11 
Apr
2019
15:00
694
165
2829
Virtual karabakh

İlham Əliyev və iqtisadiyyat

11 Apr, 2019
15:00
2829

İlham Əliyev və iqtisadiyyat

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mən dəfələrlə demişəm ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır.

Bu sözlər Azərbaycan prezidenti İlham Əliyevə məxsusdur və ötən bir ildə onun Azərbaycan iqtisadiyyatında apardığı islahatlar yeni iqtisadi inkişaf modelinə keçidi təmin edib.

2019-cu il aprelin 11-də İlham Əliyevin seçkilərdə inamlı qələbəsindən bir il ötür. Bu yazıda ötən bir ildə ölkə iqtisadiyyatının gündəmini tutan əsas məsələlərə toxunacağıq.

“Kölgə iqtisadiyyatı”na zərbə

Prezident İlham Əliyevin iqtisadiyyatla bağlı verdiyi ilk sərəncam ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı olub. 2018-ci il aprelin 20-də imzalanmış fərmana görə, maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi məqsədilə Gömrük Komitəsi ilə yanaşı, idxal-ixrac əməliyyatlarına Vergilər Nazirliyi də nəzarət etməyə başlayıb. Azərbaycana gələn məhsullar, eyni zamanda, daxili uçotun qaydaya salınması ilə bağlı Vergilər Nazirliyinin qarşısında qoyulan tapşırıqların yerinə yetirilməsi isə ilk növbədə ölkədəki “kölgə iqtisadiyyatı”nın qarşısını almağa yönəlib.

Prezident bu mövzuda çıxışında bildirib ki, vergi məsələsində heç kimə heç bir güzəşt edilmir və edilməyəcək:

“Vergi orqanlarında ciddi struktur islahatları aparılır. Mən qeyd etməliyəm ki, bizim əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır”. 

Prezident qanunsuz tikililərlə bağlı çox sərt xəbərdarlıq edib və bununla da hər bir vətəndaşı narahat edən əmlak sektorundakı özbaşınalıqların qarşısına sədd çəkib:

“Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz”.

Kadrlar dəyişdi

Qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə hökumətin tərkibinin yenilənməsi fonunda Aydın Əliyev Dövlət Gömrük Komitəsinin rəhbəri, Heydər Əsədov kənd təsərrüfatı naziri vəzifəsindən kənarlaşdırılıb. İnam Kərimov kənd təsərrüfatı naziri, Səfər Mehdiyev Gömrük Komitəsinin, Samir Nuriyev isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.

Struktur islahatları aparılmağa başlanılıb və Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki strukturlar yenidən formalaşdırılıb. Dövlət Turizm Agentliyi, Turizm Bürosu yaranıb, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” fərman imzalanıb, Tədarük və Təchizat Agentliyinin hüquqi statusu yenidən formalaşdırılıb, Bakı şəhər İcra Hakimiyyətindən bəzi səlahiyyətlər alınaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilib.

Bundan başqa, ötən ilin mayında Azərbaycan Maliyyə Monitorinqi Xidməti yaradılıb. Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi ilə bağlı fərmana əsasən, Sahibkarlığa Kömək Milli Fondu ləğv edilib və Sahibkarlığın İnkişafı Fondu yaranın. Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnaməsi və strukturu dəyişib, kadr islahatları aparılıb.

Dünyanın enerji stabilliyində Azərbaycan faktoru

Azərbaycan enerji resurslarına görə Avropanın, Qərbin etibarlı tərəfdaşı imicini qoruyub saxlayıb və ötən bir ildə bu sahədə qlobal layihələrin mərkəzində olmaq hədəfini reallığa keçirmək məqsədilə siyasi iradəsini yenidən ortaya qoyub.   

Prezidentin ilk səfərləri bu baxımdan çox faydalı olub. O, aprelin 27-də həyata keçirdiyi səfər çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Tereza Meylə görüşüb. Azərbaycan prezidentinin bu səfəri iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradıb.

Belə ki, İlham Əliyevin və Tereza Meyin iştirakı ilə Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR, “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.

Azərbaycan prezidenti TANAP layihəsinin açılış mərasimində iştirak etmək üçün 2018-ci il iyunun 12-də Türkiyəyə səfər edib. Həmin gün Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasimdə çıxış edən İlham Əliyev bildirib ki, TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür:

“Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır”.

Azərbaycan neft ölkəsi kimi neftin qiyməti ilə bağlı OPEC+ ölkələri çərçivəsində danışıqlarda iştirakını davam etdirib. Artıq qurumun görüşlərinə ev sahibliyi missiyasını da öz üzərinə götürərək, hasilatla bağlı öhdəliklərinə əməl etdiyini açıqlayıb. Beləliklə, Azərbaycan büdcə gəlirlərinin bir hissəsini formalaşdıran neftin qiymətinin sabitləşməsində öz missiyasını yerinə yetirib.

İqtisadiyyatın diversifikasiyasına doğru…

Qarşıda duran mühüm vəzifələrdən biri də ölkənin gəlirlərində neftdən asılılığı azaltmaqdır. Bu məqsədlə “post neft dövrü”nün başlandığını elan edən Azərbaycan ötən bir ildə qeyri-neft sektorunun inkişafına nail olmaq məqsədilə yeni müəssisələr açıb. Nəzərə alsaq ki, neft gəlirlərini miqyasına görə əvəzləyə biləcək ən perspektivli sahələrdən biri ağır sənayedir, üstəlik, bunun üçün yerli xammal var, bu, dəyər zəncirinin formalaşması daha yaxşı nəticələr verəcək, Azərbaycan məhz bu sahədə yeni müəssisələrin əsasını qoyub.

Sumqayıtdakı Kimya Texnologiyaları Parkında açılan müəssisələrin istehsal etdiyi məhsullar bütün dünyada tələbolunandır. Ötən ilin iyulun 18-də Sumqayıtda “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun, noyabrın 16-da əlvan metallar və ferroərintilər zavodunun, inşaat kimyəviləri zavodunun, bu ilin fevralın 18-də yüksəksıxlıqlı polietilen, karbamid zavodlarının açılışları Azərbaycanı kimya məhsulları sahəsində qabaqcıl istehsalçılar sırasına çıxarmağa hesablanıb.

Xarici sərmayələr hesabına açılan yeni müəssisələr də gələcəkdə Azərbaycan üçün böyük perspektivlər açacaq. Ölkəmiz Türkiyədə açdığı “STAR” neftayırma zavodundan hər il yüz milyonlarla dollar gəlir götürəcək. Qeyri-neft sektorunun inkişafı məqsədilə istifadəyə verilən azot gübrəsi zavodu həm daxili tələbatı ödəyəcək, həm də xaricə ixrac ediləcək.

Eləcə də, artıq kosmik xidmətlər istehsalçısı kimi tanınan Azərbaycan “Azerspace-2” peykini sentyabrın 26-da Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxlb. Sayca ikinci olan bu peyk kommersiya məqsədləri üçün istifadə ediləcək və ölkənin gəlirlərinin formalaşmasında əhəmiyyətli yer tutacaq. Üzümçülük və şərabçılığın inkişafı ilə bağlı 2018-2025-ci illər üzrə dövlət proqramını qəbul edən Azərbaycan əhalinin “Məşğulluq strategiyası”nı da təsdiqləyib.

Son bir ildə ölkənin makroiqtisadi göstəricilərində müsbət tendensiyalar artıb və bu müqayisə aşağıdakı cədvəldə öz əksini tapır. 

 

İlhamə Abdullayeva

 

 

 

 

Vergi və Gömrük Məcəllələrinin yenilənməsi nəyi dəyişdi?

Ötən bir ildə iqtisadiyyatın inkişafı, xüsusən sahibkarlığın stimullaşdırılması məqsədilə Azərbaycan fiskal siyasətində ciddi dəyişikliklər edib. Prezidentin müvafiq qərarları ilə “Vergi Məcəlləsi”nə 300-dən çox əlavə və dəyişikliklərin edilməsi yeni iqtisadi imkanlar açıb. Kiçik və orta sahibkarlığın inkişafına nail olmaq üçün hökumət vergi siyasətində xüsusi yanaşmalar tətbiq edib. Sahibkarlar dörd kateqoriyaya bölündü: işçilərinin sayı 10 nəfərə, illik dövriyyəsi 200 min manata qədər olan sahibkarlar mikro, 11-15 işçisi və üç milyon manatadək dövriyyəsi olanlar kiçik sahibkarlar hesab ediliblər. 51-250 işçi qüvvəsi ilə çalışan və illik dövriyyəsi 3-30 milyon manat olanlar orta, 251 və ondan yuxarı işçi sayına və 30 milyon manat illik dövriyyəyə malik subyektlər isə iri sahibkarlardır. Bununla da, ölkədə xeyli sayda iş adamı mikrosahibkar hesab olunub və gəlir vergisinin ödənilməsində 75 faizlik güzəşt əldə edib.

Bundan başqa, yeni ildən Azərbaycan sahibkarları və vətəndaşlarının sosial sığorta yükü artırılıb, bu sahədə vergilərin yığılmasına nəzarət səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alınaraq Vergilər Nazirliyinə verilib.

Gömrük sistemində “Yaşıl Dəhliz”in tətbiq edilməsi isə iş adamlarına imkan verir ki, mal və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilmədən öncə birbaşa öz ofislərindən və ya internetə çıxışı olan hər hansı məkandan qısa idxal bəyannamələrini elektron qaydada təqdim etməklə anbarlarına apara bilsinlər. Bu isə vaxt itkisinin, əlavə xərclərin, məmur-vətəndaş təmasının aradan qaldırılmasına, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə imkan verir. 

Sahibkar-məmur təmasının aradan qaldırılması üçün “Dövlət satınalmaları haqqında” qanunda edilən dəyişikliklər tenderlərin elektron şəkildə keçirilməsi ilə bağlı, həmçinin, prosesin şəffaf aparılmasını tənzimləyən şərtlər ortaya qoyub.

Maliyyə sektorunda yeni mərhələ

Ötən bir ildə Azərbaycanda maliyyə sektoru ətalət vəziyyətindən inkişafa keçib və bu müsbət tendensiyada dövlətin yürütdüyü siyasət mühüm rol oynayıb. Belə ki, uzun müddət bank sektorunun və əhalinin “boynundan asılan problemli kredit” məsələsi prezident İlham Əliyevin “Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə ədalətli həllini tapıb.

Fərmanda göstərilir ki, son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaradıb. Artıq fərmanla bağlı qaydalar təsdiqlənib və aprelin sonundan fərmanın son mərhələsinin icrasına başlanacaq.

Eyni zamanda, ölkədə banklara inam bərpa olunur və əhalinin depozitlərinin həcminin getdikcə artması bunu təsdiq edən faktdır. Əgər statistikaya baxsaq, 2017-ci ilin sonunda bank sektorunda əmanətlərin həcmi 20 milyard 599 milyon manat olmuşdusa, 2018-ci ilin sonunda bu rəqəm 21 milyard 870 milyon manata yüksəlib.

Azərbaycanda əmanətlərin tam həcmdə qorunması haqqında prezident fərmanının müddəti 2020-ci ilə qədər uzaldılıb və bu da əhalinin əlindəki vəsaitləri bank sisteminə cəlb etməkdə mühüm rol oynayır. Azərbaycan “2018-2020-ci illər üzrə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramı”nı qəbul edib və bu sahədə görülən tədbirlər vahid proqram əsasında həyata keçirilməyə başlanılıb.

Kreditləşməyə ayrılan vəsaitin həcmi artıb. 2017-ci ilin sonunda kredit portfeli 4 milyard 804 milyon manat olmuşdusa, 2018-ci ilin sonunda artıq 4 milyard 947 milyon manata yüksəlib.

Kredit almaq üçün girov sisteminin əhatəsinin genişləndirilməsi məqsədilə yaradılan “Daşınar əmlakın yüklülüyü reyestri” də bu sahədə yeni imkanlar açıb.

Regionların inkişafına yönələn yeni bir sənəd imzalandı    

Azərbaycanın regionlarında sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasını və nəticədə, əhalinin məşğulluğunun artırılmasını, yoxsulluq səviyyəsinin azaldılmasını hədəfləyən daha bir dövlət proqramı qəbul edilib. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiq edilib.

Qeyd edək ki, dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən, qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb.

Bu müddətdə həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla, 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib.

P.S. Məntiqi nəticə olaraq, “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. 2017-ci il və 2018-ci ilin ilk dörd ayında təkcə bu hesabat üzrə 30-a yaxın normativ hüquqi akt qüvvəyə minməklə 70-dən çox islahat tədbiri həyata keçirilib. Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə, 32 pillə irəliləyərək, 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri