10 
Yan
2019
15:33
36
121
18433
Virtual karabakh

Vergilər Nazirliyi və SOCAR birgə məlumat yaydı

10 Yan, 2019
15:33
18433

Vergilər Nazirliyi və SOCAR birgə məlumat yaydı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) Vergilər Nazirliyi tərəfindən aparılan vergi yoxlamaları ilə bağlı həqiqəti əks etdirməyən, yoxlanılmamış, çaşdırıcı xarakter daşıyan və nəticə etibarilə, dövlət qurumlarının və ölkənin ümumi imicinə zərər vuran bəzi məlumatlar yayılmaqdadır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Vergilər Nazirliyi və SOCAR-ın birgə məlumatında deyilir.

“Xatırlatmaq istərdik ki, SOCAR regionun ən böyük milli şirkətlərindən biri olmaqla həm əvvəlki illərdə, həm də 2018-ci ilin nəticələrinə görə Azərbaycan dövlət büdcəsinin gəlirlərini təmin edən böyük vergi ödəyicilərindən biridir.

Bununla yanaşı, şirkət həm də dünyanın 20-dək ölkəsində dövlətimizin maraqlarını təmin etməklə, ölkəmizə böyük gəlirlər gətirir.

Bütün şirkətlərdə, o cümlədən, SOCAR-da yoxlamaların aparılması Azərbaycan Respublikası Vergilər Nazirliyinin əsas və birbaşa funksional vəzifələrindən biridir.

Vergilər Nazirliyi hər il planlı şəkildə iri vergi ödəyicilərində, o cümlədən, SOCAR-da müvafiq yoxlamalar aparır və bu il keçirilən yoxlama da növbəti səyyar vergi yoxlamasıdır.

Bu yoxlamaların SOCAR-ın inzibatı strukturunda aparılan hər hansı dəyişikliklərlə əlaqələndirilməsi yanlışdır və kütləvi informasiya vasitələrində yer alan bir sıra məlumatlar əsassız və uydurmadır.

Vergi yoxlamaları hər iki strukturun iş fəaliyyətinə təsir etməyən adi bir prosesdir və şirkətin vəzifəli şəxsləri öz səlahiyyətləri çərçivəsində vəzifələrinin icrasını davam etdirirlər.

KİV nümayəndələrinin nəzərinə çatdırılır ki, həqiqəti əks etdirməyən, dövlət orqanlarının rəsmi məlumatlarına istinad edilmədən və ya dəqiqləşdirilmədən yayılan məlumatlar SOCAR-ın ictimai nüfuzuna, ölkəmizi dünya bazarında təmsil edən ən böyük vergi ödəyicisinin imicinə zərbə vurur.

Bu baxımdan, media nümayəndələrindən xahiş olunur ki, əsassız və dəqiqləşdirilməmiş məlumatları yaymasınlar, zəruri hallarda rəsmi mənbələrdən verilmiş məlumatlardan istifadə etsinlər”, - deyə məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri