20 
Apr
2018
11:47
32
183
11581
Virtual karabakh

Dollar bahalaşacaqmı? - TƏHLİL

20 Apr, 2018
11:47
11581

Dollar bahalaşacaqmı? - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ dollarının önəmli valyutalara nisbətdə bahalaşması davam edir. 

Oxu.Az xəbər verir ki, ötən gün Yaponiyada inflyasiya xəbərlərinin ardından yenə qarşı güclənən dollar eyni mövqeyi avroya nisbətdə davam etdirib.

Belə ki, dollar/yen məzənnəsi 0.23 faiz dəyər qazanaraq 107.62 səviyyəsində qərarlaşıb.

Avropanın vahid valyutası isə dollara nisbətdə 1,2346 dollardan 1,2341 dollara düşüb. Əsas valyuta səbətində dolların indeksi 0,01% artaraq 89,95 bəndədək yüksəlib.

Son zamanlar dollara nisbətdə rekord səviyyədə ucuzlaşan türk lirəsinə gəldikdə, qonşu dövlətin valyutası ölkədə seçkilərin elan edilməsi ilə özünə gəlsə də, bu günü yenidən itkilərlə açıb.

Birjalarda dolların məzənnəsi 4.05 lirə, avro 5 lirə təşkil edir. Rusiyada isə əksinə, ABŞ valyutası yelkənləri endirib. Hazırda rubl/dollar məzənnəsi 60 rubldur. 

Analitiklərin rəyinə görə, bugünkü ticarət sessiyasında dolların məzənnəsi digər əsas dünya valyutalarına qarşı bahalaşacaq. Çünki bazar iştirakçılarının Federal Ehtiyatlar Sisteminin (FES) faiz dərəcələrini növbəti dəfə artıracağı yönündə gözləntiləri artıb.

Lakin bu fikirlə hər kəs razılaşmır. Məsələn, “Standard Chartered”in strateqi Eddi Çunqun “Bloomberg TV” yə verdiyi açıqlamasına görə, dolların məzənnəsi ABŞ-ın maliyyə kəsirinin yaratdığı yükün ağırlığı ilə düşəcək. Bank orta müddətdə dövlət istiqrazlarının gəlirliliyinin sabitləşəcəyini proqnozlaşdırır.

Bəs kifayət qədər müsbət olan digər makroiqtisadi göstəricilər? 

Nəzərə çatdıraq ki, aprel ayının son iki həftəsində ABŞ-da işsizlik, inflyasiya, iqtisadi artımla bağlı əsas makroiqtisadi göstəricilər açıqlanacaq. Hansı ki, bu məlumatlar Federal Ehtiyatlar Sisteminin faiz dərəcəsi ilə bağlı qərarına birbaşa təsir edir. 

Artıq ABŞ Əmək Nazirliyinin işsizliklə bağlı rəqəmləri müəyyən siqnallar verir. Belə ki, işsizliklə bağlı müraciətlər son üç həftənin ən aşağı səviyyəsinə enib. Həftəlik işsizlik maaşı üçün müraciətlər min nəfər azalaraq 232 min nəfər olub.

Düzdür, gözləntilər 230 min nəfər idi. Lakin işsizlik maaşı üzrə müraciətlərin 300 min nəfərdən az olması məşğulluq bazarının sağlam görüntüsünü ifadə edir. 

Yuxarıda bildirdiyimiz kimi, bu, son deyil və qarşıdakı günlərdə ABŞ iqtisadiyyatı ilə bağlı digər məlumatlar - daşınmaz əmlak bazarı, sənaye istehsalı, pərakəndə satış da daxil olmaqla, bir çox  makroiqtisadi göstəricilər bəlli olacaq. 

Bütün bunların fonunda FES hansı qərarı verəcək? Qurumun internet saytında yayımlanan proqrama əsasən, cari ildə səkkiz iclas keçiriləcək. Onlardan üçü artıq baş tutub. FES-in növbəti iclası 1-2 may, 13-14 iyun tarixlərindədir. İyundakı toplantıdan sonra mətbuat konfransı baş tutacaq.

Xatırladaq ki, FES mart ayındakı yığıncağında faizləri 25 bənd artırmışdı. Hazırda qurumun faizləri 0,75-1,00 faiz aralığındadır. FES-in iyun ayı toplantısında faizi 25 bənd artırması ehtimalı isə 80 faiz səviyyəsindədir. Ümumilikdə qurumun 2018-ci ildə faizləri üç dəfə artıracağı proqnozlaşdırılır.

Bütün bunları nəzərə alsaq, investorların faiz artımları ilə bağlı gözləntiləri artdıqca dolların əsas valyutalara nisbətdə sərt həmlələri davam edəcək.  

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri