Avq
2022
12:55
7
73
1297
Virtual karabakh

“Müşfiq ocağı”nın durumu ona ildə iki dəfə baş çəkənləri niyə narahat etmir? - FOTO

9 Avq, 2022
12:55
1297

“Müşfiq ocağı”nın durumu ona ildə iki dəfə baş çəkənləri niyə narahat etmir? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xızının Sayadlar kəndində yerləşən “Müşfiq ocağı”nda baxımsızlıq hökm sürür. 1988-ci ildə Müşfiqsevər ziyalıların təşəbbüsü ilə yaradılan bu muzey 34 ildir ki, cəmi bir otaqdan ibarətdir.

Mikayıl Müşfiqin xatirəsinə yaradılan yeganə muzey olan bu yer 2004-cü ildən Mədəniyyət Nazirliyinin balansına keçib. Amma həmin dəyişiklik belə, muzeyin görüntüsündə heç bir fərq yaratmayıb. Susuzluqdan həyətdəki ağaclar quruyub, əraziyə gələn çayın qarşısı uzun müddət əvvəl kəsilsə də, muzeyə su xətti çəkilmə işlərinə hələ yeni başlanıb. Lakin bu addım da ərazidə yaşıllaşdırma həyata keçirməyə imkan vermir. Çünki sadəcə muzeyin həyətində qazılan quyu vasitəsilə su əldə etmək olur ki, həmin su ilə heç antisanitar şəraitin qarşısını almaq mümkün deyil.

Mövcud problem dəfələrlə sosial şəbəkələrdə də gündəmə gətirilib. Lakin aidiyyəti qurumlar tərəfindən əsaslı hər hansı tədbirin görüldüyü hələ ki nəzərimizə çarpmır. 

Mədəniyyət Nazirliyindən məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mikayıl Müşfiqin Xatirə muzeyi ilə bağlı abadlaşdırma işlərinin həyata keçirilməsi növbəti illərdə baş tutacaq:

“Bildiyiniz kimi, Xızının Sayadlar kəndində yerləşən Mikayıl Müşfiq muzeyi - “Müşfiq ocağı” - 1988-ci ildə bir qrup Müşfiqsevər insan tərəfindən yaradılıb. 2004-cü ilin 15 sentyabr tarixində bina Mikayıl Müşfiqin Xatirə muzeyi statusunu alaraq Mədəniyyət Nazirliyinin balansına götürülüb.

Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələrin yerləşdiyi inzibati binaların cari və əsaslı təmiri, həyətyanı sahələrinin abadlaşdırılması, o cümlədən muzey ekspozisiyalarının yenilənməsi, maddi-texniki bazalarının yaxşılaşdırılması və müasir avadanlıqlarla təchiz edilməsi istiqamətində işlər aparılır. Bu çərçivədə Mikayıl Müşfiqin Xatirə Muzeyi üçün də kompleks tədbirlər çərçivəsində müvafiq işlərin görülməsi növbəti illərdə təmin olunacaqdır”.

Ocağın bağbanı Fəxrəddin Abdullayevin Oxu.Az-a verdiyi məlumata görə, hər il Mədəniyyət Nazirliyi və Xızı Rayon İcra Hakimiyyəti Müşfiqin doğum və anım günündə muzeydə tədbirlər həyata keçirir. Bu isə özlüyündə sual doğurur: Tədbirdə olan mədəniyyət adamlarının heç birini qarşılaşdıqları mənzərə narahat etmir? 

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri