11 
Apr
2015
09:40
10
2
1017
Virtual karabakh

Vaqif Mustafazadənin 75 illik yubileyi qeyd olundu - FOTO

11 Apr, 2015
09:40
1017

Vaqif Mustafazadənin 75 illik yubileyi qeyd olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan cazının cazibəsi...

Aprelin 10-da Heydər Əliyev Sarayında hamı onu - 75 yaşlı görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, bənzərsiz caz ustası Vaqif Mustafazadəni dinləməyə, təbrik etməyə gəlmişdi. Səhnədə səsləndirilən musiqilərin də, alqışların da bir ünvanı vardı - Vaqif Mustafazadə. Onun musiqisinin solmayan cazibəsi yığıb, toplamışdı bu qədər insanı bu məkana. Axı əsl sənət inciləri heç vaxt dəyərdən düşüb, köhnəlmir...

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sarayın foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş etdirilib.

Yubiley tədbiri Vaqif Mustafazadənin həyat yoluna həsr olunmuş rolikin təqdimatı ilə başlayıb. Gecə boyu Vaqif Mustafazadənin həyatının bütün dövrlərini əks etdirən roliklər təqdim olunub.

İlk olaraq əməkdar artist Teyyub Aslanovun ifasında muğam təqdim edilib. Sonra Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri Vaqif Mustafazadənin fortepiano və orkestr üçün konsert əsərini səsləndirib. Solist kimi xalq artisti Fərhad Bədəlbəyli çıxış edib.

Gecədə vurğulanıb ki, Vaqif Mustafazadə musiqiyə hamı kimi yox, özü kimi, fərqli, qeyri-adi və tam yeni nəzərlə baxırdı. Onun musiqisində və duyumunda Qərbin caz üslubu, elementləri ilə yanaşı, Şərqin qəlbi riqqətə gətirən min bir duyğu çaları özünə yuva salmışdı.

Bəstəkar və pianoçu, vəfatından sonra isə Dövlət mükafatı laureatı adına layiq görülən Vaqif Mustafazadə 1940-cı il martın 16-da Bakıda, İçərişəhərdə dünyaya göz açıb. Bu o zaman idi ki, Azərbaycanda ilk dəfə caz orkestri yaradılmışdı, özü də böyük sənətkarlarımız Tofiq Quliyevlə Niyazinin birgə səyi nəticəsində.

V.Mustafazadənin musiqiyə vurğunluğu elə göz açdığı ailədən qaynaqlanırdı. Atası Əziz hərbçi olsa da, musiqiyə son dərəcə bağlı bir insan idi, gözəl tar çalırdı. Dahi Üzeyir Hacıbəyli məktəbinin yetirməsi olan anası Zivər xanım isə gözəl pianoçu olmaqla yanaşı, muğamı bütün incəliyi ilə bilirdi. Belə bir ailədə böyüyən Vaqifin musiqiyə olan qeyri-adi bağlılığı qətiyyən təəccüblü deyildi. Bu fərqi hamıdan tez anası Zivər xanım duymuşdu. Bu haqda Zivər xanım xatirələrində yazırdı: “Hələ Vaqifin beş yaşı olanda bir dəfə ona Səməd Vurğunun “Vaqif” poemasından bir parça oxudum. Üstündən bir qədər keçməmiş balaca Vaqif həmin parçanı olduğu kimi əzbərdən dedi. O zaman hiss etdim ki, Vaqif böyüyəndə qeyri-adi bir insan olacaq. Sonralar onun piano arxasında saatlarla çalışması mənim ümidlərimi doğrultdu”.

Vurğulanıb ki, Vaqif Mustafazadə ilk musiqi təhsilini anası Zivər xanımdan aldıqdan sonra 1957-ci ildə Asəf Zeynallı adına musiqi məktəbinə daxil olub. Təhsil aldığı illərdə o, əvvəlcə xalq çalğı alətləri orkestrində pianoçu, az sonra isə Azərbaycan Radio Komitəsində pianoçu-solist kimi işləyib. Vaqif 1965-ci ildə Tbilisidə “Orero” ansamblına musiqi rəhbəri kimi dəvət alıb, elə həmin ildə “Qafqaz” caz triosunu yaradıb.

Vaqifin 1967-ci ildə Tallində ümumdünya caz festivalındakı çıxışı ona dünya şöhrəti qazandırdı. Bu festivala dünyanın 3 mindən çox musiqiçisi qatılmışdı. Tallinin “Kalev” idman zalında bir-birinin ardınca səhnəyə çıxan məşhur caz ustalarının çıxışlarını böyük caz mütəxəssisi Velis Konoverin başçılıq etdiyi münsiflər heyəti qiymətləndirirdi.

V.Konover sonradan Vaqif Mustafazadənin çıxışının onda oyatdığı təəssüratı belə bölüşmüşdü: “Vaqif qeyri-adi pianoçudur. Dünya cazında ona bərabər musiqiçi tapmaq çətindir”.

Tallində qazandığı böyük uğurdan sonra Vaqif Gürcüstana deyil, Azərbaycana dönür. Bu, qəribə bir dönüş idi. Bakıya qayıdan Vaqif Mustafazadə burada “Caz-trio”, “Leyli”, “Caz-Muğam” ansambllarını yaradır. Melodiya firmasında onun 9 albomu çıxır.

V.Mustafazadə digər bir uğura isə 1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə keçirilən festivalda imza atır. Festivalın şərtlərinə görə, əsərin müəllifi, ifaçısı hətta onun hansı ölkəni təmsil etməsi gizli saxlanılmalı idi. Münsiflər heyəti bu lentləri bir-bir dinləyib, qalibi müəyyənləşdirdikdən sonra, əsərin müəllifi, ifaçısı o cümlədən ölkənin adı elan olunacaqdı. Yüzlərlə naməlum ad içərisindən yenə də bizə doğma və yaxın olan ad çəkilir: “Azərbaycan, Vaqif Mustafazadə, “Əzizəni gözləyərkən”. Vaqif Monako caz festivalından vətənə “Ağ royal” mükafatı ilə qayıdır.

Diqqətə çatdırılıb ki, dünyanın heyrətlə izlədiyi və bəstələrinə vurğunluqla qulaq asdığı Vaqif Mustafazadə heç kimin gözləmədiyi anda hamını tərk etdi, Daşkənd qastrolu Vaqif Mustafazadə üçün sonuncu oldu. 1979-cu il dekabrın 16-da çıxış zamanı royal arxasında o ikinci dəfə infarkt keçirdi. V.Mustafazadəni xəstəxanaya çatdırsalar da, xilas etmək mümkün olmadı.

Bildirilib ki, bu gün Vaqifin ruhu şaddır. Ona görə ki, sənət yolunu qızları Lalə və Əzizə davam etdirirlər.

Yubiley gecəsində “Cəngi” qrupu, xalq artisti Ənvər Sadıqov, “Qaya” Dövlət Ansamblı, caz trio, “Rast” qrupu, Rəşid Behbudov adını Azərbaycan Dövlət Mahnı Teatrının estrada-simfonik orkestri, əməkdar artist İsfar Sarabski çıxış ediblər.

Sonda Vaqifin “Düşüncə”si öz ifasında yenidən təqdim edilib və gecənin iştirakçıları səhnəyə çıxaraq Vaqif Mustafazadəni bir daha alqışlayıblar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri