Yan
2019
11:37
169
41
18800
Virtual karabakh

Kassa çeklərini atmayın - ƏDV-nin bir hissəsi qaytarılacaq

3 Yan, 2019
11:37
18800

Kassa çeklərini atmayın - ƏDV-nin bir hissəsi qaytarılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il yanvarın 1-dən tətbiq edilən yeni Vergi Məcəlləsinə görə ticarət və iaşə müəssisələrində ödənişlər zamanı tutulan ƏDV-nin bir hissəsi müştəriyə geri qaytarılacaq. 

Oxu.Az xəbər verir ki, ödənişi POS-terminallar və kassa çeki ilə edənlər ƏDV-nin 15% və 10%-ni geri alacaqlar.

Qeyd edək ki, Azərbaycanda ƏDV dərəcəsi 18% olduğundan hər 100 manata 18 manat vergi hesablanır. Nəticədə, ödənişi POS-terminalla edən müştərilər alqı-satqının 2,28%-i, yəni hər 100 manata görə 2,28 manat, kassa çeki ilə edənlər isə 1,8%-i yəni 1,8 manat ödəniş alacaqlar.

Vergilər Nazirliyindən bildirilib ki, bu güzəştlərin tətbiqində məqsəd həm müştərilər üçün stimul yaradılması, həm də nağdsız ödəmələrin ən çox “axsadığı” sahədə - pərakəndə ticarət və ictimai iaşə sahələrində nağdsız ödəmələrin həcmini artırmaqdır.

Bununla yanaşı, məlum olub ki, dəyişikliklər yanvarın 1-dən qüvvəyə minsə də, vətəndaşlar verginin onlara çatan hissəsini bir neçə aydan sonra alacaq. Vergilər Nazirliyindən qeyd edilib ki, Vergi Məcəlləsinə dəyişikliklərin qüvvəyə minməsi ilə bağlı prezidentin fərmanında bu məsələ 1.1.14-cü bənddə əksini tapıb.

Həmin maddədə Nazirlər Kabinetinə tapşırılır ki, vergilərin geri qaytarılması, daha dəqiqi, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin.

Başqa sözlə, bu qaydalarının hazırlanması üçün Nazirlər Kabinetinə üç ay vaxt verilib. “Bu qaydalar hazırlanıb qüvvəyə mindikdən sonra vətəndaşlar verginin qaytarılan hissəsini ala biləcəklər”, - deyə nazirlikdən bildirilib. Qeyd edək ki, işlər qrafik üzrə getsə, yenilik apreldən qüvvəyə minəcək.

Nazirlik onu da qeyd edib ki, həmin müddətə qədər edilən alqı-satqılar üçün də vergiləri geri almaq mümkün olacaq. Bunun üçün vətəndaşların kassa və digər çekləri saxlamaları tövsiyə olunur.

Vəsaitin geri qaytarılması ilə bağlı sistemə gəlincə, artıq Tax Free sahəsində təcrübəsi olan Azərbaycanın bunu çox asan reallaşdıra biləcəyi gözlənilir. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri