19 
May
2017
18:12
23
78
2079
Virtual karabakh

Azərbaycanlı nazirdən “Vyana toplantısı”na dair açıqlama

19 May, 2017
18:12
2079

Azərbaycanlı nazirdən “Vyana toplantısı”na dair açıqlama

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Prezidentinin razılığı ilə energetika naziri Natiq Əliyev 23-25 may 2017-ci il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək. 

Nazir Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin birgə iştirakı ilə Vyanada keçiriləcək Nazirlər Şurasının 172-ci iclasında Azərbaycanı təmsil edəcək. 

Bu barədə Oxu.Az-a Energetika Nazirliyindən bildirilib.

Eyni zamanda, Azərbaycanın neftin qiymətinin sabitləşdirilməsi məramlı tədbirlərdə yaxından iştirakının əhəmiyyətini, bu tədbirlərdə aparıcı rol oynamasını nəzərə alaraq, OPEC-in baş katibi Mohammad Sanusi Barkindo, eləcə də OPEC və qeyri-OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin rəhbəri, Küveytin neft naziri Əssam əl-Marzuk Natiq Əliyevlə görüşməyi təklif ediblər.

OPEC-in Nazirlər Şurasının iclasında Vyanada Monitorinq Komitəsinin hasilatın azaldılması ilə bağlı öhdəliklərinin icrasının neft bazarına təsiri, enerji bazarında müşahidə olunan tendensiyalar və iqtisadi inkişaf tempinin təhlili əsasında hazırlanmış hesabatı açıqlanacaq. 

İlin ikinci yarısı üçün Sazişin müddətinin uzadılması, yaxud digər hansısa bir qərarın qəbulu məhz bu hesabatın nəticələrinə əsasən müəyyənləşəcək. 

Energetika naziri Natiq Əliyev hesab edir ki, OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələrin 10 dekabr 2016-cı il tarixində Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşma tarixi bir qərar olub: 

“Neft hasil və ixrac edən ölkələrin dünya neft bazarında payından və çəkisindən asılı olmayaraq  ilk dəfə olaraq nümayiş etdirdiyi yekdil mövqe ilin birinci yarısı üçün nəzərdə tutulan sazişin  uğurlu nəticəsini təmin etmiş oldu. 

Neft bazarında və neftin qiymətində müşahidə olunan sabitləşmə prosesi, öhdəliklərin icrası OPEC və qeyri-OPEC ölkələrinin birgə qərarının işləkliyini sübut etməklə bərabər, 5 ay bundan əvvəl dünya enerji bazarını saran problemdən çıxış metodunun da düzgün seçildiyini, hasilatın azaldılması qərarının özünü doğrultduğunu bir daha təsdiqləyir. 

Vyana sazişinin nəticələrinin davamlı olmasına ehtiyac var. Bu məqsədlə bütün neft hasil edən ölkələrin bu prosesdə fəal iştirakı, ümumi mənafe naminə birgə hərəkət etməsi vacibdir.

Azərbaycan neft hasilatının azaldılması barədə razılaşmanı imzalayan tərəf kimi bundan sonra da neft bazarında qiymət sabitliyinin davamlı olması üçün növbəti addımları atmağa hazırdır”- deyə Natiq Əliyev bildirib. 

Xatırladaq ki, cari ilin yanvar ayından etibarən, Azərbaycan ölkədə hasilatı nəinki sutkada 35 min barel azaltmaqla müvafiq öhdəliyinə uyğunlaşdırıb, hətta kvotadan da artıq azalmaya nail olub. 

Rəqəmlərə istinad etsək, görərik ki, respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barel, fevral ayında 776,4 min barel, mart ayında 733,3 min barel, aprel ayında 781,1 min barel olub. OPEC və qeyri-OPEC ölkələrinin nazirlərindən ibarət Birgə Monitorinq Komitəsi Azərbaycanı bu prosesdə aparıcı ölkə kimi qiymətləndirib. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri