İyn
2023
17:56
136
41
6890
Virtual karabakh

Məşhur çoxuşaqlı analar: “Əsas məsələ onlara gözəl tərbiyə verməkdir” - FOTO

1 İyn, 2023
17:56
6890

Məşhur çoxuşaqlı analar: “Əsas məsələ onlara gözəl tərbiyə verməkdir” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ana uşağın həm bioloji, həm də sosial rolunu daşıyan qadındır. Həm məşhurluq, həm də çoxuşaqlı ana olmaq heç də asan deyil. Elələri var ki, uşaq dünyaya gətirdikdən sonra sənətdən uzaqlaşırlar. Əslində, “çoxuşaqlı” sözü nisbi mənadadır. Burada söhbət bir və ya iki uşaqla kifayətlənənlərlə müqayisədə üç-dörd uşaq sahibi olanlardan gedir.

Oxu.Az-ın əməkdaşı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə sənətdə olan məşhur çoxuşaqlı analarla danışıb.

Müğənni Xuraman Şuşalı ana olduqdan sonra sənətdən çox da uzaqlaşdığını sanmır:

“Övlad Allahın bizə verdiyi bir nemətdir. Onlar bizə Allahdan əmanətdir. Düşünürəm ki, islama layiq övlad böyütməliyik. Allah övladı valideyni saxlamaq üçün vermir. Dörd övladım var - iki qız, iki oğlan. Allah olmayanlara qismət etsin. Böyük oğlumun on iki, qızımın on bir, kiçik oğlumun səkkiz, sonbeşiyim olan digər qızımın üç yaşı var. Hazırda Şuşadayam. Övladlarımdan çox nigaranam.

Sənətdən, deməzdim ki, uzaqlaşdım. Elə adam var ki, özünü gündəmdə saxlayır. Bəziləri özünü gündəmdə saxlamaq üçün aidiyyəti oldu-olmadı bütün mövzulara münasibət bildirirlər. Belə gündəmdə qalmaqdansa kənarda dayanmaq ən gözəlidir. İldə iki-üç dəfə görünmək daha yaxşıdır. Sənət ilə gündəmdə olaq. Çoxlarına o da maraqlı deyil”.

X.Şuşalı əlavə edib ki, əsas məsələ uşaqlara gözəl tərbiyə verə bilməkdir:

“Körpələrimizi bayram münasibəti ilə təbrik edirəm! Əsas məsələ onlara gözəl tərbiyə verməyimizdir. Öz problemlərimizlə uşaqlarımıza travma yaşatmayaq. Çalışaq ki, uşaqlarımızı qoruyaq”.

Xalq artisti Gülyanaq Məmmədova qeyd edib ki, işlə bir araya sığdırmaq çətin olsa da, övladları ilə daim məşğul olmağa çalışır:

“Üç oğul, bir qız övladım var. Bu dəqiqə Özbəkistandayam. Ötən gün Daşkənd şəhərində konservatoriyada solo konsertim vardı. Bu gün də Səmərqənd şəhərində solo konsertim olacaq. Övladlarımdan uzaq düşmüşəm. Fikrim yanlarındadır.

Bayram münasibəti ilə övladlarımızı təbrik edir, cansağlığı arzu edirəm! Arzum budur ki, bütün valideynlər övladlarını gözəl, cəmiyyətimiz üçün yararlı böyütsünlər. Cəmiyyətdə layiqli yer tutsunlar. İşlərimizlə birlikdə çətin olsa da, övladlarımla məşğul oluram. İnşallah, məyus olmarıq”.

Xalq artisti, Opera və Balet Teatrının solisti Fidan Hacıyeva uşaqlara zaman ayırmağın vacib olduğunu söyləyib:

“Çətin olsa da, uşaqlara vaxt ayırmaq lazımdır. Çalışmalıyıq ki, onlara savad verək. Kiçik yaşlarında musiqi və ya idman ilə məşğul olsunlar. Kitab oxusunlar. Sosial şəbəkələrdən uzaq olsunlar.

Mənim balaca oğlum musiqi ilə məşğul olur. Skripka çalır, fortepianoda ifa edir. Artıq onun mahnılarını oxuyuram. Bu yaxınlarda “Öndər” adlı əsəri yaratdı. Onu səsləndirdim. Böyük qızım İngiltərədə oxuyur. Ortancıl oğlum məktəblidir”.

Estrada müğənnisi Elnarə Xəlilova bayram gününü uşaqlarına ayıra bilmədiyini deyib:

“Bayramda adi insanlar bayram edib, şənlənirlərsə, biz sənət adamları üçün bayram şənləndirmək və əyləndirmək deməkdir. Adətən, bayramlarda biz, təəssüf ki, evdə ailəmiz və övladlarımızla ola bilmirik. Bu gün də mənim tədbirlərim var. Bütün günüm bu tədbirlərə hazırlıqlarla keçəcək. Övladlarıma söz vermişəm, həftəsonu, əgər özlərini yaxşı aparsalar və qiymətləri yaxşı olsa, onları dənizə aparacağam”.

Qeyd edək ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.

Bu bayramla yanaşı, BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur.

1924-cü ildə ilk dəfə olaraq uşaqların hüquqlarını təmin edən Bəyannamə qəbul edilib. Bu bəyannamədə deyilirdi ki, “bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri