Noy
2018
12:10
175
17
4971
Virtual karabakh

Bakıda təhlükəli tullantıların zərərsizləşdirilməsi üçün yer müəyyən edildi

2 Noy, 2018
12:10
4971

Bakıda təhlükəli tullantıların zərərsizləşdirilməsi üçün yer müəyyən edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ətraf mühitə zərərli təsir minimuma endiriləcək, təhlükəli tullantılar və təhlükəsiz tibbi tullantılar vahid ərazidə zərərsizləşdiriləcək. 

Oxu.Az xəbər verir ki, bunlar prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”da əksini tapıb.

Bunun üçün Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti zamanı əmələ gələn bütün növ tullantıların zərərsizləşdirilməsi məqsədi ilə Bakı şəhərinin Sabunçu rayonunda müvafiq infrastrukturun yaradılması təmin ediləcək.

Sənəddə göstərilir ki, ölkənin iqtisadi potensialından səmərəli istifadə olunması, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Böyük Bakının müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilməsi, habelə insanların sağlamlığının təmin edilməsi başlıca hədəfdir. Bu məqsədlə ölkədə kommunal xidmətlərin yaxşılaşdırılmasına, xüsusən bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması, tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi işinin müasir standartlara cavab verən tərzdə qurulması qərara alınıb.

Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinə dair Milli Strategiyanın hazırlanması və məişət tullantıları sahəsində vahid idarəçiliyin tətbiqi üçün ölkə ərazisindəki vəziyyət təhlil edilib. Layihənin icrası çərçivəsində Bakı şəhərində Qaradağ və Suraxanı poliqonları tam bərpa olunmuş, çoxsaylı qeyri-qanuni tullantı sahələri müəyyən edilərək təmizlənmiş, yeni texnika və avadanlıq alınmış və tullantıların idarə edilməsi üçün ilkin informasiya bazası yaradılıb.

Bakı ərazisində fəaliyyət göstərən yeni sistemlər istisna olmaqla, regionlarda əksər hallarda tullantıların açıq zibilxanalarda toplanması, bu məqsədlə ayrılmış sahələrin hasarlanmaması, həmin sahələrdə basdırılan tullantılardan əmələ gələn çirkləndirici maddələrin qrunt sularına qarışması, bəzi tullantı poliqonlarının birbaşa olaraq çayların sahili boyunca və subasar düzənliklərdə yerləşdirilməsi bu sahəyə xüsusi diqqət yetirilməsi zərurətini yaradır.

Layihənin prioritet istiqamətlərindən biri kimi bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı hazırlanmış tövsiyələr əsasında “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya” (bundan sonra – Milli Strategiya) formalaşdırılmış, birinci mərhələdə 5 (beş) ili əhatə edəcək bu Milli Strategiyanın uğurla həyata keçirilməsi üçün konkret addımlar atılmasına və müsbət nəticələr əldə edilməsinə yönələn müvafiq tədbirlər müəyyənləşdirilib.

Milli Strategiyanın yerinə yetirilməsi bərk məişət tullantılarının əmələ gəldiyi yerlərdə (ev təsərrüfatları, sosial və ticarət obyektləri, idarə və təşkilatlar, istirahət və turizm obyektləri və s.) qida tullantılarının, kağız, plastik, metal, şüşə ilə yanaşı, söküntü və tikinti tullantılarının, habelə elektrik lampaları, köhnə və yararsız elektrik/elektronika cihazlarının, batareyaların, atılmış dərmanların və kimyəvi məhsulların kənarlaşdırılması və utilizasiyası mövcud problemlərin aradan qaldırılmasına, ölkə ərazisində bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı toplanılma, daşınma və zərərsizləşdirilmə sisteminin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, əlavə xammal bazarının formalaşdırılmasına, təkrar emal sahələrinin qurulmasına, təkrar istehsal sahəsinə marağı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaradılmasına, dövlət büdcəsindən bu sahəyə ayrılan subsidiyaların tədricən azaldılmasına, göstərilən xidmətlər müqabilində alınan ödənişlərin yığım səviyyəsinin artırılması istiqamətində işlərin daha da sürətləndirilməsinə, habelə beynəlxalq təcrübədən istifadə etməklə, müasir texnologiyalar əsasında yeni müəssisələr yaradılmasına, təkrar emal bazarının möhkəmləndirilməsinə və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan verəcəkdir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri