İyn
2019
10:20
35
84
3279
Virtual karabakh

Mərkəzi Bank uçot dərəcəsini endirdi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8.75%-dən 8.5%-ə endirilməsi barədə qərar qəbul edib. 

Müvafiq qərar ABM-nin rəsmi saytında dərc olunub.

Bildirilir ki, faiz dəhlizinin yuxarı həddi 10.5%, aşağı həddi isə 6.5% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən olunub.

Bu qərar faktiki inflyasiyanın hədəf diapazonunun (4±2%) mərkəzindən aşağıda olması, inflyasiya gözləntilərinin sabitliyi, xarici mühitin əlverişli qalması və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul olunub.

İnflyasiya prosesləri

İnflyasiya gözlənilən trayektoriyada dəyişir. 2019-cu ilin aprel ayında 12 aylıq inflyasiya hədəf çərçivəsində olmaqla 3.1% təşkil edib. Ərzaq və xidmətlər üzrə qiymət artımı (müvafiq olaraq 3.5% və 3.8%) hədəf intervalında formalaşıb. Qeyri-ərzaq məhsullarının qiymətləri isə 1.4% yüksəlib. May ayında mövsümi amillərin təsiri ilə istehlak səbətində mühüm xüsusi çəkiyə malik ərzaq məhsulların ucuzlaşması müşahidə edilib.

İstehlak qiymətlərinin cari dinamikası və valyuta bazarında tarazlıq inflyasiya gözləntilərini stabil saxlayır. Real sektor monitorinqinin nəticələrinə əsasən, son ayda qiymət gözləntiləri ticarət, xidmət və tikinti sektorlarında azalmış, qeyri-neft emal sənayesində dəyişməz qalıb.

Kənd təsərrüfatı məhsulları mövsümi xarakterli amillərin təsiri ilə qarşıdakı bir neçə ayda da ərzaq inflyasiyasına azaldıcı təsir edəcək. Proqnozlar 2019-cu ilin sonuna inflyasiyanın hədəf daxilində (4±2%) qalacağını göstərir.

İqtisadi aktivlik

İqtisadi artım pozitiv dinamikasını saxlayır. 2019-cu ilin dörd ayında ötən ilin eyni dövrünə nəzərən real iqtisadi artım 2.1% təşkil edib. Qeyri-neft sektorunda artım 2.1% olub və əsasən, ticari sektordan qaynaqlanıb. Real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi son ayda qeyri-neft emal və xidmət sektorunda artıb.

İqtisadi artım həm xarici tələb, həm də daxili tələblə dəstəklənir. Yanvar-aprel aylarında ötən ilin müvafiq dövrünə nəzərən pərakəndə əmtəə dövriyyəsinin artım tempi (2.7%) əhali gəlirlərinin artım tempindən (5.5%) geri qalıb. Bu, ev təsərrüfatlarının hələlik əhəmiyyətli inflyasiya təzyiqi yaratmayan istehlak davranışı nümayiş etdirdiyini göstərir”.

Monetar şərait

May ayının yekunu üzrə manatla pul bazası ilin əvvəlinə nəzərən 6.6% artıb ki, bu da inflyasiya hədəfinə nail olmaq baxımından məqbul səviyyədir. Mərkəzi Bankın sterilizasiya əməliyyatları üzrə qalığın azalması fiskal profisit şəraitində pul bazasını hədəf daxilində tənzimləməklə əlaqədardır.

Aşağı kredit aktivliyi şəraitində bank sisteminin likvidlik mövqeyində iri həcmli struktur profisiti qalmaqdadır. Yanvar-aprel aylarında kredit qoyuluşları 0.1%, o cümlədən, hüquqi şəxslər üzrə 2.7% azalıb.

Kredit aktivliyinin son illərdə də aşağı düşməsi iqtisadi artıma və məcmu təklifin genişlənməsinə neqativ təsir göstərməklə makroiqtisadi və maliyyə sabitliyinə xələl gətirir. Bu fonda cari ildə bankların xarici investisiya aktivliyi diqqəti cəlb edir.

Faiz dəhlizinin parametrləri barədə növbəti qərarlar faktiki inflyasiyanın proqnozla müqayisəsi, inflyasiya gözləntiləri, xarici mühitin dəyişimi və maliyyə bazarlarının buna reaksiyasından asılı olaraq qəbul ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri