21 
Fev
2019
15:25
32
94
7071
Virtual karabakh

“Kupça”sız evlərin “düyünü” necə açılacaq? - TƏHLİL

İlkin məlumatlara görə, Bakı şəhərində istismarına icazə verilməyən, ancaq artıq insanların məskunlaşdığı binaların sayı 400-ə qədərdir. Amma istisna deyil ki, dövlət başçısının 19 fevral 2019-cu il fərmanı əsasında aparılan araşdırmalar nəticəsində onların sayı bundan daha çox olsun.

Niyə belə binalar var?

Maraqlı nüans odur ki, bu binalar indəyədək tikilib və insanlar yaşayır, amma müvafiq qurumlar hüquqi səlahiyyətləri çərçivəsində müvafiq işləri görməyiblər. Nəzərə alsaq ki, çoxmənzilli binalar adi fərdi yaşayış sahəsi deyil, burada böyük tikinti işləri aparılır, yüzlərlə insan çalışır, tikinti şirkətləri icazə almaq üçün bir neçə dövlət qurumunun qapısını döyürlər, sənədlər toplayırlar, ancaq sonda binalar istismara qəbul edilmir. Tikinti şirkəti isə “kupça” verəcəyi ilə bağlı ev sahibinə yalan vədlər verə-verə illəri ötürür. Səbəb nədir?

Səbəb odur ki, müxtəlif yollarla müvafiq qurumlardan sənədlər yığılıb, bunun üçün sahibkarlar xeyli əlavə xərclər çəkiblər, bu xərcləri binanın qiymətinin üstünə əlavə ediblər, nəticədə, layihədən kənara çıxıblar, məsələn, 10 mərtəbəli bina əvəzinə, 12 mərtəbəli bina tikiblər. Sonda isə axırıncı mərhələ olan Bakı Şəhər İcra Hakimiyyəti də bu kənaraçıxmaları obyektiv və subyektiv məsələləri arqument gətirərərək, binaları istismara qəbul etməyib.

Beləcə, on illərlə yaşayış olan binalar dövlət tərəfindən istismara qəbul edilməyib və bu da bir sıra fəsadlar yaradıb. İlk növbədə vətəndaş pulunu ödəyib aldığı mülkü üzərində sahiblik hüququna malik deyil, evini alqı-satqı etmək, bağışlama hüquqlarından məhrumdur. Çıxarış ala bilmədiyindən öz mənzilindən şəxsi mülkü kimi istifadə edərək, müxtəlif əməliyyatlar aparmaq, məsələn, girov qoymaq hüququndan istifadə edə bilmir, əmlakını övladının adına rəsmiləşdirmək imkanı yoxdur.

Dövlətin itirdikləri də az deyil: milyonlarla manat əmlak vergisi büdcədən yayındırılıb, alqı-satqı prosesindən büdcəyə daxil olmalı olan vəsaitlər kiminsə cibinə gedib.

Cavab: Obyektiv, subyektiv səbəblər də ola bilər

“Belə binalar niyə var və niyə indiyə qədər istismara qəbul olunmayıb?” sualına Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyevin cavabı belə olub:

“Tikinti şirkətləri bu işə daha məsuliyyətli yanaşmalı idi və təəssüflər olsun ki, bəzi hallarda rəsmiləşdirmə prosedurlarına tam əməl olunmayıb. Başqa obyektiv, subyektiv səbəblər də ola bilər”.

Çıxış yolu prezident fərmanında göstərildi

Anar Quliyevin sözlərinə görə, prezident İlham Əliyevin müvafiq fərmanı ilə tikintisi 1 yanvar 2019-cu il tarixinə qədər bitən və hazırda qeydiyyata alınmasa da, istismar olunan, yəni uzun müddətdir ki, insanların yaşadığı binaların istismara verilməsinə icazələr asanlaşdırılacaq.

“Bu müddət ərzində bu növ binaların siyahısı dəqiqləşdiriləcək və müayinəsi aparılacaq. Bu, o demək deyil ki, bu günə qədər həmin binalarla bağlı məlumat yox idi, sadəcə, həmin binaların müayinəsi məsələsi var, düzdür, onların çoxu dövlət ekspertizasından keçirilərək tikilirdi.

Güman edirəm ki, tikintisi zamanı da nəzarət edilib. Sadəcə olaraq, indi istismara götürülməsi zamanı onun dayanıqlılığı, möhkəmliyi texniki tələblərə, təhlükəsizlik normalarına cavab verməlidir”.

Qeyd edək ki, ötən ilin avqust ayından etibarən binaların istismarına icazə verilməsi ilə bağlı səlahiyyət komitəyə verilib. A.Quliyev deyir ki, həmin vaxtdan etibarən müraciətlər əsasında təhlillər aparılırdı. Bu növ binaların sayının çox olduğu ortaya çıxıb və Komitə bu barədə aidiyyəti qurumlara məlumat verib. Bir neçə dövlət qurumunun iştirakı ilə İşçi qrupu yaradılıb.

Əgər bina müayinədən “mənfi cavab” alsa…

Ekspertizadan müsbət cavab alan binalarla bağlı vəziyyət məlumdur və onların tez bir zamanda istismarına icazə veriləcək. Bəs müayinənin nəticəsi mənfi olarsa, həmin binada yaşayan yüzlərlə sakin nə edəcək?

Komitə rəsmisi deyir ki, bu halda tikinti şirkətinə 5 ay vaxt veriləcək ki, qüsurları və problemləri aradan qaldırsın. Bu müddət bitənə qədər çatışmazlıq aradan qaldırılacaqsa, yenidən müayinə aparılaraq istismarına icazə veriləcək.

Tikintisinə icazə varsa…

Rəsmi qurumlar deyirlər ki, tikinti üçün əsas sənəd tikintiyə icazə sənədidir. Xatırlayırsınızsa, ötən il Masazırda yerləşən “Yeni Bakı” yaşayış kompleksi ilə bağlı məsələ qalxmışdı. Həmin ərazilərin kənd təsərrüfatı təyinatlı torpaqlar olduğu əsas gətirilərək, binaların istismarına icazə verilmədi, halbuki tikintiyə icazə sənədi vardı. Bu halda nə baş verəcək?

Anar Quliyevin açıqlamasına görə, kənd təsərrüfatı və sənaye təyinatlı torpaqlarda binaların inşa edilməsi halları aşkar ediləcəksə, bu halda torpağın təyinatı mütləq dəyişməlidir. Aidiyyatı dövlət qurumu bununla bağlı Hazirlər Kabineti qarşısında vəsatət qaldırmalıdır.

“Nazirlər Kabineti müəyyən edilmiş müddət ərzində həmin vəsatətə baxacaq. Unutmayın ki, fərman bu ilin sonuna qədər qüvvədədir və ona görə də hər bir mərhələnin müddəti dəqiq şəkildə göstərilib. Hamı işləri bacardığı qədər operativ həyata keçirməlidir. Fərmanda göstərilir ki, tapşırıqlarla bağlı hər bir dövlət qurumu hər ayın sonunda dövlət başçısına hesabat verməlidir”.

İlhamə Abdullayeva
VİDEO : İlhamə Kələyeva, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri