Dek
2018
17:34
22
92
2916
Virtual karabakh

Palata: Sahibkarlığa Kömək Milli Fondunda maliyyə pozuntuları aşkar edilib

7 Dek, 2018
17:34
2916

Palata: Sahibkarlığa Kömək Milli Fondunda maliyyə pozuntuları aşkar edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hesablama Palatası daha bir dövlət qurumunun fəaliyyətində ciddi pozuntular aşkar edib.

Oxu.Az xəbər verir ki, Sahibkarlığa Kömək Milli Fonduna ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələri barədə məlumatda dövlətdən alınmış güzəştli kredit vəsaitlərinin təyinatı üzrə istifadə olunmadığı, kredit vəsaitlərinin prioritet sahələrin inkişafına yönəldilməyərək səmərəsiz xərcləndiyi, vergi hesabatlarının təhrif olunması yolu ilə vergilərin dövlət büdcəsindən yayındırıldığı və vergi intizamının pozulduğu qeyd edilib. 

Audit 2015-2017-ci illərdə Fondun fəaliyyətinin təşkili, vəsaitlərin formalaşması və istifadəsi, istifadə olunan vəsaitin həcmi, strukturu, vəsaitlərin investisiya layihələrində nəzərdə tutulmuş təyinata uyğun istifadəsi, maliyyə hesabatlarının dürüstlüyü və daxili nəzarətin qiymətləndirilməsi məsələlərini əhatə edib.

Auditlə əhatə olunan dövr ərzində sahibkarlıq subyektlərinə verilən güzəştli kreditlərin həcmi 583,9 milyon manat olub ki, bu da Fond tərəfindən indiyədək verilən güzəştli kreditlərin 27,9%-ni təşkil edir. Bu kreditlərin 170,0 milyon manatı və ya 29,1%-i dövlət büdcəsinin vəsaitləri, 413,9 milyon manatı və ya 70,9%-i isə qaytarılmış kredit vəsaitləri və alınmış faiz gəlirləri hesabına verilib.

Verilmiş güzəştli kreditlərin 98,5 milyon manatı və ya 16,9%-i kiçik, 23,9 milyon manatı və ya 4,1%-i orta, 461,5 milyon manatı və ya 79,0%-i isə böyük həcmli kreditlərdən ibarət olub.

01.01.2018-ci il tarixinə müvəkkil kredit təşkilatları tərəfindən Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinə verilmiş aktiv kreditlərin qalığı 1053,3 milyon manat təşkil edib ki, bunun da 95,6 milyon manatı və ya 9,1%-i vaxtı keçmiş əsas kredit borclarından ibarət olub. Həmçinin vaxtı keçmiş kredit borclarına görə 4,0 milyon manat məbləğində faiz borcu və 29,4 milyon manat məbləğində cərimə hesablanıb.

Vaxtı keçmiş kredit borclarının 75,5%-i bank lisenziyası ləğv edilmiş müvəkkil kredit təşkilatlarının, 24,5%-i isə fəaliyyətdə olan müvəkkil kredit təşkilatlarının payına düşür.

Fond tərəfindən maliyyələşdirilən bəzi investisiya layihələrinin kənd təsərrüfatı torpaqları kateqoriyasına aid əkin sahələrində əsaslı tikinti işlərinin aparılması Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələbləri pozularaq həmin torpaqların təyinatının dəyişdirilməsi ilə yanaşı, faktiki olaraq istifadəsi əkin məqsədləri üçün nəzərdə tutulmuş torpaqların dövriyyədən çıxarılmasına səbəb olub.

Güzəştli kreditlər almış sahibkarlıq subyektlərinin Fond tərəfindən monitorinqlə əhatəliliyi lazımi səviyyədə təşkil olunmayaraq 2015-ci ildə aktiv layihələr üzrə sahibkarlıq subyektlərinin 11,63%-i, 2016-cı ildə 2,55%-i, 2017-ci ildə isə 7,93%-i monitorinqlərlə əhatə edib.

Fond  tərəfindən maliyyələşdirilən investisiya layihələrinin ekspertizası həyata keçirilsə də, ekspertizanın keçirilməsi qaydaları hazırlanmayıb, ekspertizaların təkmil və əhatəli aparılması, eləcə də, investisiya layihələrinin bu sahəni tənzimləyən normativ sənədlərin tələblərinə uyğun hazırlanması və təqdim edilməsində risklər yaradıb, habelə layihələrin dəyərinin bazar qiymətlərinə uyğunlaşdırılması tam nəzarətdə saxlanılmayıb.

Bəzi hüquqi və fiziki şəxslərin Fonddan müvəkkil kredit təşkilatları vasitəsilə iqtisadiyyatın müəyyən olunmuş prioritet sahələrinin inkişafı üçün güzəştli kredit almalarına baxmayaraq, onlar tərəfindən vergi bəyannamələrində (əlavələrdə) alınmış kredit vəsaitlərinin məbləğinin göstərilməməsi və ya düzgün göstərilməməsi, həmçinin gəlir əldə etmədiklərinin və ya fəaliyyətlərinin dayandırıldığının bəyan edilməsi, biznes-planda nəzərdə tutulan yeni iş yerlərinin yaradılması faktlarının bəyannamədə öz əksini tapmaması, dövlətdən alınmış güzəştli kredit vəsaitlərinin təyinatı üzrə istifadə olunmadığı, kredit vəsaitlərinin prioritet sahələrin inkişafına yönəldilməyərək səmərəsiz xərcləndiyi, vergi hesabatlarının təhrif olunması yolu ilə vergilərin dövlət büdcəsindən yayındırıldığı və vergi intizamının pozulduğu ehtimalını göstərir.

Müvəkkil kredit təşkilatları ilə Fond arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtin müvəkkil kredit təşkilatları tərəfindən dəfələrlə pozulmasına baxmayaraq, kredit təşkilatlarının “müvəkkillik” statusuna xitam verilməyib.

Fondun vəsaitləri hesabına orta və böyük həcmli kreditlərlə maliyyələşdirilən və 485,4 milyon manat məbləğində vəsaiti əhatə edən 239 investisiya layihəsindən 247,8 milyon manatı və ya 51,1%-i əhatə edən 105 layihə (43,9%), kiçik həcmli kreditlərlə maliyyələşdirilən və 98,5 milyon manat məbləğində vəsaiti əhatə edən 9434 layihədən 1,2 milyon manatı və ya 1,2%-i əhatə edən 78 layihə (0,8%), ümumilikdə isə 249,0 milyon manatı əhatə edən 183 layihə auditlə əhatə olunub.

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək qərar qəbul edib və müvafiq qaydada icra edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərilib.

İlhamə Abdullayeva
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri