18 
Okt
2018
09:40
23
45
2055
Virtual karabakh

Azərbaycan 19 göstərici üzrə reytinq göstəricilərini yaxşılaşdırıb - RƏY

18 Okt, 2018
09:40
2055

Azərbaycan 19 göstərici üzrə reytinq göstəricilərini yaxşılaşdırıb - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, Dünya İqtisadi Forumu (DİF) ölkələrin gələcəkdə rəqabətə hazırlığını müəyyən edən yeni üsullarla hazırlanmış Qlobal Rəqabətlilik Hesabatını dərc edib. 

Oxu.Az xəbər verir ki, DİF-ə görə, dünyada qloballaşma prosesi zəifləyir, bu şəraitdə iqtisadiyyatın inkişafı rəqəmsal transformasiyanın sürəti və onun dördüncü sənaye inqilabına hazırlığı ilə müəyyən olunur.

Hazırkı dövrdə dünyanın əksər iqtisadiyyatları üçün əsas problem innovasiyalara uyğunlaşmaq və onları tətbiq etmək potensialına sahib olmaqdır. 

DİF ekspertlərinin fikrincə, bu kateqoriya üzrə dünyada orta göstərici 36 baldır ki, Azərbaycan da bu kateqoriya üzrə 36 bal toplayıb. Dünyanın əksər ölkələri üçün vətəndaş institutlarının zəif inkişaf etməsi əsas problem olaraq qalmaqdadır. 

Hesabatda bu kateqoriya üzrə orta bal 53 müəyyən edilib ki,  Azərbaycan da bu kateqoriya üzrə 55.8 bal toplayaraq, dünya orta göstəricisini ötüb. 

Ümumiyyətlə, hesabatda Azərbaycan 19 göstərici üzrə reytinq göstəricilərini yaxşılaşdırıb. Eyni zamanda, Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi göstəricisinə görə 31-ci yerdə qərarlaşıb.

Hesabatla bağlı Oxu.Az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib ki, yeni metodologiya əsasında müəyyənləşdirilən “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyini möhkəmləndirməsi onun sosial-iqtisadi inkişafının davamlı və dayanıqlı olmasından xəbər verir.

Onun sözlərinə görə, “2018-2019 Qlobal Rəqabətlilik Hesabatı” yeni dövrün ilk hesabatıdır və əvvəlkilərdən fərqli olaraq, 68 yeni indikator daxil edilməklə aparılıb. Azərbaycanın bir sıra yüksək göstəricilərə malik indikatorları var:

“Lakin hazırda yeni metodologiyaya, əsasən, bunların nəzərə alınmamasına baxmayaraq, ölkəmiz ön sıralarda qərarlaşıb”.

Deputat vurğulayıb ki, bütövlükdə, hesabat zamanı 12 sütun indikator üzrə qiymətləndirmələr aparılıb və yeddisi üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb:

“Buraya infrastruktur, səhiyyə, informasiya kommunikasiya texnologiyalarının səviyyəsi, əmək bazarı, biznesin dinamikliyi və innovasiya potensialı daxildir. Adları qeyd olunan indikatorlar üzrə Azərbaycanın mövqeyi xüsusi olaraq çəkilir, hətta bir sıra göstəricilər üzrə Azərbaycan birinci yerdədir. Məsələn, elektrik enerjisi ilə təchizatın səviyyəsinə görə Azərbaycan 100 faiz bal toplamaqla, ilk pilləyə yüksəlib. Bu isə mühüm bir göstəricidir.

Eyni zamanda, ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə Azərbaycan lider mövqelərdən birinə yüksələ bilib. Bu, Azərbaycanda inklüziv cəmiyyətin mövcudluğundan xəbər verir. Bu, o deməkdir ki, intellektual potensialına və qabiliyyətinə uyğun olaraq hər bir Azərbaycan vətəndaşı cəmiyyətin bütün sərvətindən istifadə edə bilir”.

Azərbaycanın dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi göstəricisinə görə 31-ci yerdə qərarlaşmasına gəlincə, millət vəkilinin dediyinə görə, bu, Azərbaycanda sahibkarlığın və biznesin inkişafı ilə bağlı yaradılmış mühüm iqtisadi islahatlarla əlaqədardır:

“Bütün bunlar onu göstərir ki, Azərbaycanda hazırkı mərhələdə sosial-iqtisadi inkişaf istiqamətində atılan addımlar strateji baxımdan doğrudur və Azərbaycan iqtisadiyyatı bundan sonrakı mərhələdə bütün sosial-iqtisadi parametrlər üzrə inkişaf üçün yeni əsaslar yaratmaqla bunu gələcəkdə də təmin edəcək”.

Bir çox göstəricilər üzrə Azərbaycanın dünya ölkələri arasında qabaqcıl yerlərə sahib olduğunu deyən millət vəkili Tahir Mirkişili bildirib ki, ölkəmiz tənzimləmələrdə qanunların effektivliyi göstəricisi üzrə 22-ci, dövlət tənzimləmələrinin iqtisadiyyata yüklülüyünün azlığına görə 12-ci, hökumətin gələcəyə yönəlik fəaliyyətinə görə 20-ci, ayrı-ayrı maraqlar toqquşmasının tənzimlənməsinə görə 16-cı, dəmir yolu xidmətlərinin səviyyəsinə görə 17-ci yerdə qərarlaşıb:

“Əhalinin elektriklə təchizatı səviyyəsinə görə 1-ci, dəniz limanlarının xidmət səviyyəsinə görə 29-cu, internet istifadəçilərinin sayına görə 36-cı, əhali arasında rəqəmsal vərdişlərə görə 15-ci, öyrətmə yanaşmalarına görə 27-ci, vergilərin və subsidiyaların rəqabətə təsirinin effektivliyinə görə 20-ci, biznesin bahalaşması xərclərinin azlığına görə 17-ci, sahibkarlıq riskinin azlığına görə 21-ci yerdə qərarlaşıb.

Ölkədə aparılan iqtisadi islahatların gələcəyə yönəlik çağırışları nəzərə alması və Azərbaycanın iqtisadiyyatının dayanıqlı olaraq gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanması DİF-in hesabatında öz əksini tapıb. Yəni, demək istəyirəm ki, müəyyən istisnalarla, DİF-in hesabatı kifayət qədər obyektivdir və gələcək inkişafımızda öz rolunu oynayacaq. Belə hesabatların olması vcibdir və gərəklidir”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri