28 
Sen
2018
11:40
48
64
6784
Virtual karabakh

Azərbaycanda sadələşdirilmiş vergi ƏDV-nin xeyrinə ləğv olunur

Azərbaycanda tədricən sadələşdirilmiş vergi sisteminin ləğv olaraq, bütün sahibkarların ƏDV ödəyicisinə çevrilməsi nəzərdə tutulur.

Oxu.Az xəbər verir ki, bu barədə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda qeyd olunur.

Sənəddə qeyd olunur ki, bu gün ardıcıl 12 aylıq dövrün istənilən aylarında vergi tutulan əməliyyatların həcmi 200 min manat və ondan az olan şəxslərə və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən aylarında 200 min manatdan artıq olan hüquqi və fiziki şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilib.

Lakin, “sadələşdirilmiş verginin seçilməsi imkanı iqtisadiyyatda nağd ödənişləri də stimullaşdırır”, - deyə, sənəddə bildirilir.

Belə ki, Azərbaycanda vergi ödəyicilərinin 97%-nin sadələşdirilmiş vergi ödəyicisi olmasına baxmayaraq, ümumi vergi daxilolmalarında  sadələşdirilmiş vergi daxilolmalarının xüsusi çəkisi 2017-ci ildə cəmi 5,3% təşkil edib.

“Nümunəvi dünya təcrübəsinə uyğun olaraq kiçik sahibkarlıq subyektlərinin də tədricən ƏDV ödəyicisinə çevrilməsi vergidən yayınmanın, habelə nağd hesablaşmalara olan motivlərin aradan qalxmasına gətirib çıxarmış olar. Əksər dünya ölkələrində olduğu kimi, ƏDV vergi daxilolmalarında başlıca paya malikdir. ƏDV sistemində vergidən yayınma “imkanları” nisbətən daha məhduddur. ƏDV-nin bütün iqtisadi subyektlərə tətbiqi nağdsız hesablaşmalara da şərait yaradır”, - deyə, sənəddə qeyd olunur.

Dövlət Proqramında qeyd olunur ki, ƏDV dərəcəsinin aşağı olduğu bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə standart ƏDV, yüksək olduğu ölkələrdə isə diferensiallaşdırılmış ƏDV tətbiq edilir:

“Azərbaycan ƏDV dərəcəsinin nisbətən yüksək olduğu ölkələr sırasına aiddir və digər amillər nəzərə alınmaqla, burada da ƏDV dərəcələrinin məhsul və xidmət qrupları üzrə diferensiallaşdırılması həyata keçirilə bilər”.

Bununla yanaşı, sənəddə qeyd olunur ki, sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və ƏDV dərəcəsinin diferensiallaşdırılması istiqamətində müvafiq addımlar atılacaq.

“Təsərrüfat subyektlərinin sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə mərhələli keçid mexanizminin hazırlanması nəzərdən keçiriləcəkdir. Müxtəlif sektorlar və ölçüsündən asılı olaraq təsərrüfat subyektləri üçün mərhələli yanaşma planı tərtib ediləcəkdir. Keçiddən sonra ƏDV-nin diferensiallaşdırılması məsələsinə baxılacaqdır. Bu cür yanaşma sadələşdirilmiş vergi rejimindən ƏDV sisteminə keçidə dəstək olacaqdır”, - deyə, sənəddə qeyd olunur, lakin prosesin nə zaman başlayacağı bildirilmir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri