19 
İyl
2018
15:29
32
344
13504
Virtual karabakh

İsti havada sərinlik gətirən qarpız “əl yandırır” - Fermerlər şikayətçidir

19 İyl, 2018
15:29
13504

İsti havada sərinlik gətirən qarpız “əl yandırır” - Fermerlər şikayətçidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Havaların isti keçməsi qarpızın da qiymətinə təsir edib. Belə ki, yay mövsümünə kiloqramı 25 qəpikdən başlayan qarpızın hazırda bazar qiyməti 50-70 qəpik arasında dəyişir. 

Oxu.Az-ın kiçik araşdırmasına görə, marketlərdə qarpızın qiyməti tərəvəz mağazaları ilə müqayisədə azı 20 qəpik ucuzdur.

Belə ki, iri market şəbəkələrində qarpızın kiloqramı 50 qəpikdən satılır. 

Tərəvəz mağazalarında qarpızın baha olmasına gəlincə, satıcılar deyir ki, məhsulu qapıdan 45 qəpiyə alırlar. Yanacaq və digər xərcləri əlavə edərək kiloqramı 70 qəpikdən istehlakçıya satırlar. Bir sözlə, çəkdikləri xərci götürürlər. Yəni həyatlarından narazı deyillər:

“Havalar bu il isti keçdiyindən qarpıza tələb də çoxdur. Bu baxımdan, məhsul ortalıqda qalmır”.

Fermerlər də satıcıların dediklərini təsdiqləyirlər. Saatlı rayonunda qarpız əkini ilə məşğul olan Azər adlı fermer deyir ki, qapıdan qarpızın kiloqramını 45 qəpikdən verirlər. Hansı ki ötən il bu qiymət 8 qəpik təşkil edirdi:

“Bu il məhsuldarlıq az olub. Bunun ən başlıca səbəbi suvarma və su ilə bağlıdır. Boş torpaqların əksəriyyəti əkinə verilib. Hazırda su, əsasən, bu ərazilərə verilir. Kəndlərə su gəlmir. Qarpız isə çox suvarma tələb edən tərəvəzdir. Vaxtında suvarma aparılmadığından məhsuldarlıq aşağı olub. 

Digər səbəb toxumla bağlıdır. Toxumun keyfiyyəti aşağıdır. Bu da məhsuldarlığa təsir edir. Eyni zamanda, qarpız çox xərc tələb edən məhsuldur. Təsərrüfatçıların isə vəziyyəti pisdir və əkin apara bilmirlər”.

Fermer deyir ki, növbəti il qarpız bol olacaq. Çünki builki qıtlıq təsərrüfatçılara tələbatı nəzərə alıb qarpız əkməyə stimul verəcək:

“Gələn il daha çox kənd təsərrüfatçısı qarpız əkəcək. Bununla da qarpızın dəyəri düşəcək. Bir qədər əvvəl sarımsaqla bağlı da eyni proses baş vermişdi. Sonradan ölkədə hamı sarımsaq əkdi, məhsul ucuzlaşdı”.

Mingəçevirdən olan Fərman adlı fermer də bizimlə söhbətində məhsuldarlığın aşağı olduğunu dedi. O, eyni zamanda, bazarda yerli qarpızın az olduğunu bildirdi: 

“Hazırda yerli qarpız tək-tük ərazilərdə qalıb. Bazarda satılan qarpız Amerika sortudur. Rəngi qırmızı olmaqla bərabər, su çox yığır və çəkisi ağır gəlir”.

Bu il az qarpız əkdiyini deyən fermerin sözlərinə görə, məhsulu, əsasən, qərb bölgəsinə göndərir: 

“Bu bölgələrin bazarlarında qarpızı 60 qəpikdən satırlar”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov isə bildirir ki, qarpızın baha olmasına görə nazirlik məsuliyyət daşımır: 

“Nazirlik nəinki qarpızın, ümumiyyətlə, heç bir məhsulun qiymətinin müəyyən olunmasında iştirak etmir. Liberal iqtisadiyyatlarda bazarda qiymətlər tələb-təklif əsasında formalaşır. Nazirlik olaraq bizim missiyamız fermerləri hansı məhsulun əkilib-becərilməsi ilə bağlı məlumatlandırmaq, tövsiyə vermək, aqrotexniki qulluq qaydaları ilə bağlı maarifləndirmək, fitosanitar xidmət göstərməkdir”.

A.Hüseynov qeyd edir ki, qarpızın bahalaşması ənənəvi problemlə bağlıdır:

“Fermerlərimiz hələ də tələb-təklif qanunlarına uyğunlaşa bilmirlər. Hamımız bilirik ki, hər il hansısa məhsulun qiyməti əvvəlki illə müqayisədə baha, ya ucuz olur. Bu il bazarda hansı məhsul baha olubsa, əksər fermerlər sanki sözləşmiş kimi gələn il həmin məhsuldan əkirlər, nəticədə bazarda məhsul bollaşır və qiymətlər aşağı düşür.

Yaxud, bu il ucuz olan məhsulu gələn il əkmirlər, nəticədə bazarda həmin məhsul bahalaşır. Bu prosesdən ən çox əziyyət çəkən, təbii ki, fermerlər özləridir. Qarpızın bu il bahalaşmasının səbəblərindən biri budur.

Səbəblər, əslində, çoxdur – daha çox gəlir gətirən texniki bitkilərin becərilməsinə marağın artması, yayın quraq keçməsi və s. Bu problemlər, məsələn, Bərdə, Ağcabədi, Zərdab, Kürdəmir və İmişlidə qarpızın gec yetişməsinə səbəb olub, bazarda qıtlığın yaranmasının, qiymətlərin bahalaşmasının səbəblərindən biri də budur.

Bir daha qeyd etmək istəyirəm ki, qarpızın və digər kənd təsərrüfatı məhsullarının qiymətinin formalaşmasında Kənd Təsərrüfatı Nazirliyi heç bir formada iştirak etmir”.

Leyla Əliyeva
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri