16 
İyl
2017
22:40
22
675
10411
Virtual karabakh

Benzinin qiymətindəki artım bahalaşmaya səbəb olacaqmı?

16 İyl, 2017
22:40
10411

Benzinin qiymətindəki artım bahalaşmaya səbəb olacaqmı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinin 20 qəpik artırılmasının ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşmasına yol açacağı hazırda müzakirə olunan mövzulardan biridir. Bəzi ekspertlərin rəyinə görə, xüsusilə regionlardan gətirilən məhsulların qiymətində artım olacaq.

Digər məhsulların qiyməti artmayacaq

Məsələyə münasibət bildirən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Oxu.Az-a açıqlamasında benzinin qiymətdəki artımın digər sahələrdə, xüsusilə kənd təsərrüfatı məhsullarında bahalaşmaya yol açacağını istisna edir: “Ola bilər ki, adıçəkilən sahələrdə qiymət artımı müəyyən müddətdən sonra baş versin. Ancaq bunu “Aİ-92” markalı benzinin qiymətlərinin 28.57% artımı ilə bağlamaq və əsaslandırmaq düzgün deyil. Çünki onlar arasında bu və ya digər şəkildə hansısa hiss ediləcək bağlılıq yoxdur. Belə informasiyaların meydana çıxması, çox güman ki, yanacağın əvvəlki artımlarında müşahidə edilən qiymət ajiotajlarının təəssüratı ilə əlaqədardır. İndiki halda isə vəziyyət bir qədər fərqlidir. Ona görə ki, hökumət dizel yanacağının qiymətini əvvəlki kimi saxlayıb. İctimai nəqliyyat (daha müasir avtobuslar 2015-ci ildən sıxılmış qazla - CNG ilə işləyir), şəhərlərarası nəqliyyat, demək olar ki, bütün kommersiya nəqliyyatı (həm minik, həm xidmət, həm də yükdaşıma) dizel yanacağı ilə işləyir”.

Manatın devalvasiyasının “Aİ-92” markalı benzinin qiymətinə təsiri 

Diqqət çəkən məqam TŞ-nın benzinin qiymət artımı ilə bağlı önə sürdüyü səbəblərdən biri kimi ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişiklikləri göstərməsidir. Əvvəla, nəzərə çatdıraq ki, “Aİ-92” markalı benzin Azərbaycanın öz istehsalıdır və onun istehlakçıya çatdırılmasına valyuta sərf edilmir. Digər tərəfdən, Mərkəzi Bankın açıqlamasına görə, ilin əvvəlindən manatın məzənnəsinin sabitliyinin dayanıqlığı yüksəlməkdədir. İlin sonuna qədər manatın məzənnəsinin sabitliyini təmin edən qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində hər hansı əhəmiyyətli dəyişikliklər proqnozlaşdırılmır.

Avtomobil sahibi olmaq ikiqat lüksə çevrilir

2010-cu ildən sonra Qərb bazarına çıxarılan bütün avtomobillərin mühərrikləri “Aİ-95” markalı benzinə uyğunlaşdırılıb. Azərbaycanda “Aİ-95” markalı benzin istehsalı yalnız 2020-ci ildə baş tutacaq. SOCAR-dan verilən məlumata görə, Heydər Əliyev adına Neftayırma Zavodunda aparılan yenidənqurma nəticəsində ölkədə benzin istehsalı tamamilə “Avro-5” standartına, yəni “Aİ-95” markaya keçiriləcək. Bunun üçün 1,5 milyard dollara yaxın vəsait xərclənəcək və zavodda ildə 2,4 milyon ton benzin istehsal ediləcək. İstehsal olunan benzinin yarıdan çoxu ixraca yönəldiləcək. Bu halda “Aİ-95” markalı benzin indikindən ucuz satılmayacaq. 

İ.Şaban bildirir ki, SOCAR 2020-də həm “Regular” (“Aİ-93”, indiyə qədər bizdə bu markada benzin istehsal edilməyib), həm də “Super” (“Aİ-95”) istehsal edəcək: “Özü də “Avro-5” standartında. Ancaq gözləmək olar ki, o zaman manatın dəyərinin dəyişməsi, inflyasiya və dünya bazarlarında neft məhsullarının qiymətinin artımı kimi amilləri nəzərə alıb yerli bazarda yeni qiymətlər olsun”.

Bununla belə, mütəxəssis benzinin qiymətinin ucuz olacağına inanmır: “Artıq bizim bazarda çox şeyin qiymətləri ucuz deyil. Çünki onları ucuz saxlayacaq nə bahalı manatımız, nə də dolub-daşan xəzinəmiz var. Neft gəliri isə 2014-cü illə müqayisədə 3 dəfə azalıb”. 

Benzin istehsalı artıb, istehlak azalıb 

Nəhayət, son olaraq, qeyd edək ki, bu ilin 6 ayı ərzində ölkədə 524,1 ton avtomobil benzini istehsal edilib. İstehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz artıb. Maraqlıdır, istehlak da artıbmı? Yanvar-mart aylarının statistikasına görə, benzin istehlakı 5,5%  azalıb. Bu azalma yeni proses deyil.

SOCAR-ın hesabatına əsasən, ötən il ölkədə 1,263 mln. ton avtomobil benzini, 1,090 mln. ton dizel yanacağı istehlak olunub. Avtomobil benzininin istehlakı 2015-ci ilə nisbətən 3,9%, dizel yanacağının istehlakı isə 6,2% azalıb. Göründüyü kimi, təklif tələbi üstələyir. 

Digər tərəfdən, Azərbaycanda vətəndaşların avtomobillə təminatı yüksək deyil. Rəsmi statistikaya əsasən, ölkədə 1 milyon 322 min minik avtomobili var. Hər 1000 nəfərə 139 avtomobil, hər 100 ailəyə 52 minik avtomobili, hər 1 km şosse yola 79 avtomobil düşür. Hər üç göstərici əvvəlki illərlə müqayisədə artıb. 

L.Əliyeva 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri