Avq
2019
16:41
178
41
5247
Virtual karabakh

Nazirlik işçilərinin maaşını gizlədənlərə qarşı hərəkətə keçdi - İqtisadçı qərarı şərh edir

Vergilər Nazirliyi tərəfindən əmək münasibətlərinin leqallaşdırılmasına, xüsusən də əmək müqavilələrinin bağlanmasına nəzarətin gücləndirilməsi müsbət haldır. Bunun nəticəsində əmək müqavilələrinin sayında artımlar qeydə alınır.

Bunu iqtisadçı Vüqar Bayramov Oxu.Az-a açıqlamasında Vergilər Nazirliyi tərəfindən əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsini şərh edərkən deyib. 

Onun sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində əmək müqavilələrində qeyd olunan əməkhaqlarının məbləğində xeyli artım müşahidə olunur:

“2018-ci ildən etibarən qeyri-rəsmi məşğulluğun aradan qaldırılması vergi, eyni zamanda, iqtisadi siyasətdə priotetdir. Nəzərə almalıyıq ki, Prezident İlham Əliyev 2018-ci ildə keçirilən müşavirədə “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib. Daha sonra Vergi Məcəlləsində edilən dəyişikliklərlə məhz gəlir vergisi ödəyiciləri üçün güzəştin tətbiq edilməsi, yeddi il müddətində dövlət və qeyri-neft sektorunda 8 min manatadək əməkhaqqı alanların gəlir vergisindən azad edilməsi nəzərdə tutuldu. Artıq 2019-cu il yanvarın 1-dən etibarən gəlir vergisinə tətbiq edilən güzəştlər qüvvədədir.

Əslində, gəlir vergisinin sıfırlanması sahibkarların əmək müqavilələrinə yenidən baxmasına, xüsusən də gizli, qara mühasibatlıqdan istifadə edənlərin artıq əmək münasibətlərini leqallaşdırmasına imkan yaradır. Statistika da göstərir ki, gəlir vergisinə güzəştlər tətbiq edildikdən sonra əmək müqavilələrinin sayında, eyni zamanda, əmək müqavilələrində göstərilən əməkhaqlarının məbləğində artımlar var”.

Ekspert qeyd edib ki, bununla belə, hazırda yenə də bir çox sahibkarlar işçi ilə ya əmək müqaviləsi bağlamır, ya da müqavilədə yazılan əməkhaqının məbləğini aşağı göstərməyə çalışır:

“Nəzərə alaq ki, gəlir vergisi ləğv edilsə və güzəşt tətbiq olunsa da, sahibkarlar tərəfindən sosial ödənişlər edilir – 15 faiz sahibkarlar tərəfindən, 10 faiz isə işçi tərəfindən ödənilir. Həmçinin işçi və işəgötürən işsizlikdən sığorta üzrə 0,5 faiz ödəyir. Bədbəxt hadisələrə görə sığorta isə sahibkar tərəfindən ödənilir. Yəni sahibkar əməkhaqqını aşağı göstərməklə gəlir vergisindən güzəşt əldə etsə belə, yenə də sosial ödənişlərdən yayınmağa, daha az sosial ödəniş etməyə çalışır”. 

V.Bayramov hesab edir ki, praktiki olaraq əmək müqavilələrinin bağlanmaması və ya əməkhaqlarının aşağı göstərilməsi yalnız dövlət büdcəsinə daxilolmalar deyil, həm də nəticə etibarilə işçinin hüquqlarının qorunması baxımından vacibdir:

“Çünki əməkhaqqının məbləğinin çox aşağı qeyd edilməsi, əmək müqaviləsinin bağlanmaması büdcəyə daxil olmalara mənfi təsir edir, həmçinin işçinin əmək hüquqlarını qorunması ilə bağlı problemlər yaradır. Çünki əmək müqaviləsi bağlanmadıqda sosial ödənişlər də olmur. Nəticədə isə, bu, pensiyaya çıxanlara da öz mənfi təsirini göstərir. Ona görə də əmək müqaviləsinin leqallaşdırılması həm də vətəndaşıın özü üçün vacibdir. Bu, onun əmək hüquqları və gələcəkdə sosial təminatı baxımından çox vacibdir. 

Təbii ki, aparılan monitorinqlərdən biri hesabatlarda elan edilən əməkhaqlarının məbləği ilə sosial ödənişlərin qiymətinin uzlaşdırılması və müvafiq olaraq uyğunsuzluqların müəyyən edilməsi məqsədini daşıyır. Vergilər Nazirliyi tərəfindən də bu eyniləşdirmə nəticəsində bir sıra uyğunsuzluqlar aşkar edilib. Bu da əmək müqavilələrində məbləğin real göstərilməməsindən xəbər verib. Ona görə də bu istiqamətdə nəzarətin gücləndirilməsi, yalnız uyğunlaşdırma deyil, digər metodlardan da istifadə etməklə əmək münasibətlərinin leqallaşdırılması, qeyri-rəsmi məşğulluğa qarşı mübarizənin gücləndirilməsi vacibdir”.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri