11 
Dek
2017
13:19
162
26
5268
Virtual karabakh

Nazirlər Kabineti qərar verdi: Bu məhsulların keyfiyyəti yoxlanacaq

11 Dek, 2017
13:19
5268

Nazirlər Kabineti qərar verdi: Bu məhsulların keyfiyyəti yoxlanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası”nı təsdiq edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu Qayda yoxlama səlahiyyətləri verilmiş mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən yoxlamalar zamanı keyfiyyətsiz və təhlükəli, saxta, buraxılması və satılması qadağan olunmuş malların götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi prosedurlarını müəyyən edir.

Bu Qayda mülkiyyət formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslərə şamil olunur və gömrük nəzarəti altında olan mallar istisna olmaqla, yeyinti məhsulları, parfümeriya və kosmetika məhsulları, dərman vasitələri, şəxsi gigiyena vasitələri, bioloji fəallığa malik qida əlavələri, tütün məmulatları, məişət kimyası məhsulları, aqrokimyəvi maddələr, baytarlıq preparatları, bitki və bitkiçilik məhsulları, saxlanma (yararlılıq) müddəti müəyyən edilmiş digər qeyri-ərzaq məhsulları və tikinti materialları, yeyinti məhsulları və onların xammal və inqrediyentlərini əhatə edir. Yoxlama zamanı malların müəyyən edilmiş tələblərə uyğun olması barədə əsaslandırılmış şübhələr yaranarsa, həmin malların tədqiqi (sınağı) və bu məqsədlə malların nümunələrinin götürülməsi həyata keçirilir. Malın tədqiqi (sınağı) barədə qərar əsaslandırılmalı, yazılı formada tərtib edilməlidir. Tədqiqi (sınağı) aparılacaq malların həcmi texniki normativ hüquqi aktların tələblərinə uyğun miqdarda nümunənin götürülməsinə kifayət etmədikdə, malın tədqiqi (sınağı) aparılmır və həmin malların məhv olunması barədə qərar qəbul edilir. Mallar müəyyən olunmuş qaydada akkreditasiyadan keçmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən tədqiq (sınaq) edilir və tədqiqin (sınağın) nəticələri əsasında yoxlayıcı orqan tərəfindən mallar barədə qərar qəbul olunur. Malların tədqiqinin (sınağının) nəticələri protokolla rəsmiləşdirilir. Malların tədqiqinin (sınağının) nəticələri əsasında onların aşağıdakı vəziyyətləri təyin edilir:

- birbaşa təyinatı üçün istifadəyə yararlılığı;

- birbaşa təyinatı və digər məqsədlə istifadə üçün

yararsızlığı;

- təkrar emaldan sonra və ya emal edilmədən digər

məqsədlər üçün yararlılığı.

Məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilmiş tədbirlər yerinə yetirilənədək götürülmüş mallar dəqiq çəkisi göstərilməklə uçota alınaraq (rəsmiləşdirilərək) mal sahibinə, onun səlahiyyətli nümayəndəsinə və ya onun razılığı ilə yoxlayıcı orqanın səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya verilir. Götürülmüş mallar məsul saxlamaya qoyulmaq üçün mal sahibinə və ya onun səlahiyyətli nümayəndəsinə təhvil verildikdə, malların lazımi şəraitdə və tam miqdarda saxlanmasına mal sahibi cavabdehdir. Birbaşa təyinatı və digər məqsədlə istifadə üçün yararsız olduğu müəyyən edilmiş malların məhv edilməsi yoxlayıcı orqanın həmin malların satışının qadağan edilməsi və ya dövriyyədən çıxarılması barədə qərarı əsasında həyata keçirilir. Malların məhv edilməsi onların yoxlayıcı orqan və ya onun qərarı ilə mal sahibi və yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən bu məqsədlər üçün ayrılmış xüsusi yerlərə (yerlərdə) atılması, basdırılması, yandırılması və ya ixtisaslaşmış müəssisələrə təhvil verilməsi vasitəsilə həyata keçirilir.

Malların tədqiqi (sınağı) barədə qərara əsasən götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanması, tədqiq (sınaq) edilən parametrlərin dəyişməz saxlanması, daşınması, tədqiq (sınaq) aparılması, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər, həmçinin məhsulun tədqiqi (sınağı) barədə qərarın nəticəsi olaraq yaranan bütün digər xərclər yoxlayıcı orqanın hesabına ödənilir.

Əgər məhsul nümunələrinin tədqiq (sınaq) nəticələri malların müəyyən edilmiş tələblərə uyğun olmadığını və bu uyğunsuzluğun insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratdığını və ya mühüm zərər vurduğunu müəyyən edərsə, yoxlayıcı orqanın çəkdiyi xərclərin əvəzi mal sahibi tərəfindən aşağıdakı hallar istisna olunmaqla ödənilməlidir:

- xərclər yoxlayıcı orqan tərəfindən faktiki olaraq çəkilmədikdə;

- xərclərin çəkilməsi barədə sənədli təsdiqləmə olmadıqda;

- xərclər yoxlayıcı orqan tərəfindən məhsul nümunələrinin

qanunsuz götürülməsi ilə əlaqədar çəkildikdə.

Yoxlayıcı orqanın məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarının nəticəsi olaraq malların götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və məhv edilməsi ilə bağlı xərclər mal sahibinin hesabına ödənilir.

Nazirlər Kabineti müvafiq olaraq “İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2005-ci il 12 fevral tarixli qərarını ləğv edib. Həmin Qaydalar müayinə və ekspertizanın nəticələrinə görə standartlara və tələblərə cavab verməyən, yararlılıq müddəti qurtarmış, genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunmuş yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsini müəyyən edib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri