Dek
2022
14:02
294
16
2840
Virtual karabakh

Bəy ailəsində doğulsa da, kimsəsiz böyüdü, qadın paltarında səhnəyə çıxdı: Kinomuzun Rüstəm bəyi - FOTO

5 Dek, 2022
14:02
2840

Bəy ailəsində doğulsa da, kimsəsiz böyüdü, qadın paltarında səhnəyə çıxdı: Kinomuzun Rüstəm bəyi - FOTO

Bu gün Xalq artisti Ağasadıq Gəraybəylinin anım günüdür. Kulis.az onun haqqında on maraqlı faktı təqdim edir.

Ağasadıq Ağaəli oğlu Gəraybəyli 15 mart 1897-ci ildə Şamaxıda bəy ailəsində anadan olub. Atasını erkən itirib. Şamaxı zəlzələsindən sonra ailə Bakıya köçüb.

Əlisəttar adlı bir kişi onun kimsəsiz olduğunu bilib, öz himayəsinə götürüb. Orta məktəb illərində Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub.

Qardaşı Ağayar Hüseyn Ərəblinskinin truppasında rejissor işləyib. Tamaşa zamanı qadın rolunun ifaçısı xəstələndiyi üçün Ağayar həmin rola on beş yaşlı Ağasadığı aparır. Ağasadıq ilk dəfə səhnəyə qadın paltarında çıxır. Tamaşa zamanı səhnədə Ərəblinskinin ağladığını görəndə o dözməyib səhnədən qaçır.

Bir neçə il sonra isə Ağasadıq “Şəfa” teatr dərnəyini yaradır. Milyonçu Hacı Zeynalabdin Tağıyev dərnəyin işini o qədər bəyənir ki, aktyorların hamısını qızılla mükafatlandırır.

72 illik yaradıcılıq ömründə 200-dən artıq obraz canlandıran Ağasadıq Gəraybəyli Nəriman Nərimanovun “Nadir şah”, Üzeyir Hacıbəyovun “Arşın mal alan”, Cəfər Cabbarlının “Sevil”, “Od gəlini”, “1905-ci ildə”, sonralar “Vaqif”, “Həyat”, “On ikinci gecə”, “Xanlar” və s. tamaşalarda rol alıb.

Ağasadıq Gəraybəylini ilk dəfə filmə Cəfər Cabbarlı dəvət edib. İlk səssiz filmlərimizdən biri olan “Sevil”də ona “Balaş” rolunu təklif edib.

“Bəxtiyar” filmindəki klub müdiri “Ağabala”, “O olmasın, bu olsun” filmində “Rüstəm bəy” obrazı aktyora böyük məşhurluq gətirib.

Aktyorun sonuncu rolu “Xurşidbanu Natəvan” tamaşasında yaşlı knyaz obrazı olub. Rolunu o qədər mükəmməl oynayıb ki, həmkarlarının çoxu, eləcə də tamaşaçılar hiss etməyiblər ki, 92 yaşlı aktyorun gözləri görmür.

1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayıb. Burada Bülbüllə, Xalq yazıçısı Mirzə İbrahimovla, Xalq şairi Süleyman Rüstəmlə qonşu olub. 1988-ci il dekabrın 5-də Bakı şəhərində vəfat edib.

2017-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ağasadıq Gəraybəylinin 120 illik yubileyi qeyd olunub. Yubileydə aktyorun obrazını Rafiq Əzimov canlandırıb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri