Fev
2019
09:09
73
51
2436
Virtual karabakh

Birlik sədri: Ukrayna və Belarus südləri daha ucuzdur - MÜSAHİBƏ

Bu yaxınlarda Azərbaycandan xaricə süd və süd məhsulları ixrac ediləcəyi ilə bağlı bəyanatlar səsləndi. Bəyanatlar fonunda marketlərdə əhaliyə satılan yerli məhsullar bahalaşdı.

Azərbaycanda hazırda yerli süd məhsulları qiymətinə görə (idxal rüsumu ilə birlikdə ölkəyə gətirilən) Belarus və Ukrayna məhsullarından daha bahadırsa, biz xaricə necə mal satacağıq?

Ölkədə südü bahalaşdıran əsas amillər hansılardır? 

Oxu.Az mövzunun aktuallığını nəzərə alaraq Azərbaycan süd və süd məhsulları istehsalçıları və ixracatçıları ictimai birliyinin sədri Samir Eyyubovla söhbətləşib:

- Yerli süd istehsalının maya dəyərini bahalaşdıran hansı amillər var?

- Südün maya dəyərini təşkil edənlərdən biri yemdir, yemlə bağlı vəziyyət düzəlmir. Bu, Azərbaycanda ciddi problem olaraq qalır və xaricdən asılılığımız çox yüksəkdir. Xüsusən qüvvəli yemlər – soya və qarğıdalı yemlərindən söhbət gedir. Xammal südün maya dəyərinin 70 faizini təşkil edən də məhz budur. Hazırda Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə tədbirlər görməyə başlayıb, ancaq bu, müəyyən bir müddət vaxt aparacaq.

                                                     Samir Eyyubov

Yanvarın 1-dən başlayaraq, baş verən dəyişikliklər nəticəsində hazırda yerli məhsullar rəqabətdə Rusiya və Belarus südünə tam uduzur. Bu, çox narahatedici məsələdir və bu həftənin cümə günü kənd təsərrüfatı və iqtisadiyyat nazirlərinin iştirakı ilə iclaslarımız var, görək bu vəziyyətdən çıxış yolu necə olacaq?

- Azərbaycanda nə qədər süd istehsalçısı var?

- 37 müasir fermer təsərrüfatı, qalanı kəndli-fermer təsərrüfatıdır. Əslində, rəsmi statistikaya görə, ölkədə 1 milyon 200 min südlük inək var. Ancaq məsələ burasındadır ki, cins heyvanlardan günə 20 litr, yerli cinslərdən isə 5-7 litr süd sağılır. Ona görə də heyvan göstəricisinə baxmayaraq, süd o qədər də bol deyil.

- Bu yaxınlarda müsahibənizdə demisiniz ki, Azərbaycan Ərəb Əmirliklərinə süd ixracına başlayacaq. Yerli bazarda süd məhsulları bahalaşırsa, üstəlik, bizdən ucuz ixracatçılar varsa, necə satacaqsınız?

- Bu, mənim ağrılı yerimdir. Mən demişəm ki, Azərbaycanda maraqlı təzad formalaşıb. Biz yerli bazarda satmaq əvəzinə, xarici bazara qaçırıq, əmin olun ki, bu məcburiyyətdən yaranıb. Belarus, Ukrayna məhsulları ilə yerli bazarda rəqabətə dözə bilmədiyimiz üçün məcburən Səudiyyə Ərəbistanı və Rusiyada ixrac yeri axtarırıq. Jurnalistlərimiz də onlara xoş gələn informasiyanı veriblər, qalan problemli tərəfi isə gizlədiblər. Demirəm, Rusiya tərəfə ixracı saxlamaq lazımdır, amma idxal çoxdursa, niyə xaricə qaçırıq?

- Yerli istehsal daha çox xaricdən gələn quru südün hesabına formalaşır, yoxsa Azərbaycanda süd istehsalında dəyər zənciri var?

- Bizim süd təsərrüfatlarına imkan yaratsalar, 90 faiz özümüzü təmin edə bilərik. Problem ondadır ki, quru süddən emal olunan məhsul təbii süddən emal edilən məhsuldan daha ucuzdur. Əslində, quru südün bir problem tərəfi yoxdur, bu, südün tərkibinin buxarlanması nəticəsində qalan quru hissəsidir. Problem odur ki, quru südü yenidən südə çevirəndə onun tərkibinə yağ vurulmalıdır. Bir çox emalçılar onun içinə palma tərkibli yağlar vururlar. Palma yağı 2 man 50 qəpik, kərə yağları 14-15 manatdır.

Problem həmin falsifikat mallarındadır. Bu mallar bizim keyfiyyətli malları qiymətdə vurur, digər tərəfdən də Ukrayna və Belarus südləri daha ucuzdur. Azərbaycanın iri emalçıları normal mal istehsal edirlər, ancaq qiymət rəqabətində uduzurlar. Hökumətlə görüşüb istehsalçılara kömək etmək lazımdır.

Köməyi nədə görürsünüz, quru südə gömrük rüsumu artırılmalıdır?

- Xeyr, indi sərhədi bağlamaq, kvotalar qoymaq şərt deyil. İstehsalçılar məhsulun üzərində göstəricini düzgün göstərsinlər. Alıcı bilməlidir ki, piştaxtadakı mal spred yağdanmı düzəldilib, yoxsa təbii kərə yağındanmı? Quru süddənmi, yoxsa təbii süddənmi? Bunu bilən hər istehlakçı da cibinə görə seçim edəcək. Azərbaycanda hazırda alıcıya bu hüquq verilmir, çünki spred yağlardan hazırlanan məhsullar gizli şəkildə piştaxtaya çıxarılır.    

İlhamə Abdullayeva 

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri