21 
İyn
2018
15:53
83
78
4219
Virtual karabakh

Ev almağa qərib ölkə, yaşamağa Vətən yaxşı? - ARAŞDIRMA

21 İyn, 2018
15:53
4219

Ev almağa qərib ölkə, yaşamağa Vətən yaxşı? - ARAŞDIRMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Türkiyə Statistika Komitəsi ölkəsindən ev alan xarici vətəndaşların sayını açıqladı. Bəlli oldu ki, azərbaycanlılar may ayında qonşu dövlətin daşınmaz əmlak bazarının aktiv iştirakçısı olublar.

Belə ki, may ayında həmyerlilərimiz Türkiyədən 75 mənzil satın alıblar və bu, ötən ilin may ayındakı göstəricidən 12 mənzil çox olub. Cari ilin əvvəlindən isə mənzil alışı 332 ədəd təşkil edib. 

Bəs göstərilən dövrdə Azərbaycanda mənzil alışı nə qədər olub? 

Araşdırmalarımız nəticəsində bəlli oldu ki, bazarı qiymətləndirən şirkətlər əvvəlki illərdən fərqli olaraq, satış üçün təklif olunan mənzillərin sayını, o cümlədən alqı-satqı müqavilələrini monitorinq etmirlər. 

Dövlət Statistika Komitəsinə gəlincə, qurumda bu yöndə hesabatlar illikdir. 2016-cı ildə Azərbaycanda ölkə üzrə mənzil alan və yaşayış şəraitini yaxşılaşdıran ailələrin sayı 1764 nəfər olub. 

Xatırladaq  ki, 2017-cı ildə Azərbaycan vətəndaşları təkcə Türkiyədən 942 daşınmaz əmlak alıblar. 2016-ci ildə isə bu rəqəm 610 mənzil olub.

Bir az da əvvələ getsək, bəlli olur ki, 2015-ci ildə Türkiyədə mənzil sahibi olanların sayı Azərbaycan üzrə mənzil alanlardan 314 nəfər çox olub. Bu, hələ təkcə bir ölkə üzrə statistik göstəricidir.

Nəzərə almaq lazımıdr ki, Azərbaycan vətəndaşları Rusiya, Ukrayna, eləcə də, Avropanın daşınmaz əmlak bazarına da investisiya edirlər. Onları da bu hesaba qatsaq, deməli, həmvətənlərimiz xaricdən ev almağa daha maraqlıdırlar, nəinki ölkə daxilindən. 

Bir məqamı da qeyd edək ki, Dövlət Statistika Komitəsi mənzil bazarı ilə bağlı hesabatlarında xaricdə daşınmaz əmlaka investisiya yatıranların sayını göstərmir.

Ekspertlərin rəyinə əsasən, belə bir statistika komitə tərəfindən aparılır. Sadəcə, cəmiyyətə açıq deyil. Rusiya ilə Türkiyənin rəsmi statistik rəqəmləri açıqlandığından sözügedən ölkələrlə bağlı məlumatlar daha dəqiqdir. 

Azərbaycanlılar hansı ölkələrdən ev alır? 

Siyahıya Dubay, Mərkəzi, Şərqi, Qərbi Avropa ölkələri, hətta qonşu Gürcüstan daxildir. Alıcıların bu seçimi xaricdə əmlak almağa vasitəçilik edən şirkətlərin sayına təsir göstərib.

Hazırda bu sahədə 30-a yaxın konsaltinq xidməti fəaliyyətdədir. Onlar dünyanın müxtəlif yerlərindən mənzil alınmasına vasitəçiliklə məşğuldurlar.

Bəzi xarici tikinti şirkətləri, xüsusilə Türkiyə şirkətləri isə mənzillərinin satışını birbaşa Azərbaycanda təşkil edirlər. Hətta onlar arasında kredit şərtləri ilə mənzil təklif edənlər də var. Lakin xaricdə daşınmaz əmlak almaq perspektivdə nə qədər yüksək gəlir vəd edirsə, bir o qədər də risk ehtimalını artırır. 

Ekspertlərin sözlərinə görə, risklərdən qorunmaq üçün əmlak alarkən etibarlı notarius və hüquqşünas tapmaq vacibdir. Obyektə dair borcların olmadığını və bütün sənədlərin qaydasında olduğunu yoxlamaq zəruridir. Əks halda, tikinti bitsə belə, mülkiyyət hüququnu rəsmiləşdirmək mümkün olmayacaq.

Bundan əlavə, tikilməkdə olan yaşayış binalarından mənzil alınan zaman diqqətli olmaq lazımdır. Çünki bir sıra hallarda mənzilin dəyərinin müəyyən hissəsini əvvəlcədən alsalar da, tikintini vaxtında başa çatdırmırlar, ya da ümumiyyətlə, inşaatı yarımçıq saxlayırlar. Bu yöndə xüsusilə Dubayda fəaliyyət göstərən tikinti şirkətləri etibarlı deyillər. 

Xaricdə evlərin dəyəri 

Konsaltinq şirkətlərinin elanlarına nəzər yetirdikdə aydın olur ki, yerli vətəndaşlar Havay adalarında da daşınmaz əmlaka maraq göstərirlər. 

Oaxuda sahilində yerləşən dəbdəbəli 112 kvadratmetrlik mənzilin dəyəri 995 min dollara təklif olunur. 

Fransanın məşhur Nitsa şəhərində 62 kvadratmetlik yaşayış sahəsi olan mənzilin satış qiyməti 375 min avrodur. Xaricdən bir qədər ucuz mənzillər də tapmaq olar. Bu əmlaklar, əsasən, Ukraynada, Türkiyədə, Gürcüstanda yerləşir.

Məsələn, Gürcüstanın Kobuleti şəhərində Qara dəniz sahillərində meşə ilə üzbəüz yeni tikilidə mənzil 35 min manat təşkil edir. 

Şirkətlərdən öyrəndik ki, bəzən evlər barter də olunur. Ukraynada Kovolevkada ikiotaqlı tam təmirli ev Bakıda evlə dəyişdrilir. Evin dəyəri 59 min manatdır. 

Qeyd edilir ki, xaricdə daşınmaz əmlakın dəyəri artıb. Xüsusilə, Dubay, Böyük Britaniya, Kanada və ABŞ-da. Bu səbəbdən də artıq bəzi ölkələrin adları elanlardan çıxarılıb. 

O ki qaldı Azərbaycan vətəndaşlarının ən çox hansı ölkədə məniz almağa həvəs göstərməsinə, bildirildi ki, Türkiyənin Alaniya şəhərinə maraq artıb. Bu şəhərdə mənzilin orta qiyməti 56 600 avrodur:

“Əsasən, 1-2 otaqlı evlər alınır. Villaların alqı-satqısı dayanıb. Bu da qiymətlərlə bağlıdır”. 

Müqayisə üçün bildirək ki, bu ilin əvvəlində Bakı şəhəri üzrə ilkin mənzil bazarında orta qiymət  148 516 dollar, təkrar mənzil bazarında 109497 dollar təşkil edib. 

Yerli bazarda alqı-satqı aşağıdır 

Daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev Oxu.Az-a açıqlamasında bildirdi ki, yerli alıcının xarici bazara üz tutmasının bir neçə səbəbi var: 

“3-4 il əvvəl Türkiyədən ona görə ev alırdılar ki, qiymətlər sərfəli idi. Bazarın perspektivliyi baxımından da Türkiyədə mənzilə investisiya yatırılması Azərbaycandan daha cəlbedici idi. 

Son zamanlar xaricdən ev alanların sayının çoxalmasına gəlincə, bu, əsasən, banklarda dollar əmanətləri üzrə faizlərin aşağı olması ilə bağlıdır. İnsanlar əllərindəki valyutanı digər aktivlərə yönəltməyə başlayıblar. Türkiyədə ev alan kontingent arasında orada işləyənlər, biznesi olan iş adamları da çoxdur”. 

R.Əliyev deyir ki, Türkiyədə məzənnənin tez-tez dəyişməsi də alıcıların sayına təsir etməyib.
Yerli daşınmaz əmlak bazarının vəziyyətinə toxunan ekspert deyir ki, qiymət stabilliyi müşahidə olunsa da, alış-satış rəqəmləri aşağıdır: 

“Hazırda bazar, əsasən, iştirakçıları mənzil şəraitini yaxşılaşdıranlardır. İnvestisiya vasitəsi kimi əmlak alanların sayı azalıb.

Ümumiyyətlə, aktivlik aşağıdır. Ancaq bir amili nəzərə almaq lazımdır ki, son iki ildə bazarda  zövqlərin və strukturun dəyişməsi baş verib. 

Zövqlərdən başlasaq, son iki ildə bazarda alıcılar daha çox yeni binalardakı mənzillərin alışına üstünlük verirlər. Buna təsir edən əsas amillərdən biri də söküntü işləridir.

Strukturu dedikdə isə, demək olar ki, köhnə mənzillərin sayı azalır. Bazara daha çox pilot layihələr, sosial mənzillər çıxmağa başlayır”.

Azərbaycandan kommersiya obyektləri alınır 

MBA Konsaltinq və Qiymətləndirmə şirkətinin rəhbəri Nüsrət İbrahimov deyir ki, xaricdə ev almaq səbəblərindən biri miqrasiyadır:

“Digər səbəb investisiyadır. Yəni müxtəlif səbəblərlə bağlıdır. Dünyanın hər yerində vətəndaşlar xarici ölkələrin daşınmaz əmlak bazarına investisiya yatırırlar. Niyə Azrəbaycanda belə hallar çoxdur? Bu da insanların yaşayış səviyyəsi ilə bağlıdır. İnsanlar daim xaricdə daşınmaz əmlakı sərəncamlarında qalan sərbəst vəsaitlərlə alırlar”. 

N.İbrahimov  Azərbaycandan ev alanların arasında xarici vətəndaşların sayının az olmadığını bildirir. Onun sözlərinə görə, illər üzrə mənzil alqı-satqısında xaricilərin tərkibi fərqli olub:

“Vaxtilə Gürcüstanda Azərbaycanın daşınmaz əmlak bazarına üz tutanların sayı az deyildi. 2000-ci ildə Türkiyə, İran vətəndaşları, 2010-2011-ci illərdə Rusiya vətəndaşları Azərbaycandan daha çox mənzil alırdılar.

Hazırda ərəb ölkələrindən gələn iş adamları daşınmaz əmlak bazarına investisiya edirlər. Onlar, əsasən, kommersiya obyektləri satın alırlar. Zamanından, iqtisadi göstəricilərdən asılı olaraq, xaricilər yerli daşınmaz əmlak bazarına yatırımlar edirlər”. 

Mütəxəssis xaricdə daşınmaz əmlakın qiymətinin Azərbaycandan ucuz olması ilə bağlı iddialara da toxundu:

“Qiymətlər zaman-zaman dəyişir. Bu gün Türkiyədən mənzil almaq sərfəlidir, sabah Rusiyada ev almaq sərfəli ola bilər”. 

Leyla Əliyeva
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri