22 
Yan
2019
17:08
102
40
4989
Virtual karabakh

Ələkbər Məmmədov: Əminəm ki, “ASAN İmza”nın qiymətinə yenidən baxılacaq

22 Yan, 2019
17:08
4989

Ələkbər Məmmədov: Əminəm ki, “ASAN İmza”nın qiymətinə yenidən baxılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Statistika göstərir ki, 2018-ci ildə Azərbaycanda “ASAN İmza” (mobil imza) alanların sayı əvvəlki illərlə müqayisədə 2,5 dəfə artıb. 

Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov Oxu.Az-ın sualına cavab olaraq bildirib ki, elektron imzaya ehtiyac daha da artıb. 

“Azərbaycanda yerli investisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətlərin ilkin qeydiyyatı “ASAN İmza”ya ehtiyac olmadan FİN kod vasitəsi ilə aparılacaq. Sonrakı mərhələlərdə, yəni bank əməliyyatları və başqa əməliyyatlarda rahatlıq üçün “ASAN İmza” lazımdır. Mobil imzadan istifadə edənlərin sayı artdıqca, əminəm ki, onun qiymətinə yenidən baxılacaq. Amma bu məsələ nazirliyin səlahiyyətində deyil”, - deyə o, qeyd edib. 

Qeyd edək ki, “ASAN İmza” SIM-kartının qiyməti əhali, hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün 18 AZN, dövlət hakimiyyəti və yerli özünü idarə etmə orqanları əməkdaşları üçün isə 58 AZN təşkil edir.

“ASAN İmza” hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün xidmətdən aylıq istifadə haqqı 2.5 AZN təşkil edir. Dövlət hakimiyyəti və yerli özünü idarəetmə orqanları əməkdaşları olan istifadəçilər üçün isə aylıq abunə haqqı yoxdur.

Bütün istifadəçilər üçün “ASAN İmza” xidməti vasitəsilə hər tranzaksiya ödənişsiz olaraq yerinə yetirilir.

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri