May
2018
12:31
234
38
8812
Virtual karabakh

Sosial mənzillərin satışında narazılıq var - ŞİKAYƏT

8 May, 2018
12:31
8812

Sosial mənzillərin satışında narazılıq var - ŞİKAYƏT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılan mənzillərin elektron qaydada seçimi zamanı yaranan problemlə bağlı şikayətlər artmaqdadır.  

Oxu.Az-a müraciət edən dövlət qulluqçusu kateqoriyasına aid alıcılardan birinin sözlərinə görə, satış başladığı gün Yasamal Yaşayış Kompleksində mənzil almaq istəyib:

“Saat 10:00-da mənzillərin satışa çıxarıldığı e-gov.az saytına daxil olduq. Mənzili seçdik, qeyd edildi ki, əməliyyatda xəta var. Bir də cəhd etdim, eyni hal təkrarlandı. 10:30-da əməliyyatı yenidən icra edərkən portalda qeyd edildi ki, mənzil satılıb. Artıq 11:00-da sistemdə 260 mənzildən cəmi səkkizi qalmışdı. Onlardan birini seçmək istədim. Lakin bu, mümkün olmadı.

“Güzəştli mənzil” elektron sistemi vasitəsilə 8000-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənib və onların hər biri üçün şəxsi elektron kabinetin yaradılması təmin edilib. Amma dünən sistemdə 40 min nəfər var idi”.

Vətəndaşın sözlərinə görə, qısa müddətdə mənzillərin böyük hissəsi satılıb. Bununla belə, satışa çıxarılmış mənzillərdən birini əldə edə biləcəyinə dair bildiriş alıb:

“Lakin həmin bildiriş təsdiq edilməlidir. “Təsdiq et” bölməsi çalışmadığından bildirişi təsdiq etmək və “ASAN İmza”dan SMS almaq mümkün deyil. Digər tərəfdən, deyirlər ki, kimə bildiriş birinci verilib, evi də o alacaq. Yəni eyni bildirişi məndən əvvəl alanlar da ola bilər”. 

Şikayətçi deyir ki, bəzi şəxslərə yeddi bildiriş verilib: 

“Bu, o deməkdir ki, onlar yeddi mənzil alacaqlar?” 

Qeyd edək ki, “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılan mənzillərin elektron qaydada seçimi zamanı yaranmış problemlə bağlı Mənzil İnşaatı Dövlət Agentliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birgə açıqlama yayıb.

Bildirilib ki, 07 may 2018-ci il tarixində, saat 11:50-yə qədər “Güzəştli mənzil” sisteminə ümumi müraciət 60184, eyni anda qeydə alınan qoşulma sayı isə 16 000-dən çox olub. Buna görə portal artıq yüklənməyə məruz qalıb və müraciətlərin eyni anda qeydə alınmasında qısamüddətli ləngimə yaranaraq nasazlıq baş verib.

Xatırladaq ki, dünəndən etibarən MİDA Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında inşa etdiyi Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışına başlayıb.

Satış avqustun 7-nə qədər davam edəcək. Kompleks ərazisində ümumilikdə 29 binanın tikintisi nəzərdə tutulub. 

L.Əliyeva
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri