12 
Yan
2018
16:34
71
121
3209
Virtual karabakh

Ekspert: Azərbaycana gələn turistlər daha çox xərcləyirlər

12 Yan, 2018
16:34
3209

Ekspert: Azərbaycana gələn turistlər daha çox xərcləyirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan 2017-ci ildə turizmdən 2,7 mlrd. dollar gəlir əldə edib.

Oxu.Az  xəbər verir ki, bu barədə ölkənin Milli Bankı məlumat yayıb.

Qeyd edilir ki, ötən il turizmdən əldə olunan gəlirlər 2016-cı ilin gəlirindən 584 mln. dollar çoxdur.

2017-ci ildə Gürcüstana 7 mln. 554 min 936 nəfər əcnəbi səfər edib ki, bu da 2016-cı illə müqayisədə 18,8% çoxdur. Müqayisə üçün bildirək ki, 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 2 mln. 691 min 998 nəfər olub. Rəsmi statistikaya əsasən, 2016-cı illə müqayisədə 20 % (449 215 nəfər) artım baş verib. Belə ki, 2016-cı il ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı 2 milyon 242 min 783 nəfər (2015-ci il ilə müqayisədə 11,7 faiz artıb) olub. 

Göründüyü kimi, Azərbaycana gələn turistlərin sayı ilbəil artır. Faiz artımı nisbətində qonşumuzu üstələyirik. Məsələn, ötən il Gürcüstana 2016-cı illə müqayisədə 18 faiz, Azərbaycana isə müvafiq dövrdə 20 faiz çox turist gəlib. Lakin turistlərin sayı ilə bağlı rəqabətdə qonşularımıza uduzuruq. Baxmayaraq ki, Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malikdir, eyni zamanda, son illər beynəlxalq idman yarışlarına ev sahibliyi edir.  

Azərbaycanın turizm gəlirləri 

O ki qaldı Azərbaycanın turizmdən gəlirlərinə, Mərkəzi Bankın hesabatına əsasən, 2017-ci ilin ilk altı ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 5,6 faiz artaraq, 2,5 milyard dollara bərabər olub. Xarici turistlər Azərbaycanda azərbaycanlı turistlərin xərclədiyi vəsaitdən 100 milyon dollar daha çox vəsait xərcləyib. Belə ki, xarici turistlərin Azərbaycandakı xərcləri 1,3 milyard dollar, azərbaycanlı turistlərin xaricdəki xərcləri 1,2 milyard dollar təşkil edib. Lakin bu, altı ayın göstəricisidir.

Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə turizm gəlirləri ilə bağlı illik nəticənin hazırlanma mərhələsində olduğunu diqqətə çatdırdı. 

Onlar bizdən əvvəl başlayıblar

Gürcüstana üz tutan turistlərin sayının Azərbaycana gələnlərdən yüksək olmasının səbəbinə gəlincə, K.Quluzadə bildirdi ki, qonşu dövlət turizm sektorunu Azərbaycandan əvvəl inkişaf etdirməyə başlayıb:

“Bu sahədə marketinq işlərinə, ölkənin turizm potensialının xarici dövlətlərdə təbliğinə bir neçə il əvvəldən başlayıblar. Gürcüstana gedən turistlərin sayının çox olmasının başlıca səbəbi budur. 

2016-cı ildə dövlət başçısı tərəfindən Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsini təsdiqlədi. Faktiki olaraq turizmin intensiv inkişaf dövrü həmin vaxtdan hesablanmalıdır. Yəni Azərbaycan bir ildir ki, potensialını bu sahəyə yönəldib”. 

Həmsöhbətimiz deyir ki, Gürcüstanda turistlərin  gəlməsinə təkan verən bir sıra amillər də var. Bura viza sisteminin olmaması, siyasi, dini amillər daxildir:

“Məsələn, 2008-ci ildə Gürcüstanla Rusiya arasında yaşanan gərginlik turistlərin bu kiçik ölkəyə səfər etmək marağını artırıb. Bundan əlavə, Gürcüstan həm də xristian ölkəsidir. Gürcüstanın öndə olmasının səbəbələrindən biri də prosesə tez başladıqlarından infrastrukturun da ucuz turizmə hesablanmasıdır. Hostellərin çox olması və sair”. 

Azərbaycana gələn turistlərin pul kisələri fərqlidir

K.Quluzadənin sözlərinə görə, Azərbaycana gələn turistlər Gürcüstana üz tutan turistlərdən çox pul xərcləyirlər:

“Əslində, turistlərin sayını cüzi artırsaq, əldə etdiyimiz gəlirlər Gürcüstanın turizm sektorundan əldə etdiyi gəlirlərlə eyni olacaq”. 

O ki qaldı Azərbaycanda turistlərin çox pul xərcləməsinin qiymətlərin yüksək olması ilə əlaqələndirilməsinə, K.Quluzadə bununla razılaşmır:

“Devalvasiyadan sonra Azərbaycanda qiymətlər Gürcüstanla, demək olar ki, eynidir. Turistlərin kateqoriyalarında fərqlər var. Gürcüstana daha çox tələbələr üz tutur. Hansı ki çadırlarda, hostellərdə qalmağı xoşlayırlar. Azərbaycana gələn turistlərin pul kisələri fərqlidir”. 

K.Quluzadə turistlərin sayının artacağından ümidlidir:

“Viza sisteminin sadələşdirilməsi istiqamətində işlər görülüb. Azərbaycan 93 ölkəyə viza sistemini sadələşdirilib. Digər addımlar atılacaq”.

Gürcüstana gedən iki turistin xərci Azərbaycana gələn bir turistin xərcinə bərabərdir

İqtisadçı-ekspert Qubad İbadoğlu bildirir ki, ötən il ərzində ölkəyə gələn turistlərin sayı 20 faiz artıb, 2,5 milyon nəfəri ötsə də, bu, Gürcüstanın müvafiq göstəricisindən üç dəfə azdır:

“Belə ki, Gürcüstanı 2017-ci ildə 7 554 936 turist ziyarət edib ki, bu da 2016-cı ilin göstəricisindən 18,8 faiz çoxdur. Gürcüstana gələn turistlərin sayına görə liderlik Ermənistana məxsusdur - 1 718 016 nəfər. Reytinqdə ikinci yeri azərbaycanlı turistlər - 1 694 998 nəfər, üçüncü yeri rusiyalı turistlər - 1 392 610 nəfər tutur”. 

İqtisadçı deyir ki, Gürcüstan ötən il xarici turizmdən 2,2 mlrd. dollar, Azərbaycan isə 1,3 mlrd. dollar qazanıb:

“Burada diqqətinizi Azərbaycana və Gürcüstana gələn turistlərin xərcləmələrinə yönəltmək istərdim. Gürcüstana gələn hər turist orta hesabla 291,2 dollar, Azərbaycana gələn hər turist isə orta hesabla 524,6 dollar məsrəf edib. Demək olar ki, Gürcüstana gedən iki turistin xərci Azərbaycana gələn bir turistin xərcinə bərabərdir. Bu isə bölgədə Azərbaycanın mövqeyini zəiflədir. Eyni zamanda, Gürcüstan adı ilə bölgəyə gələn, bizim üçün potensial sayılan turistlər bahalığa görə Azərbaycana gəlmirlər və oradan da geri qayıdırlar. 

Halbuki Azərbaycan Gürcüstana gələn turistlərin yarısını cəlb edə bilsə, onda bizim bu sektordan gəlirlərimiz də ən azı iki dəfə arta bilər. Əksinə, Azərbaycanda turizmin inkişaf meyilləri olsa da, turizm xidmətlərinin həddən artıq baha olması və keyfiyyətcə Gürcüstandan geri qalması həm də ölkədən turist axınına səbəb olur. Elə o səbəbdən də ötən il 1 694 998 nəfər azərbaycanlı dincəlmək və gəzmək üçün Gürcüstanı seçib. Ümumilikdə isə azərbaycanlı turistlər xaricdə 1,2 mlrd. dollar xərcləyib”. 

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri