Dek
2022
12:46
59
121
3974
Virtual karabakh

Taleh Yüzbəyov: “Yaxşı ideyanı oğurlamaq olar” - MÜSAHİBƏ + FOTO/VİDEO

6 Dek, 2022
12:46
3974

Taleh Yüzbəyov: “Yaxşı ideyanı oğurlamaq olar” - MÜSAHİBƏ + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çəkdiyi videoları və filmi, oynadığı rolları ilə insanların diqqətini çəkərək onların sevimlisinə çevrilən aktyor, rejissor, ssenari müəllifi və videobloqer Taleh Yüzbəyovun doğum günüdür. Bu gün onun 36 yaşı tamam olur.

Taleh Yüzbəyovun “Report”a müsahibəsini təqdim edirik:

- Bəziləri doğum günlərini xüsusi təmtəraqla qeyd edərkən, bir çoxu da həmin gün onları kiminsə təbrik etməsini belə istəmir. Sizin doğum günlərinin qeyd olunmasına münasibətiniz necədir?

- Otuz yaşdan sonra doğum gününü qeyd etmək mənə hər il təkrarlanan bir şey kimi gəlir. Əvvəllər daha həvəsli idim, ancaq indi düşünürəm ki, qeyd edilməsə də, heç nə dəyişmir. Düzdür, həmin gün insanların sənə xüsusi diqqət göstərməsi adamın xoşuna gəlir. Amma hamıya cavab yazmaq, telefonla danışmaq adamı bəzən yorur. Həm də telefonla danışmaqdan yorulmuşam, çünki vaxtı ikən işimlə əlaqədar telefonla çox danışmışam. Ümumilikdə isə yaşamaq gözəldir və bu prosesdə iştirak etməyə dəyər.

- “36 yaşımda “Oskar” mükafatı almağı hədəfləmişəm, hələ iki ilim var”. Bu sözlər iki il əvvəlki müsahibənizdəndir. Bu gün 36 yaşınız tamam olur. Bu il üçün Taleh Yüzbəyovdan “Oskar”ı gözləyək?

- Yanaşmam dəyişib. Əvvəl məqsədim “Oskar” almaq idisə, indi sadəcə olaraq yaxşı film çəkməkdir (gülür). Nədənsə 36 yaş mənə həmişə qəribə gəlib və uşaqlıqdan 36 rəqəmi mənim üçün xüsusi olub. Dəqiq xatırlamıram, bir dəfə kiməsə demişdim, ya haradasa yazmışdım ki, əgər 36-nı keçə bilsəm, ya hər şey çox yaxşı olacaq, ya da çox pis. Əgər 36 yaxşı yaş olsa, çox yaşayacağam. Bilmirəm nə üçünsə bu yaşdan çox böyük gözləntilərim var. Məncə, arzularımın böyük bir hissəsini bu yaşda həyata keçirə biləcəyəm.

- Televiziyanın internetin geridə qalmış forması olduğunu demisiniz. Sizi Azərbaycan telekanallarından uzaq salan nədir?

- Əslində, tək Azərbaycan deyil, dünya telekanallarını da nəzərdə tutmuşam. Mən 2011-2012-ci illərdə televiziyada aparıcı kimi fəaliyyət göstərmişəm. Onda MAG verilişinin aparıcılarından biri idim. Bu işin məndə yaxşı alınmadığını düşündüm, çünki aparıcılıq ayrı bir bacarıq tələb edir. İnternet isə öz evim kimidir. Öz səhifələrimi nəzərdə tuturam. Orada rahatam, istədiyimi istədiyim vaxt, istədiyim formada edə bilirəm. Amma televiziyada belə bir şansın olmur.

- Remeyklərə münasibətiniz necədir? Hansısa Azərbaycan filminin remeykini çəkmək istəyirsiniz?

- Remeyklərə münasibətim normaldır, çünki remeyklərdən dünyada çox yaxşı filmlər alınıb. Sadəcə olaraq bizim tamaşaçılar filmlərimizə qarşı çox həssasdırlar. “Ölsəm, bağışla” filmini çox sevirəm. İstəyərdim ki, “Ölsəm, bağışla” yenidən çəkilsin. O filmin remeykini çəkməyi düşünmüşəm. Amma Rasim Ocaqovdan sonra çətin daha yaxşı alınsın. Ona görə yəqin ki, bu, elə istək olaraq da qalacaq.

- Onda “Ölsəm, bağışla” ən çox sevdiyiniz Azərbaycan filmidir...

- Həmçinin “Bizim Cəbiş müəllim”, “Şərikli çörək”, “O olmasın, bu olsun”, “Ömrün səhifələri”, “Üzeyir ömrü” çox sevdiyim Azərbaycan filmləri sırasındadır. Məsələn, “Üzeyir ömrü” filmindəki həm sənədli, həm də bədii yanaşmanı çox bəyənirəm. Belə, sevdiyim filmlərimiz çoxdur. Amma “Ölsəm, bağışla” fərqlidir. Uşaq vaxtı ona baxanda filmin bədbin bitməsi mənə çox təsir etmişdi. Hətta, uşaq vaxtı Gülzar xanıma aşiq olmuşdum. Sadəcə o filmə xüsusi bir yanaşmam var.

- Son iki ilə qədər insanlar sadaladığınız Azərbaycan kinoları kimi filmlərin çəkilmədiyindən gileylənirdi. Amma son dövrlərdə bu fikri az-az eşidirik. Sizin videolarınızın və filmlərinizin rəy bölümündə yazılan şərhləri oxuyanda belə nəticə çıxır ki, Taleh Yüzbəyov və Əlixan Rəcəbov o baryeri sındırdı. Necə bacardınız?

- Məncə, bir az böyük sözlərdir. Hələ ki, ona qərar vermək üçün tezdir. Hələ sadəcə bir filmimiz var, qalanları qısa videolar, yaxud “YouTube” kontentidir. Əgər əlavə 3-4 film çəksək, bu sözü daha əminliklə demək olar.

- Sizin də rol aldığınız “Sonuncu şam yeməyi” filmi sosial şəbəkələrdə geniş müzakirə olundu. Sizcə, incəsənət həssas, kövrək psixologiyalı insanları nəzərə almalıdır, yoxsa azad inkişaf etməlidir?

- Açığı buna qərar vermək mənim üçün bir az qəlizdir. Əslində, incəsənət azad olmalıdır. Yəni, heç kəslə hesablaşmamalıdır. Amma nəinki bizdə, dünyada da belədir ki, həmişə müəyyən bir qurum, ya qurumlar, yaxud bir qrup insanlar müəyyən qədər təsir etməyə çalışıblar. Düzdür, bu, o demək deyil ki, sən incəsənətlə məşğulsansa, kiminsə hisslərini ələ sala bilərsən. Amma bu, bir növ iki tərəfin də heç vaxt qarşılıqlı razılığa gələ bilməyəcəyi bir məqamdır. Məsələn, dünyada yaxşı komediya çəkənlər artıq bunu edə bilmirlər. Bir çox mövzu artıq çox həssas olub. Demirəm bu, pisdir və ya yaxşıdır. Sadəcə belədir. İndi artıq əvvəlki zarafatları etmək olmur. İrqi və cinsi ayrı-seçkiliklə bağlı zarafatlar əvvəl qəbul edilirdisə, indi qəbulolunmazdır. Ancaq vaxtilə bu qəbul olunurdu və hamımız gülürdük. Qəribə bir dəyişiklik baş verib, bizdə də həmçinin. Sözügedən filmdə də məqsəd lağlağı deyildi. Sadəcə bir sıra insanlar elə başa düşdü. Əlixan da heç kəsin hissləri təhqir olunmasın deyə hətta çıxıb üzr də istədi. Dediyim kimi, məqsəd sadəcə ümumi prosesi göstərmək idi. Lap elə bizdən götürək, Əlixanın da atası dünyasını dəyişib, mənim də. Biz o prosesin necə olduğunu görmüşük. Məscidindən tutmuş basdırılana qədər harada pul verirsən, harada münasibət necədir və nə baş verir hamısını bilirik. Yəni, nə qədər olmur desək də, elə şeylər olur, yoxsa özümüzdən uydurmuruq ki.

- Videolarınıza baxanda məndə elə təəssürat yaranır ki, sanki Azərbaycan qadınından narazısınız. Bəlkə də, yanılıram. Amma daim nədənsə narazı olduğunuzu düşünürəm...

- Belə bir deyim var ki, komediya adətən sənin narazı olduğun məqamlardan doğur. Bu narazılıq nəinki Azərbaycan qadını, ümumi proseslə bağlıdır. Bəli, ümumi narazılığımın içərisində qadınlar da var. Sadəcə biz Azərbaycanda yaşayırıq deyə bunu özümüzlə əlaqələndirirəm. Əgər sən müəyyən qədər satiraya üstünlük verirsənsə, bu, istər-istəməz kiminsə xoşuna gəlməyəcək. Mən vaxtilə həkimlərin də, dini inancları olan insanların da, müəllimlərin də, qaz və işıq idarələrinin də, güman ki, aktyor və kino adamlarının da xətrinə dəymişəm. Bütün bunlar isə qəsdən deyil. Sadəcə bir mövzu var ki, səni narahat edir və ona uyğun tənqidi nəsə çəkməlisən. Həmçinin də, qadınlar. Amma əvvəl daha sərt yanaşırdımsa, indi daha incə yanaşa bilirəm.

- “Stand-up”ın Azərbaycanda inkişaf yolunu nədə görürsünüz?

- Məncə, kiçik klublardan başlamaq lazımdır. Məsələn, biz kafemizdə bunun üçün toplaşırıq. Kiçik klublarda, bu tip kafelərdə uşaqlar yetişməlidirlər. “Stand-up” həmişə qapalı yerlərdə yaranır. Televiziyadakı “stand-up” pis deyil, amma orada inkişaf ola bilməz. Çünki orada müəyyən məhdudiyyətlər var. Ümumiyyətlə, hər insanın orada çıxış etmək kimi bir şansı da yoxdur. Amma kiçik klublarda, kafelərdə, “pub”larda belə bir şans var. Biz kafedə “Açıq mikrofon” edirdik. Bir də baxırdın elə insanlar, elə qızlar çıxış edirdilər ki, təəccüblənirdik. Məsələn, Şahnaz adlı bir xanım var, həmin gün hamımızdan yaxşı çıxış etdi. Yəni, belə bir şərait yaratmaq lazımdır ki, insanlar özündə cəsarət tapsın və çıxıb rahat danışsın. Bizdə “16+” idi. Mən uşaqlara deyirdim ki, istəyirsiniz söyüş söyün, amma lap dərinə getməyin. Ona görə ki, bura kafedir, insanlar toplaşırlar və biz hələ tam olaraq ona hazır deyilik.

- Konkret olaraq bəyəndiyiniz, izlədiyiniz “stand-up” sənətçiləri var?

- Dünyadan götürsək, Lui Si Key, Rikki Cerveysdir. Azərbaycanda isə Cəmil Məmmədlidən xoşum gəlir. Sonra Alim Cəfərov, Rauf Məmmədzadə var, onları bəyənirəm. Öz uşaqlarımızı sayıram, hamısı bizdə çıxış edir (gülür).

- “Zəhər tuluğu” filmində Adilin insan resursları mütəxəssisləri ilə olan müsahibə hissəsi bir çox insanın qarşılaşdığı problemi özündə əks etdirir. Necə düşünürsünüz, günümüzdə daha çox iş çatışmazlığı var, yoxsa işçi?

- Məncə, ikisi də var. Amma işçi problemi daha çoxdur. Əslində, hamı iş olmadığından şikayət edir, amma yaxşı işçi tapmaq da çətindir. Bunu öz sahəmizdən demirəm. Mən böyük şirkətdə işləyəndə də belə idi. Baxırsan ki, ali təhsillidir, amma o deyil. Yaxşı mütəxəssis tapmaq çətindir. Amma onu da deyə bilmərik ki, hər yer sizə açıqdır, iş tapmaq da rahatdır. İş problemi də var.

- Taleh Yüzbəyovun tamaşaçısı kimdir?

- Sosial şəbəkələrin verdiyi məlumata görə, 18-35 yaş arası insanlardır və əksəriyyəti də kişilərdir. “Zəhər tuluğu”ndan sonra qadın tamaşaçılarımın sayı artdı. Görünür, xarizmatik obraz qadınların xoşuna gəlib (gülür). Amma həyatda çox maraqlı məqamlarla rastlaşıram. Bir də görürsən kimsə deyir ki, mənim uşağım sənə baxıb yemək yeyir. Deyirəm ki, niyə baxır, axı nə başa düşür?! Birdən olur ki, kimsə deyir babam sənə baxır. Ona görə istənilən təbəqədən, istənilən yaş qrupundan izləyicilər var.

- Nəyi oğurlamaq olar?

- Yaxşı ideyanı oğurlamaq olar (gülür).

- Elə mən də gülümsəyərək bir daha soruşuram. Dəqiq olar?

- Əslində bunu mən demirəm, Pablo Pikasso deyir. Mənə görə heç nəyi oğurlamaq olmaz. Pikassonun dediyi odur ki, yaxşı ideyaları götürüb beynində süzgəcdən keçirib, onu özününkü edirsən və heç kim bilmir ki, bu, haradan gəlir. Bu isə şüurlu oğurluq deyil, bu, sadəcə olaraq səni formalaşdıran şeylərin sənin məhsulun olaraq ortaya çıxmasıdır.

- Həyat yoldaşınız Xatirə xanım da bloqerliklə məşğuldur. Ümumiyyətlə, bugünkü uğurunuzda onun payı nə qədərdir?

- Sıfır (qəhqəhə çəkir). Başa düşürəm, sıfırdan sonra heç nə ciddi alınmır (yenə gülür). Bəzən çox böyük dəstək olur, bəzən də mane. Həmişə ilkin olaraq onunla danışıram. O, mənim ilk tamaşaçımdır. Xoşuma gələn məqamlardan biri isə həmişə bəyənməyəndə, etirazı olanda bildirməyidir. Bəzən əsəbiləşsəm də, görürəm ki, düz dediyi məqamlar olur.

- Dediniz ki, sizin ilk tamaşaçınız həyat yoldaşınızdır, bəs siz Xatirə xanımı izləyirsiniz?

- O da videolarını mənə göstərir. İradım olanda deyirəm. Sadəcə o, kontent, yəni, geyinib gəzmək mənə çatmır. Maraqsız gəlir. Amma baxıram ki, insanlar maraqlanır və bilmək istəyirlər. İnsanlar Xatirəni çox istəyirlər. Bəzən olur ki, mənə yaxınlaşıb deyirlər ki, həyat yoldaşınıza “salam” deyin, biz onu izləyirik və s. Yəni, başa düşürəm ki, öz auditoriyası var və onu bəyənirlər. Amma biz bir-birimizin işinə qarışmırıq. Hərə öz işini görür.

- Məşhurluq harada köməyinizə çatıb?

- Köməyimə çatdığı məqamlar olub. Ancaq hər zaman deyirəm ki, məşhurluq üstünlük deyil. Hamımız bu cəmiyyətdə bir-birimizə hansısa formada xidmət göstəririk. Mən də hamı kimi insanam. Mən yaxşı başa düşürəm ki, kirayə pulu nədir, kommunal xərcləri, tələbəlikdə cibində bir manat pulu olmayıb ac qalmaq nədir. Mən məşhur olub bunları dana bilmərəm, metroya minəndə təəccüblənə bilmərəm. Çünki mən o cür böyümüşəm və o dönəmdən keçmişəm. Elə bu yaxınlarda metroya mindim. Doğrusu, süni təvazökarlıq olsun deyə metroya minmirəm. Amma mindim və çox nostalji hisslər yaşadım. Açığı minərəm, sadəcə olaraq diqqət mərkəzində olmağı sevmirəm. Hamı baxır, diqqət mərkəzində olursan və bu, məni çox sıxır. Bəli, əgər tamaşada, ya filmdə oynayırsansa, diqqət mərkəzində olmalısan. Amma avtobusda, metroda və toyda deyil.

- Hazırda hansı layihə üzərində işləyirsiniz?

- Gələn il üçün film üzərində işləyirik, o ayrı bir xətdir. Reklam çəkilişlərim də olacaq. Hazırda “bomj” ideyam var. Onun çəkilişləri üçün saçımı, saqqalımı, dırnaqlarımı da uzadıram. Adı isə belədir: “Yaşayış yeri təyin olunmamış”. Çox güman “Instagram reels” üçün çəkəcəyik və bu, 4-5 seriyadan ibarət kiçik videolar olacaq, sonra isə onun böyük videoversiyasını çəkməyi düşünürəm.

- Doğum gününüzü təbrik edir, Sizə işlərinizdə uğurlar arzulayırıq.

- Mən də diqqətiniz üçün təşəkkür edirəm, çox sağ olun!

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri