Dek
2022
18:54
186
49
2647
Virtual karabakh

Natiq Fərzəliyev: “Mənim yarım yerin altındadır” - MÜSAHİBƏ + FOTO

1 Dek, 2022
18:54
2647

Natiq Fərzəliyev: “Mənim yarım yerin altındadır” - MÜSAHİBƏ + FOTO

Onu, əsasən, epizodik rollarda görmüşük. Lakin hər obrazı ilə oynadığı tamaşanı, filmi rəngləndirməyi bacarıb, yadda qalıb. 

Lent.az-ın müsahibi boyu balaca, ürəyi böyük olan aktyor Natiq Fərzəliyevdir.

- Natiq bəy, yaşınıza görə çox gənc görünürsünüz. Adamın 60 yaş deməyə dili gəlmir.

- Arvad yaxşı baxıb. Əhatə normal olanda insan gec qocalır. Dostlarımın çoxu boylu-buxunlu adamlardır - idmançılar, çempionlar, yüksək vəzifəli məmurlar. Mənə deyirlər ki, sənin böyüklüyün ondadır ki, biz səninlə görüşəndə qabağında əyilirik (gülür). 

Bu mühitdə mən boy kompleksi hiss etmirəm. Hər şey xarakterlə bağlıdır. Adam var, danışdırırsan, gözündən qum tökülən kimi tökülür, adam var, iki metr boyu var, di gəl, alçağın alçağıdır. Alçaqlıq boyla deyil.

Mənim yubiley tədbirimdə Rafaellə Coşqun da iştirak edirdilər. Rafael dedi ki, Natiqə baxıb təskinlik tapıram ki, boyu məndən balaca olan kişi var. Dedim, Rafael, kişinin kökləri olar yerin altında. Mənim yarım yerin altındadır (gülür).

- Özünüzü xoşbəxt adam hesab edirsiniz?

- Bir nəfər bir kəndə girir, görür, məzar daşlarının üstündə doğum-ölüm tarixləri deyil, üç il, beş il yazılıb. Ağsaqqallardan soruşur, cavab verirlər ki, biz ora insanın xoşbəxt yaşadığı günlərin sayını yazırıq.

- Siz neçə il yaşamısız? 

- Dəqiq bilmirəm, yəqin, üç il, beş il də mən yaşamışam. Teatrda keçən günlərim xoşbəxt illərimin başında gəlir. Məmməd Araz deyərdi ki, yaxşılar təriflənmirlər yaxşıdır deyə, pislər təriflənirlər arxivlər üçün. Mən də özümü tərifləməyim. Özümdən çox, başqaları üçün yaşamışam. Teatrda adıma Problem Natiq deyirlər. Kimin nə problemi var, kömək eləməyə çalışdığım üçün. Kömək elədiyim günlər, bir işə yaradığım günlər, insanlara sevinc verdiyim günlər ömrümdəndir.

- Sizi, əsasən, komik obrazlarda görürük. Heç faciə və ya dramatik obrazlar canlandırmısınız?

- Fərdi şəkildə aktyorun işləməsi çətindir. Bir dəfə monotamaşa hazırlamışdım, bir neçə il əvvəl. Teatr İttifaqının təşkil etdiyi Eksperimental Tamaşalar Festivalı üçün. Qalib oldum. Mövzu mənim içimdə tüğyan edən problemlərdən bəhs edirdi. Cəmiyyətin qəbul etmədiyi, təzyiq göstərdiyi balaca adamın faciəsi idi bu. Sevdiyi qıza görə təhqir olunub, qatilə çevrilən, sevdiyi qadının onu atmasından qorxub, sonda onu öldürən, ən sonda özünü asan adamın taleyini oynayırdım. Rejissor Cənnət Səlimova tamaşadan sonra dedi ki, Natiq, sən neylədin? Tamaşada gah özüm olurdum, tamaşaçılarla interaktiv ünsiyyət qururdum, gah obraza girirdim. Hamı dedi, çox möhtəşəmdir. Belə obrazlar olsa, oynayaram. 

- Pul mükafatı oldumu barı?

- Yox e. Balaca, bir metrlik xalı verdilər, onu da əlimdən rejissor aldı. Bu gün istənilən adam sosial şəbəkələr hesabına bir dəqiqənin içində məşhurlaşa bilir. Onları çəkirlər, amma aktyor qonorar deyəndə hamı ağız büzür. Bir xanım var, rayondan zəng edib deyir ki, Natiq müəllim, mənimlə 30 saniyəlik bir rol oyna, məşhurlaşım, ondan sonra bütün qapıları təpiklə açacam. Deyirəm, ay xanım, 40 ildir səhnədəyəm, heç mən təpiklə aça bilmirəm, sən 30 saniyəyə edəcəksən bunu? Pula həmişə yuxarıdan-aşağı baxmışam, əyilməmişəm. Çox qazandığım da olub, acınacaqlı günlər yaşadığım da. Gənclik illərimdə toylara tamada gedirdim. Maaşla dolanmaq olmurdu. Oturub şeirlər, hekayələr, yumor öyrəndim, başladım toylara getməyə. Elə olub, 200 manata toya çağırıblar, geriyə cibimdə 5 000 manatla qayıtmışam. Almamışam, veriblər. Toyu maraqlı aparırdım. Sonra bir gün qəzaya düşdüm, ayaqlarım sındı. İki il yataqda qaldım. Bu barədə heç yerə məlumat vermədim. İnsanları öz dərdimlə məşğul eləmək istəmirdim. Daha toylardan ayağım kəsilib, getmirəm. 

- Teatra gəlmək yolunuz asan olub? Mədəniyyət tarixində çoxlu belə fakt var ki, xarici görünüşünə görə fərqlənən insanlar bunu özlərinin uğuruna çevirə biliblər. Boyunuzun qısa olması sizə dərd idi, ya avantaj? 

- Yevlaxda böyümüşəm, populyar uşaqlığım olub. Dərnəklərə gedirdim, o qədər sevilirdim ki, hətta mənə ayrıca nömrələr yazırdılar. Bütün dövlət tədbirlərinə mütləq dəvət edirdilər. Hətta tamaşaçılarımın çox olduğunu görüb, mənim üçün pullu tamaşalar təşkil etmək istədilər, sonra dedilər, “bu, uşaqdır, olmaz, istismar sayılar”. Sovet dönəmi idi. Orta məktəbi bitirəndə raykom (rayon partiya komitəsinin katibi - red.) çağırıb mənimlə söhbət etdi, dedi, sən incəsənət sahəsinə getməlisən, göndəriş verdi, gəldim İncəsənət Universitetinə. Riyaziyyatı yaxşı bilirdim, əslində, riyaziyyatçı, ixtiraçı olmaq istəyirdim. Əvvəl qəbul eləmək istəmirdilər. Axı aktyor boylu-buxunlu, yaraşıqlı olmalıydı. Məndə boy yox idi. Kurs rəhbərim vardı, Möhsün Mürsəlov. Rejissor idi, o məni teatra gətirdi, amma o, işdən gedən kimi məni də uzaqlaşdırdılar. Teatr sehrli dünyadır, bir dəfə qədəm basdınsa, daha ayrıla bilmirsən. Elə bil, narkoman kimi alışırsan ona, unutmaq olmur. Uzun müddət bu səbəblə iş tapmaqda çətinlik çəkmişəm. Hətta qəzetlərin birində məsul katib işlədim. Depressiyadaydım. Bir il sonra mərhum rejissor Hüseynağa Atakişiyev dəvət etdi və mən burada işə başladım. Mənim üçün xüsusi rollar yazılırdı. O adam məktəb idi. Neçə-neçə sənətkarın yetişməsində rolu olub. Allah rəhmət eləsin!

- Boyunuza görə kompleks yaşadığınız olub?

- Çox olub. Tələbə vaxtı günlərlə otaqdan çıxmaq istəməmişəm ki, barmaqla göstərib güləcəklər, nəsə xoşagəlməz söz deyəcəklər.

Oğlum orta məktəbdə oxuyanda bir gün gördüm, anası ilə nəsə danışır. Məktəbdən üstü-başı cırılmış halda gəlmişdi. Kiminləsə dalaşmışdı. Səbəb uşağın ona mənimlə bağlı acı sözlər deməsi olmuşdu. Deyibmiş, sənin atan balacadır-filan. Oğlum ağladı, mən də çox pis oldum (kövrəlir). Səhəri gün əlindən tutub getdim məktəbə, o uşağın valideynlərini də çağırtdırdım. Girdik sinfə. Bütün uşaqlar məni tanıyırdılar, sevgi ilə qarşıladılar. Üzümü tutdum uşağın valideyninə, dedim, gördünüzmü? Sizin hörmətiniz böyükdür, ya mənim? Adam qarşımda diz çöküb üzr istədi. Olub ki, bəzən küçədə valideyninin əlindən tutub gedən uşaq “liliput” deyib, valideyni də baxıb gülüb. Valideyn necədirsə, uşaq da o tərbiyədə olur. Yaxınlaşıb demişəm, kimin necə olacağını Allahdan başqa kimsə bilməz. Mən bu görünüşü özüm seçməmişdim. Kim özünü yarada bilir ki... İndi daha alışmışam.

- Nəsildə var idi bu, yoxsa sonradan hansısa problem yaranıb?

- Mən bacımla əkiz olmuşam. Onun boyu 1 metr 90 sm olar. Görünür, mənim payımı o alıb. Əkizliyin gətirdiyi defektdir. Səkkiz yaşımda güclü sarılıq keçirmişəm. Həkim də səhv müalicə yazıb. Hətta bu səbəblə az qala həbs olunurmuş, valideynlərim bağışlayıblar. Ondan sonra boyumun inkişafı lap dayandı. Bir metr idi boyum. Dəfələrlə Moskvaya müalicəyə apardılar. Bir qədər uzandım. 145 santimetrdən o yana inkişaf getmədi.

- Gənclikdə sevginin də acısını yaşamış olarsınız, yəqin...

- Orta məktəbdə bir qız sevirdim. O da məni istəyirdi. Qızgilin evi tərəfdə gəzirdim ki, çölə çıxar, mən onu görərəm, o da məni. Yevlaxın Ermənikənd deyilən bir qəsəbəsi var. Orada qalırdı. Alatoranlıq idi. Bir nəfər yaxınlaşdı ki, sən kimsən, bura toyuq, hindquşu oğurlamağa gəlmisən. Dedim, yox e, mən filankəsin oğluyam, burada adam gözləyirəm. İnanmadı, bıçağı dirədi böyrümə. Gördüm, vuracaq. Dedim, yaxında bir tanış yaşayır, gedək onlara, desinlər sənə. Palçıqda məni sürüyə-sürüyə, darta-darta apardı tanışımgilə. Üst-başım it günündə. Ev sahibi məni tanıyandan sonra o adam heç nə demədən çıxdı getdi. 

- Sonu nə oldu bu məhəbbətin? 

- Mən ali məktəbə girdim, o vaxt mobil telefon yox, qızgilin evlərində telefon yox, əlaqə zəif idi. Bir gün eşitdim, götürüb qaçıblar onu. Sonra elə kimi sevdim, qaçırdılar. Əlim yaman yüngül oldu (gülür).

- Gülsəniz də, gözünüzdəki kədəri görürəm...

- Hə, mənə hamı deyir, səndəki göz bizdə olsa, nə rolların öhdəsindən gələrdik. Göz insanın ürəyinin aynasıdır.

 - Bəs xanımınızla necə tanış oldunuz? Sevərək evləndiniz?

- Sevginin ömrü toy gününə qədərdir. Sonra məişət qayğıları başlayır, insanlar bir-birlərinə alışırlar. O, Bakı Dövlət Universitetində kitabxanaçılıq fakültəsində oxuyurdu. İndi də orada işləyir. Gedib-gəlirdim arxasınca. İndi deyir ki, hər dəfə mənə demək istəyirmiş, bizimki alınmaz, amma o qədər şirin danışırammış ki, bunu mənim üzümə deyə bilmirmiş. Beləcə evləndik. Bir oğlum, bir qızım oldu. Qorxurdum ki, onlar da boyla bağlı problem yaşayarlar, şükür, olmadı. Əslində, nəslimizdə belə problemi olan heç kəs olmayıb. İndi qızım ailə qurub. O da kitabxanaçılığı bitirib. Oğlum telekanalların birində operator işləyir.

- Uşaqlar sizdən çəkinirdilər?

- Dostuq onlarla. Qızım hərdən mənə zarafatla Natiq kişi deyir. Qız başqa aləmdir. Hər səhər öpüb-qucaqlayıb yola salardı məni. Məni bütün uşaqlar çox seviblər. Di gəl, “Yarımştat” tamaşasındakı roluma görə çox uşaq məndən qorxub. Neçə uşağı mənə görə çıldağa aparıblar.

- Özünüzə nə arzulayırsınız?

- Tay-tuşlarım baba olublar. Bir yaşıdım olan dostumun artıq 10 nəvəsi var. Oğluma deyirəm, hələ tərpənmir. Hamıya hüzur, sevinc, ailə xoşbəxtliyi, oğul-uşaq toyu arzu edirəm. Bir də ömrümü bağladığım teatrda gözəl-gözəl rollar arzulayıram.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri