11 
Avq
2017
11:18
38
46
1626
Virtual karabakh

Mənzillərin qiyməti ilə bağlı ekspertlər arasında fikir ayrılığı - Qiymət artacaq?

Mənzillərin qiymətinin gələn aydan artacağı ilə bağlı proqnozlar verilməkdədir. Bir qrup ekspert isə bunun əksini düşünür. Doğrudanmı, mənzil bazarında canlanma gözlənilir?

Oxu.Az-a bazarın vəziyyətini şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, son 4 ildə belə məlumatlar daimi olaraq mətbuata sızdırılır: "Amma nə qiymət, nə də mənzil alanların sayı artır. Bu məlumatlarda məqsəd aydındır: qiymət artımları ilə bağlı məlumatı oxuyan müəyyən qədər pulu olan və ev axtaran alıcı mənzil bazarına daxil olsun və "qiymət artımları" baş vermədən ev almağa tələssin. Yəni vətəndaş düşünsün ki, qiymət artacaq, tez alqı-satqı müqaviləsi bağlasın.  Halbuki, bazarda elə mənzillər var ki, nəinki aylardır, hətta illərdir alıcısını tapa bilmir".

İqtisadçı deyir ki, reallıqda əmlak bazarında vəziyyət deyilənlərdən fərqlidir: "Bizim apardığımız monitoriqlər göstərir ki, bu sektorda yalnız kirayə bazarında qiymət artımları müşahidə edilir. Bu da yeni tədris ilinin başlamasına təxminən 1 ay vaxtın qalması və mövsümün başa çatması ilə bağlıdır. Bununla yanaşı, kirayə bazarında heç də bütün seqmentlər üzrə qiymət artımı müşahidə edilmir. Bahalı kirayə haqqı olan evlərdə qiymətlər stabildir. Aylıq kirayə haqqı orta hesabla 400 manatadək olan mənzillərdə müəyyən qiymət artımları var. Amma bu rəqəmdən yüksək kirayə haqqı təklif edən evlər üçün qiymətlərdə dəyişiklik yoxdur. Bu bazarda da qiymətlərin gələn ayın sonuna doğru stabilləşəcəyi gözlənilir. Daşınmaz əmlak və eləcə də, torpaq bazarında alıcı problemi qalmaqdadır. Tələb yenə də aşağıdır və təklif, demək olar, dəyişməyib. Tələb, alıcılıq qabiliyyəti və eləcə də, bazardakı təklifi nəzərə aldıqda yaxın zamanlarda mənzillərin qiymətində artım gözlənilmir".

L.Ə.

www.oxu.az 

Digər İqtisadiyyat xəbərləri