Dek
2022
16:36
82
155
8985
Virtual karabakh

Azərbaycanın builki “Best Model”inin 155 sm boyu var? - Şəbəkəni çalxalayan iddialara CAVAB + FOTO

6 Dek, 2022
16:36
8985

Azərbaycanın builki “Best Model”inin 155 sm boyu var? - Şəbəkəni çalxalayan iddialara CAVAB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 4-də “Baku Crystal Hall”da “Best Model of Azerbaijan-2022” müsabiqəsinin qalibləri seçilib. Liza Uzun adlı iştirakçının müsabiqədə qalib olması sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olub.

Lizanın boyunun cəmi 155 santimetr olması ilə bağlı iddialar irəli sürülür. Qısa boylu birinin model müsabiqəsində qalib olması bəzilərində sual yaradıb. Bir qisim modellik kriteriyalarının pozulduğunu, bəziləri də dəyişdiyini düşünürlər.

Bəs görəsən, məsələ, əslində necədir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın sözlərinə görə, moda aləmində kriteriyalar dəyişməyib:

“Modada kriteriyalarla bağlı heç bir dəyişiklik yoxdur. Hətta sizə deyim ki, mən öz kolleksiyalarıma modellər seçəndə çalışıram ki, boyu 175-178 və ya 182 sm olsun. Podiumda tam bir moda mənzərəsi yaranır. Çünki model nə qədər ucaboy olsa, bir o qədər effektli olar. Bunun da xüsusi səbəbləri var. Podium çox uzun olur. Tamaşaçı libası tam görməlidir. Dəyişən bir şey yoxdur. Bunlar kriteriyalardır”.

Modelyer özünün də üzvü olduğu münsiflər heyətində moda sektorundan nümayəndələrin sayının az olduğunu qeyd edib:

“Qalib münsiflər tərəfindən seçilir. Bu il münsiflərdə tanımadığım insanlar çox idi. Onlar moda sektorunun nümayəndələri deyildilər. Səs çoxluğu ilə Liza xanım qalib gəldi. Müsabiqədə bir səs çoxluğu ilə olsa belə, qalib gəlmək mümkündür. Münsiflər heyətinin üzvlərini tanımırdıq. Bir söz deyə bilmərəm. Sadəcə, güman edirəm ki, onların seçimi ilə Liza xanım qalib olub. Moda sektorunu təmsil etməyənlər çox idi. Bunu aydın şəkildə görmək mümkündür”.

F.Xələfova müsabiqədə onlayn səsvermənin də olduğunu söyləyib:

“Ötən il səsvermə onlayn şəkildə olmamışdı. Onlayn bilet alan insanların da rəyi rol oynayıb. Modanı təmsil etsək də, biz ortada əyləşmişdik. Yan tərəflərdə başqa münsiflər heyəti var idi. Onların rəyi üstün oldu.

Mən tamam başqa namizədi qeyd etmişdim. Qalib ucaboy, daha yaxşı namizəd ola bilərdi. Ötən il müsabiqədə münsiflər heyətinə moda sektorunu təmsil edən insanlar daxil idilər. Sədr mən idim. Bu dəfə mən deyildim. Mən sədr olanda qalibiyyət əldə etmək istəmişəm. Yalnız gələcək üçün qalibiyyəti düşünürəm. Liza xanım, bəlkə də, Türkiyədə də qalib olar. Sadəcə, sevinərəm”.

“Best Model of Azerbaijan 2022” müsabiqəsinin təşkilatçısı Elxan Paşayev sosial şəbəkədə aparılan müzakirələrdən danışıb:

“13-14 ildən sonra ilk dəfə bu qədər böyük heyət bir araya toplaşdı. Final dekabrın 4-də keçirildi. Mənim orada çəkdiyim xərc göz önündədir. Lakin mənə böhtanlar yaxırlar. Guya kimdənsə pul alıb, qalib etmişəm. 60-70 min xərc çəkdiyim halda hansısa bir iştirakçının 5-10 mininə ehtiyacım yoxdur. Bununla adıma xələl gətirmərəm. Prinsipə düşmüş iştirakçılar bu cür ifadələr irəli sürürlər.

Yalnız iki iştirakçının iradı var. Rəsmi münsif heyətindən narazılıq bildirənlər olmadı. Hər kəs razı idi. Orada hər şey planlaşdırılmış şəkildə olub. Rufana adlı model xanım seçimlər zamanı kastinqdə iyul ayında mənə pul təklif etmişdi. Sırf qalib olmaq üçün bunu edirdi. Lakin niyyəti baş tutmadı”.

E.Paşayev Lizanın boyu ilə bağlı yayılan məlumatların yalan olduğunu söyləyib:

“Paylaşılan şəkillərə diqqət edin. Orada hər kəsin şəkli tam götürülüb, Lizanı isə balaca halda saxlayıblar. İrəli sürülən iddia yalandır. 155 santimetr boyu olan biri necə qalib seçilə bilər?! Bu qədər təşkilatçılıq edən biri bu cür incə məqamı, sizcə, necə unuda bilər? Xanımın boyu 169 santimetrdir.

Nəticədən razı qalmayan modellər belə yalanlar danışırlar. Reallığa uyğun olmayan ifadələr və fotolarla qalmaqal yaratmağa çalışırlar. Modellikdə kriteriyalar var. 165 santimetrdən hündür xanımlar yarışmada iştirak edə bilərlər. Bakıda boyu 170 santimetrdən çox olan xanımlara çox az rast gəlinir. Xanımın azərbaycanlı olmadığı bildirilir. Ayrı-seçkiliyə ehtiyac yoxdur. Xanımın atası türk, anası Gürcüstanda yaşayan azərbaycanlıdır. Bu kimi böhtanların əvvəlcədən planlaşdırıldığını düşünürəm”.

Təşkilatçı əlavə edib ki, dekabrın 16-da Türkiyədə baş tutacaq müsabiqədə alacaqları nəticə hər kəsə dərs olacaq:

“Xanımın üz cizgiləri estetik əməliyyatlı görünə bilər. Amma elə bir şey yoxdur. Liza təbii, gözəl xanımdır. Şikayət edən xanımlar estetik əməliyyatlıdırlar. Hər kəs onu boyu ilə “vurmağa” çalışır. Tək boy əsas kriteriya deyil. Boy üzərindən qalibiyyət qazanmaq real deyil. Məntiqi açıqlaması yoxdur.

Bizim seçimimizin doğru olduğu dekabrın 16-da alacağımız nəticədən bəlli olacaq. Əziyyətimi yerə vurmağa çalışırlar. Boydan və puldan danışırlar. Mənə ən çox təsir edən o pul söhbəti oldu. Alacağımız nəticə hər kəsə dərs olacaq”.

Münsif heyətindən modelyer-dizayner Kübra Nuriyeva isə müsabiqədə ədalətli qərar verməyə çalışdığını əlavə edib:

“Mən dizaynerəm. Ancaq geyimlərin tərtibatı ilə məşğulam. Düzdür, münsiflər heyətində idim. Münsif olaraq ədalətli qərar verməyə çalışdım. Lakin qalmaqalı sevmirəm, uzaq qalmağa çalışıram”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri