancaq bu o demək deyil ki, ən çox sevdiyim kitabım odur. Yaxın günlərdə “Susan qadın” adlı psixoloji detektiv romanım işıq üzü görür. Ona ümidim, sevgim daha çoxdur. Ancaq yenə də fərq qoymuram. 

- Gələn il 60 illik yubileyinizi qeyd edəcəksiniz. Bu münasibətlə oxuculara hansı sürpriziniz olacaq? 

- Yubileyə, yaşa o qədər də əhəmiyyət vermirəm. Şöhrət, ad, yazıçıya verilən diplomlar - bəlkə də, tək-tük adamlardan biriyəm ki, onlara önəm vermirəm. Yazıçıya qiymət verən yalnız zaman və oxucudur. Mənim gözümün qarşısında az qala populyarlaşıb, bir neçə ilə yaddan çıxan yazıçılar var. 2008-ci ildə telekanalların biri kitab mağazalarında, oxucular arasında araşdırma apardı, ən çox oxunan yazıçı mən elan olundum. Mənə elə gəlir ki, indi də bu adı qoruyub-saxlamışam. Kitaba pul vermək bizdə çox da inkişaf etməyib, amma kitab sevənlər, kitab oxuyanlar çoxdur. Bu məni sevindirir.

Roman təkbaşına mənim əsərimdir, amma film - yox

- Əsərləriniz sevilsə də, film çəkilməyib. Bunun xüsusi səbəbi varmı? Məsələn, “Cəhənnəmdən gələn səs” romanınız Xocalı hadisələrindən bəhs edir, kifayət qədər də güclü əsərdir. Təkliflər olub, siz razılaşmamısınız, yoxsa heç təklif yoxdur?

- Mən özüm bu məsələyə laqeydəm. Çoxlu təkliflər olub. Oxucularımın da çox marağı yoxdur buna, düşünürlər ki, bizim xəyalımızda olan qəhrəmanı elə bir aktyor canlandırar ki, xəyal qırıqlığına uğrayarıq.

İkinci bir məsələ də var. Bilmirəm, buna eqo demək olar, yoxsa yox, roman mənimdir, üz qabığında da mənim adım yazılır, hətta səhifələrində də adım yazılır, təkbaşına mənim əsərimdir. Romanımı yazıram, bütün diqqətimi, zamanımı ona ayırıram. Ancaq film ilk növbədə rejissorun əsəridir, ikinci ssenaristin adı yazılır.

Həqiqi mənada çox bəyəndiyim Azərbaycan filmləri var ki, az qala, yetmiş faizinin ssenari müəllifinin adını soruşsanız, kim olduğunu deyə bilmərəm. Bu, bir qədər adama toxunur. Mən romanı kənara qoyub, ssenari yazmağa başlasam, o sahədə, bəlkə də, daha çox maddi qazanc əldə edərəm. Amma o filmlər sevilsə də, baxanların çox az faizi ssenari müəllifinin kim olduğunu yadda saxlayacaq. Romanda isə vəziyyət belə deyil, romanı əlinə götürən kimi bilirsən ki, kimindir. O baxımdan film məsələsinə bir qədər laqeyd yanaşıram. 

Azərbaycanın Şerlok Holmsu

- Əsərlərinizdə Qanbay Qasımlı obrazı çox sevilir, o necə yarandı? Bu obrazı yazanda kimi nümunə olaraq görürdünüz?

- Qanbay Qasımlını yaradanda qarşıma konkret bir məqsəd qoymuşdum. Hər ölkənin, yəqin ki, bir Şerlok Holmsu var, niyə Azərbaycanın Şerlok Holmsu olmasın? Düşündüm ki, imkan olsa, bacarsam, bunu mən yaradacam. Milli ruhda, ənənələri də, hərəkətləri də tam azərbaycansayağı, Şerlok Homsdan fərqli.

İlk romanım olan “Pəncərədən görünən kölgə”dən başlayaraq, Elatlı stilində detektiv əsərlər ortaya qoydum. Onların digərlərindən fərqi odur ki, mən əsərlərimdə detektivi ön plana çəkməyib, ikinci plana atıram. Əsas plana hər-hansı bir mövzunu qoyuram - ana məhəbbəti ola bilər, Vətən sevgisi ola bilər, gəncləri narkomaniyadan uzaqlaşdırmaq və s. Detektivlik ona bəzək verir. Mən o detektivlikdən istifadə edib mesaj verirəm.

- Yaradıcılığınıza həddən artıq zaman ayırmağınız əsərlərinizin sevilməyindən bəllidir. Bəs boş qalan vaxtınız olurmu? Onu başqa işə, biznesə, dövlət işinə ayırırsınız, yoxsa necə?

- Mən, böyük ehtimalla, yeganə yazıçıyam ki, heç bir yerdə işləmirəm. Artıq on ildir, başqa yerdən gəlirim yoxdur. Yalnız peşəkar yazıçı kimi yazıb, əlyazmamı, ilk nüsxəni verirəm nəşriyyata, qonorarımı alıram. Dövlətə vergimi verirəm, vəssalam. 

Çox danışanda insan ağzından özünə yaraşmayan sözlər çıxara bilir

- Müsahibələrinizin birində demisiniz ki, televiziyada efirə çıxmamağınızın bir səbəbi də TV-də adamın danışdıqlarından şou düzəldilməsidir. Başınıza bununla bağlı hadisə gəlib? Kim edib? 

- Mən bir müddət telekanallarda efirə çıxdım, müsahibələr də verdim. Ancaq iki şeyi bəyənmirəm. Biri şou yaratmaqdır, bu, daha çox televiziya verilişlərində olur. Məqsəd burada kitabı reklam etmək, ya da Elxan müəllimi tanıtmaq deyil. Məqsəd odur ki, Elxan müəllimi və onu sevməyən bir gənc yazarı efirə dəvət edək. O, Elxan müəllimə bir atmaca atsın, Elxan müəllim də özünə xas olmayan bir tərzdə cavab versin, veriliş də dönsün şouya. Belə verilişə mən heç vaxt getmərəm.

Mən belə düşünürəm ki, veriliş aparıcısı dəvət etdiyi qonaqdan özünü kiçik tutmalıdır, böyük yox. Bir çoxlarının böyük tutduğunu görürəm. Özünü dəvət etdiyi adamdan ağıllı hesab edir. Bu çox vaxt ondan irəli gəlir ki, intellekt sahibi adam getmir onun verilişinə, özü həmişə özündən aşağı səviyyəliləri görür verilişində, təsadüfən bir səviyyəli adamı dəvət edəndə də özündən asılı olmayaraq özünü ondan yüksəkdə görür. Bu sənin qonağındır, sən onun qarşısında əyilməlisən, ondan nəsə öyrənməlisən.

Digər məsələ isə - istər-istəməz, çox danışanda insan ağzından özünə yaraşmayan sözlər çıxara bilir, tənqid olunacaq fikirlər səsləndirir. Həmin fikirlərin başlığa çıxarılmasını sevmirəm. Başıma gəlib. Hörmət etdiyim bir bəy idi. Müsahibə etdik, sual verdi ki, ola bilərmi ki, yazıçılığı nə vaxtsa atasınız, mən də gülərək cavab verdim ki, ola bilər, məndən hər şeyi gözləmək olar. Başlığa da o sözümü çıxartdılar ki, Elxan Elatlı deyir, məndən hər şeyi gözləmək olar. 
Düzdür, anlayan anlayır, amma anlamayan da çoxdur bizdə. Bu nə deməkdir, yəni məndən rüşvət, xəyanət, korrupsiya da gözləmək olar? 

- Elxan Elatlının uğurunun, sevilməyinin səbəbi nədir? 

- Mənə elə gəlir ki, sadə dildə yazmağım ola bilər. Yazımı redaktə edəndə görürəm ki, hansısa söz oxucuya aydın olmaya bilər, o sözü sadəsi ilə dəyişirəm. Bundan əlavə, səmimiyyət ola bilər. Oxucular hiss edirlər ki, mən kimisə aqressiya ilə tənqid etmirəm, nə də kiməsə nifrətim var. Nifrəti olmayan insan sevilir, mənim qəlbimdə adətən nifrət olmur. 

- Yaxşı bir yazıçı olmaq üçün nə etmək lazımdır? Nələrisə qurban vermək gərəkdir?   

- Əlbəttə, çox şeyi qurban verirsən, əsas da vaxtı. Sənin tayların oturub yeyib-içəndə, kefini çəkəndə sən xəyallar aləmində olursan. Yazıçının işi ancaq masa arxasında deyil, mən bir ilin səkkiz ayını düşünüb, dörd ayını masa arxasında keçirirəm. Çox vaxt alır. Və məşhurluq mənim çox sevdiyim bir şey deyil. İnsanın azadlığını əlindən alır. Mən çox arzu edərdim ki, normal gəlir gətirən bir işim olaydı, məni beş-on iş yoldaşımdan başqa kimsə tanımayaydı. Bu mənim gecikmiş arzumdur.  

Məndən qat-qat açıq yazan yazıçılar da var

- Oxuculardan əsərlərinizlə bağlı hansısa kəskin tənqidlər alırsınızmı?  

- Bir az o tənqidlər azalıb. Ən çox tənqid edirdilər ki, Azərbaycan xanımını xəyanətkar göstərirsiniz. Mən də izah edirdim ki, burada söhbət Azərbaycan qadınından getmir. Mən, onsuz da, Azərbaycandan yazıram. Yazdıqlarımın hamısı azərbaycanlıdır, içində mənfi də var, müsbət də. Mən xarici bir yazıçı olsaydım, orada bir azərbaycanlı qadın obrazı yaratsaydım, bundan ötrü ayağa qalxmağa da dəyərdi ki, Azərbaycan qadınını belə təsvir edir. Mənim obrazlarım, qadınlar hamısı azərbaycanlılardır. Mən nə qədər mərd qadın obrazları yaratmışam. Ədəbiyyata böyük üfüqlər açmaq lazımdır. 

Bir də tənqid edirlər ki, erotik səhnələr çoxdur. Oxucularımın çoxu ancaq mənim kitablarımı oxuyur, başqa yazıçıların kitablarını oxumurlar. Bu mənə xoş təsir etmir. Yalnız məni oxuduqları üçün bu tənqidlər ortaya çıxır. Deyirəm ki, siz bugünkü yazıçıları da oxuyun. Oxuyun və müqayisəli danışın danışanda. Onda görəcəksiniz ki, məndən qat-qat açıq yazan yazıçılar da var. Onları oxuduqdan sonra mənim barəmdə o tənqidi deməzdiniz. 

- Olub ki, ailəniz, övladınız sizi oxucularınıza qısqansın? Qadın oxucuların sizə sevgisi şəxsi həyatınızda problem yaradır?

- Mənim həyat yoldaşım Sevda xanım ixtisasca müəllimdir. Çox böyük bir ürək sahibidir, çox gözəl bir insandır. Onun prinsipi belədir ki, o mənə olan sevgini görür. Oxucularla olan münasibətimi, köməkçilərimlə olan münasibəti görür. Belə bir mövqe tutur ki, kimsə məni daha çox sevirsə, o həmin insana daha çox hörmət edir, daha çox sevir. Və bunun səmimi olduğuna inanıram. Çünki mənə olan sevgisi təmiz, əsl sevgidir. Mənə nə yaxşıdırsa, onu qəbul edir. Özünü düşünmür, məni düşünür. Ona görə də məni sevən oxucularıma sevgisi və hörməti böyükdür. 

- Yazıçılıq sənətində dostluq varmı? Elxan Elatlıya görə dostluq anlayışı nədir? 

- Mənə elə gəlir ki, qələm adamları arasında da dostluq bir qədər şübhəlidir. Bütün sahələrdə olduğu kimi, qısqanclıq var bu sahədə də, peşə eyni olduqda qısqanclıq yaranır, deyə bilirlər, nə əcəb, Elxan müəllim bizdən daha çox oxunur, niyə onun kitabları satılır?

Dostluq məsələsinə gəldikdə isə indiyə qədər dostum dediyim bir nəfər olmayıb. Mənim  qəhrəmanım Qanbay Qasımlı da belədir, dostu yoxdur. Əsl dost tapmaq çox çətindir. Mən tövsiyə edərdim ki, dost olduqları və olmaq istədikləri insanı tez-tez sınasınlar.  Məsələn, mən belə bir şey etmişəm. Heç ehtiyacım olmadığı halda demişəm ki, üç min manat borc pul lazımdır. Özü də o şəxslərə ki, mənimlə yaxınlıq qurmağa, dost olmağa çalışırdılar. Yox deyiblər, mən də üstlərindən xətt çəkmişəm, indi heç zənglərinə də cavab vermirəm. Məlum olub ki, bunların dostluğu necə dostluq olub. 

- Hansı əsərinizdə siz özünüz varsınız? Cavanlığınız, həyatınız var?

- Başıma gələn xırda hadisələri romana əlavə edirəm, bu, pis bir şey deyil. Amma bütövlükdə heç bir romanımın ideyasında, baş qəhrəmanında yoxam. Bütün romanlarda hansısa kiçik epizodlarda hadisə vermişəm, ola bilər ki, o hadisə mənim başıma gəlib. Məsələn, “On dördüncü adam” kitabıma tələbəlik illərimdən bir çox hadisələri salmışam.

Qanbayın evlənməsini qadın oxucular arasında da aqressiya ilə qarşılayanlar oldu

- Hansısa əsərinizin sonluğunu dəyişdirmək oxucular, yaxud da qələm əhli tərəfindən təklif olunubmu?

- Az olub, etmişəm, amma sonra peşman olmuşam. Mənim baş qəhrəmanım olan Qanbay Qasımlı həyat yoldaşı Moskvada öldürüldükdən sonra tək yaşayırdı. Və mənim nəzərimdə ölənə qədər tək yaşamalı idi. Bir müəllim xanım o qədər inandırıcı sözlərlə məni yoldan çıxartdı, dedi ki, çox istəyərdik, bu qəhrəman ailə həyatı qursun. Mən onu etdim, ancaq sonra peşman oldum. Və növbəti romanda onu ayırdım. Gərək o qəhrəmanı mən sevə-sevə yaradım. Öz gözümdə bir az soyusa, artıq keyfiyyətli yarada bilməyəcəm. Özümün nəzərimdə özüm də tənhalığa meyil etdiyim üçün mən bu tənha qəhrəmanımı sevirdim. Evləndikdən sonra mənim gözümdə sanki adiləşdi. Onu da deyim ki, qadın oxucular arasında da onun evlənməsini aqressiya ilə qarşılayanlar oldu. Sən demə, onu sevirlərmiş, onun evlənməsindən sonra qəzəbləniblər. 

- Adətən, yazıçılar real həyatda baş verən hadisələrdən qaynaqlanan əsərlər yazırlar. Son vaxtlar Azərbaycanda ən səs-küylü kriminal hadisələrdən biri Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərminin dəhşətli qətli və bununla bağlı hələ də bitməyən məhkəmədir. Nə vaxtsa bu mövzuya qayıdıb əsər yazacaqsınızmı?

- Mənə onu çox dedilər. Ancaq belə bir iş tutmaram, axıra çıxmamış, yekunlaşmamış bir iş barədə yazmaram. Mənim özümün bir düşüncəm, ideyam var bu məsələ barədə. Əgər mən indi o ideya üzrə yazsam, kimlərəsə təsir edə bilər. Elə bilərlər ki, mən həqiqəti bilirəm. Düzdür, hüquq-mühafizə orqanları anlayacaqlar ki, bu, yazıçının təxəyyülüdür. Ancaq başqa insanlar bunu yanlış anlaya bilərlər. Mənim o ideyamda bir qədər xoşagəlməz, iyrənc nüanslar var. Hadisənin üstü açılsın, məhkəmə bitsin, nə vaxtsa oxşar mövzuda yazmağı planlaşdırıram. Məcbur deyil ki, o yaşda bir qız uşağı olsun. 

- Sonda oxuculara hansı məsləhətiniz, tövsiyəniz, sözünüz var?

- Oxucularıma tövsiyə edirəm ki, mütləq kitab oxusunlar. Ancaq yalnız xarici ədəbiyyata meyil etməsinlər, yerli ədəbiyyata da yer versinlər. Balansı gözləsinlər. 

Dilşad Bəhruzqızı 
FOTO: Sabir Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri