16 
Yan
2019
15:44
756
105
3308
Virtual karabakh

Prezident: Biz səmərəliliyi, demək olar ki, iki dəfə artırmışıq

16 Yan, 2019
15:44
3308

Prezident: Biz səmərəliliyi, demək olar ki, iki dəfə artırmışıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyev bu gün qeyri-neft sənayesi sahəsində həyata keçirilən ən böyük layihənin - “SOCAR karbamid” zavodunun açılışında çıxış edib. Prezident bildirib ki, ölkəmizdə ən müasir standartlara cavab verən gözəl böyük sənaye müəssisəsi yaradılıb.

Oxu.Az xəbər verir ki, prezident çıxışında zavodda ildə 650 min ton karbamid istehsal olunacağını və onun böyük əksəriyyətinin ixrac ediləcəyini bildirib.

O qeyd edib ki, biz bu günə qədər gübrələri xaricdən alırıq və bu məqsədlər üçün böyük həcmdə valyuta xərclənir. Azərbaycan dövlətinin fermerlərə verilən gübrələrin 70 faizinin vəsaitini təmin etdiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, bu, büdcəmiz üçün kifayət qədər maliyyə yüküdür.

“Amma indi biz özümüz fermerlərimizi ən keyfiyyətli gübrə ilə təmin edəcəyik. Zavodun özəlliyi həm də ondan ibarətdir ki, burada xammal kimi istifadə olunan məhsul təbii qazdır, yerli məhsuldur. Yəni, karbamidin tərkibində xarici komponent yoxdur. Burada ildə 450 milyon kubmetr təbii qazdan istifadə olunacaq.

Əgər biz təbii qazı indi bugünkü qiymətlərlə mövcud xarici bazarlara satsaydıq, bundan təqribən 80 milyon dollar vəsait əldə edə bilərdik. Ancaq karbamid şəklində istehsal olunacaq məhsulun dəyəri 150-160 milyon dollar olacaqdır. Yəni, biz səmərəliliyi demək olar ki, iki dəfə artırmışıq”.

Beləliklə, kənd təsərrüfatının inkişafı üçün yerli gübrəyə malik olacağıq və bu aqrar sahədə məhsuldarlığın və keyfiyyətin artmasına imkan verəcək.  

Ölkə başçısı çıxışında açıqlayıb ki, ölkəmizdə qeyri-neft sənayesi 9,1 faiz artıb. Keçən ilin yayında “SOCAR Polymer” müəssisəsinin fəaliyyətə başladığını qeyd edən prezident bu il ikinci mərhələnin işə düşəcəyini söyləyib:

“Burada da ixracyönümlü çox gözəl məhsul istehsal olunacaq. Eyni zamanda, daxildə polipropilen, polietilendən istehsal olunacaq hazır məhsul da satışa buraxılacaq. Biz yenə də idxaldan asılılığı aradan qaldıracağıq. Bu zavodlarda yüzlərlə yeni iş yeri yaradılır.

Mənə verilən məlumata görə, karbamid zavodunda 500 iş yeri yaradılacaq və burada işləyəcək insanların mütləq əksəriyyəti yerli vətəndaşlardır, onların əksəriyyəti gənclərdir. Yəni, orada çalışan insanların orta yaş səviyyəsi təqribən 30-35 arasındadır. Bax, görülən bu işlərin nəticələri budur. Bu, həm Sumqayıtın iqtisadi-sənaye potensialını gücləndirir, həm də iş yerlərinin yaradılmasına xidmət göstərir. Sumqayıtın ümumi inkişafı, o cümlədən ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür.

Sumqayıt bu gün parklar, bağlar, xiyabanlar şəhəridir, gözəl bulvar salınıb, binaların dam örtükləri təmir olunur. Ümumiyyətlə, indi Sumqayıtın müasir görkəmi çox müsbətdir. Bu zavod da ekoloji baxımdan çox təmiz bir zavoddur. Mənə verilən məlumata görə, havanı çirkləndirən heç bir maddə olmayacaq”.

Prezident İlham Əliyev bu layihələri xarici tərəfdaşlarla həyata keçirildiyini vurğulayaraq, ölkəmizə həm xarici sərmayə qoyulduğunu, həm də banklar məmnuniyyətlə vəsait ayırdığını diqqətə çatdırıb.

“Çünki bilirlər ki, onların vəsaiti batmayacaq. Bilirlər ki, Azərbaycanın kifayət qədər böyük maliyyə resursları var. Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur. Bax, bu gözəl vəziyyət imkan verir ki, biz tərəfdaşları, xarici bankları cəlb edək. Ancaq, eyni zamanda, bizim siyasətimiz ondan ibarətdir ki, xarici dövlət borcumuzu aşağı salaq. Necə ki, keçən il ərzində xarici dövlət borcu 22,8 faizdən 19 faizə düşübdür və bu il daha da düşəcək”.

Qeyd edək ki, “SOCAR karbamid” zavodu Sumqayıt Kimya Sənaye Parkında yaradılıb və 2017-ci ildə “Karbamid zavodu” parkın rezidenti olub. Hazırda Sumqayıt Kimya Sənaye Parkında 18 rezident var. Onlardan 10-u fəaliyyət göstərir, artıq 11-ci rezident - karbamid zavodu da fəaliyyətə başlayıb. Sumqayıt Kimya Sənaye Parkına qoyulan və qoyulacaq ümumi sərmayənin həcmi isə təqribən 3 milyard dollara yaxındır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri