13 
Okt
2017
21:05
89
25
7095
Virtual karabakh

#4noyabr-a qarşı — TƏXRİBAT + YENİLƏNİB

Ötən gecə kimliyi məlum olmayan şəxslər #4noyabr Facebook səhifəsini ələ keçiriblər.

Kampaniyanın təşkilat komitəsindən Oxu.Az-a bildirilib ki, Facebook-a müraciətlər əsasında səhifədə olan idarəçilik bərpa edilib. 

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət ünvanlanıb, hadisənin necə baş verməsi araşdırılır.

Təşkilatçıları izləyicilərinə dəstəyə görə təşəkkür ediblər:

“Sizin dəstəyiniz bir daha #4noyabr marketinq hadisəsinə marağınızı və rəğbətinizi göstərməklə yanaşı, eyni zamanda, bizi daha çox hədiyyələrin cəlb olunması, kampaniyanın daha da yaxşı formada həyata keçirilməsi üçün həvəsləndirir. Təşəkkürlər”.

17:27

Səhifə oktyabrın 12-dən 13-nə keçən gecə kimliyi hələ məlum olmayan şəxslər tərəfindən heklənib. Belə ki, bu gecədən etibarən adminlər (təşkilatçılar) səhifənin idarəçiliyindən məhrum ediliblər.

Yerli marketoloqların heç bir brendə bağlı olmadan təşkil etdiyi #4noyabr viral kampaniyasının "Facebook" səhifəsində təşkilatçılar mütəmadi olaraq yeniliklər və vəd olunan hədiyyələr barədə məlumat paylaşırdılar. 

#4noyabr viral kampaniyasının təşkilatçılardan olan Elgün Namazlı bildirib ki, bu barədə hüquq-mühafizə orqanlarına müraciət hazırlayırlar: “Bu, #4noyabr viral kampaniyasının uğurunu qəbul edə bilməməkdir. Eyni zamanda, bir cinayətdir. Başqa şəxslərin yaratdığı səhifəni gizli yollarla ələ keçirmək və idarə etməyə çalışmaq cinayətdir. İnanırıq ki, hüquq-mühafizə orqanlarının köməyilə tezliklə hekləyənlərin kimliyi məlum olacaq. Təcrübədən görmüşük ki, hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı nəticəsidə hekləyənlərin kimliyi tezliklə aşkarlanır.

Ona görə də bildirmək istəyirik ki, səhifənin idarəçiliyi yenidən bizə qayıdana qədər həmin səhifədə paylaşılan heç bir material üçün məsuliyyət daşımırıq. 

#4noyabr Azərbaycanda ən çox səs gətirən viral kampaniyadır. Kampaniya iştirakçılarına bildirmək istəyirik ki, müsabiqənin şəffaflığı və gedişatı ilə bağlı narahat olmasınlar, bütün hədiyyələrin qeydiyyatı aparılıb, bütün loglar qeydə alınıb. "Facebook" səhifəsi yalnız hədiyyələri nümayiş etdirmək üçün istifadə olunurdu. Hər kəsi səsləyirik ki, #4noyabr həştəqi ilə sosial şəbəkələrdə paylaşım etməyə davam etsinlər. 

Xatırladaq ki, bundan əvvəl də #4noyabr kampaniyası ilə bağlı "Facebook"da bir neçə saxta səhifələr açılıb. Bununla bağlı təşkilatçıların mediada fikirləri səsləndirilib.

Qeyd edək ki, #4noyabr Azərbaycanda ilk dəfə heç bir brendə bağlı olmadan yerli marketoloqların birgə komanda şəklində hazırladığı viral kampaniyadır. Kampaniya çərçivəsində #4noyabr həştəqi ilə Sosial Şəbəkələrdə paylaşım edən istifadəçilərdən biri təsadüfi seçiləcək və hədiyyələrlə mükafatlandırılacaq. Müxtəlif biznes qurumları da viral kampaniyaya qoşulub və hədiyyələr vəd ediblər. Mükafatların həcmi 20 min manatdan artıq ölçülür. Azərbaycanda bu tip viral kampaniya heç vaxt keçirilməyib, bu, ilkdir.

4 Noyabr tarixində nə baş verəcəyi isə bu gün bəlli olacaq.

www.oxu.az