13 
Mar
2018
17:17
386
88
17653
Virtual karabakh

İranlı turistlər niyə Azərbaycandan üz döndərir?

Novruz bayramı ilə əlaqədar bu il Azərbaycana istirahətə gələcək iranlı turistlərin sayında azalma proqnozlaşdırılır. 

Oxu.Az xəbər verir ki, Azərbaycan Turizm Assosiasiyası bunu İranda dolların məzənnəsinin yüksəlməsi, xaricə gedən hər turistdən alınan verginin məbləğinin dövlət tərəfindən qaldırılması ilə əsaslandırır.

Belə ki, başqa ölkəyə hava nəqliyyatı ilə səfər edən iranlılar yeni qaydalara görə, 15 dollar deyil, 45 dollar, quru nəqliyyatı ilə səfər edənlər isə 7 dollar deyil, 15-20 dollar ödəməli olacaqlar.

Nəzərə çatdıraq ki, Novruz bayramı ərəfəsində turizm bazarı əsasən iranlıların hesabına canlanırdı. 

Rəylərə görə, iranlıların bu il Azərbaycana maraq göstərməmələrinin daha bir səbəbi xidmət sektorundakı soyğunçuluqdur. Konkret olaraq ötən il bayram ərəfəsi hotellərin qiymətləri qaldırılmışdı.

Eləcə də, xidmət sektorunun digər sahələrində də iranlı turistlərə məhsullar dəyərindən qat-qat baha təklif edilirdi. 

Rəsmi statistika da göstərir ki, 2017-ci ilin mart ayında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri fevral ayına nisbətən 0,5 faiz, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,6 faiz bahalaşıb.

2017-ci ilin yanvar-mart ayları 2016-cı ilin yanvar-mart aylarına nisbətən mehmanxana xidmətləri 3,8 faiz, restoran və kafelər tərəfindən yeməklə təmin edilmə xidmətlərinin qiyməti 10,6 faiz yüksəlib.

Turistlərin xərclərinin bölgüsünə gəlincə, statistikaya görə, ölkəyə gələn əcnəbi turistlərin xərclədiyi pulun 45,1 faizi nəqliyyata, 28,9 faizi yerləşməyə, 20,9 faizi qidalanmaya və 5,1 faizi digər xərclərə sərf olunur.

Göründüyü kimi, turistin sərəncamındakı vəsaitin 94,9 faizi əsas istehlak tələblərini ödəməyə gedir. Əyləncə, alış-veriş və sair istiqamətlər artıq arxa plana keçir. 

Turizm üzrə ekspert Bahadur Bilalov Oxu.Az-a açıqlamasında iranlı turistlərin sayında gözlənilən azalmanın xidmət sektorunda onlara şişirdilmiş qiymətlərin təklif edilməsi ilə bağlı olması ilə razılaşmır:

“İran hökuməti xaricə gedən turistlər üçün rüsumu qaldırmaq istəyir. Bu da ölkənin turizm bazarını qorumaq, valyutanın xaricə çıxmasının qarşısını almaq məqsədi daşıyır.

İranda Novruz bayramı ərəfəsi iki həftə tətil olur. Hesab etmirəm ki, iranlı turistlərin sayında böyük azalma baş verəcək. Müəyyən azalmalar nəticəsində yaranan boşluğu ərəb ölkələrindən gələn turistlər dolduracaq”. 

O ki qaldı bayram ərəfəsi xidmət sektorunda qiymətlərin yüksəlməsinə, ekspertin fikrincə, bazar iqtisadiyyatında bu, normal haldır:

“Tələbat artıqca məhsulun qiyməti də artır. Hotellər bron etmək istəyənlərin sayının artdığını gördükdə qiymətləri də qaldırır”. 

İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, bayramlarda, idman yarışlarında hotellərdə qiymətlərin bahalaşması Avropa ölkələrində də baş verir:

“Yəni bu, normaldır. Sadəcə, Azərbaycanda turistdən birdəfəlik qazanc əldə etmək istəyi var. Xidmət sektoru turist cəlb etmək məqsədilə qarşısına strateji hədəflər qoymur, daimi müştəri qazanmağa can atmır. Halbuki daimi müştəri hər hansı hoteli, restoranı daha yaxşı reklam edə bilər, nəinki mətbuat”. 

N.Cəfərli deyir ki, bəzən hotellərdə boş otaqlar olduğu halda qiymətlər endirilmir:

“Hotellər qiymətlərdə güzəştə getmirlər. Əslində, sektorda fəaliyyət göstərən şirkətlər çox çevik olmalı, müştəri cəlb etmək məqsədilə müxtəlif aksiyalar həyata keçirməlidirlər. Tələb artan kimi qiymətləri artırmaqla qısa dövrdə qazanc əldə etmək hotellərin strateji planının olmadığını göstərir”. 

Ekspertin sözlərinə görə, ötən il Azərbaycana gələn iranlı turistlərin sayında artım olsa da, Gürcüstanla müqayisədə bu rəqəm geridə qalıb: 

“Ötən il Azərbaycana gələn iranlı turistlərin sayında 1,5, Gürcüstana gedənlərin sayında isə dörd dəfə artım baş verib. Bunun səbəbi Gürcüstan tərəfinin viza rejimini tamamilə ləğv etməsi, əyləncələr üçün seçimlərin müxtəlifliyidir. Göründüyü kimi, rəqabətdə qonşu ölkəyə uduzuruq. 

Düzdür, “ASAN Viza” sisteminə keçidlə viza rejimi sadələşdirilib. Lakin Gürcüstanla müqayisədə Azərbaycanda turistlərin əyləncələrlə bağlı seçim imkanları məduddur.

Builki azalma həm də bununla bağlıdır. Yəni iranlı turistlərin Azərbaycana gəlişinin azalması heç də onların bayramda öz ölkələrindən kənara çıxmaq istəməmələrindən irəli gəlmir. Qonşu ölkələrin turistlərə təklif etdikləri istirahət imkanları Azərbaycandan yüksəkdir”.  

İqtisadçı-ekspert Qubad İbadoğlu Azərbaycanda turizmin inkişaf meyilləri olsa da, turizm xidmətlərinin həddən artıq baha olmasının bölgədə Azərbaycanın mövqeyini zəiflətdiyini düşünür.

Onun sözlərinə görə, Azərbaycanda turizmin inkişaf meyilləri olsa da, turizm xidmətlərinin həddən artıq baha olması və keyfiyyətcə Gürcüstandan geri qalması həm də ölkədən turist axınına səbəb olur:

“Gürcüstana gələn hər turist orta hesabla 291,2 dollar, Azərbaycana gələn hər turist isə orta hesabla 524,6 dollar məsrəf edib. Demək olar ki, Gürcüstana gedən iki turistin xərci Azərbaycana gələn bir turistin xərcinə bərabərdir.

Bu, bölgədə Azərbaycanın mövqeyini zəiflədir. Eyni zamanda, Gürcüstan adı ilə bölgəyə gələn bizim üçün potensial sayılan turistlər bahalığa görə Azərbaycana gəlmirlər və oradan da geri qayıdırlar. Halbuki, Azərbaycan Gürcüstana gələn turistlərin yarısını cəlb edə bilsə, onda bizim bu sektordan gəlirlərimiz də ən azı iki dəfə arta bilər”.

Məlumat üçün bildirək ki, 2018-ci ilin yanvar ayı ərzində Azərbaycana dünyanın 138 ölkəsindən 186,2 min və ya ötən ilin eyni ayı ilə müqayisədə 16,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,7 faizi Rusiya Federasiyası, 24,5 faizi Gürcüstan, 13,0 faizi Türkiyə, 7,2 faizi İran, 4,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,2 faizi Ukrayna, 1,7 faizi İraq, 16,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. 

Rəsmi statistika göstərir ki, İran istisna olunmaqla, körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. 

L.Ə.
www.oxu.az