16 
Okt
2019
14:17
111
35
1986
Virtual karabakh

İpək Yolunun aktivləşməsində Azərbaycanın rolu - İnnovasiyalı iqtisadiyyat qurmaq imkanları

16 Okt, 2019
14:17
1986

İpək Yolunun aktivləşməsində Azərbaycanın rolu - İnnovasiyalı iqtisadiyyat qurmaq imkanları

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (TDƏŞ) üzvləri Avrasiya materikində 160 milyona yaxın əhali və 1.5 trilyon dollarlıq iqtisadiyyatı olan regionu əhatə edir.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

Deputatın fikrincə, Türk Şurası üzvləri bir-birləri ilə yanaşı, həm də Qərblə Şərqlə arasında iqtisadi münasibətlərdə aktiv iştirak edir. Onun sözlərinə görə, bu, Türk Şurasına üzv ölkələrin hər birinin iqtisadi marağına xidmət edir.

Ötən 10 il ərzində keçən statistikaya fikir versək, görərik ki, Azərbaycan TDƏŞ-ə üzv ölkələrlə ticarət dövriyyəsini 2.7 dəfə artırıb.

Deputat bildirir ki, Azərbaycan keçən 10 il ərzində Türk Şurası üzvlərinə ixracını 7,6 dəfə artırıb və bu ölkələrin iqtisadiyyatına 15 milyard dollara yaxın investisiya qoyub.

“Həm Qərb, həm də Şərq istiqamətində iqtisadi münasibətlərin aktivləşməsi Azərbaycana və digər Türk Şurası üzvlərinə bir-birlərinin daxili bazarlarına investisiya qoymaq, sahibkarlıq mühitini daha da inkişaf etdirmək, innovasiyalı iqtisadiyyat qurmağa imkan verir”, - deyə T.Mirkişili söyləyir.

Bu gün Avrasiya materikində ciddi inteqrasiya prosesləri gedir. Eyni zamanda, Avropa Birliyi ilə Çin və Hindistan arasında iqtisadi əlaqələr getdikcə daha da dərinləşir.

Bununla yanaşı, İpək Yolunun orta dəhlizi məhz Türk Şurasının regiondan keçir. Azərbaycan isə bu koridorun aktivləşməsi üçün kifayət qədər böyük həcmdə investisiya qoyaraq, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin reallaşmasına imkan yaradıb.

Deputat bunları nəzərə alaraq deyir ki, Türk Şurasının üzvləri həm də tranzit-nəqliyyat imkanlarından yararlanaraq, iqtisadi faydalar əldə edə bilərlər.

“Türk Şurasının mühüm əhəmiyyəti ondan ibarətdir ki, öz inteqrasiya imkanlarından istifadə edərək ölkələr arasında mövcud olan müxtəlif tarif, gömrük və kvota məsələlərini həll edə bilər. Bununla da tranzit-nəqliyyat yüklərini daha sürətli, daha asan və iqtisadi cəhətdən daha əlverişli etmək mümkündür. Bu isə Türk Şurasının üzvlərinin özlərinin bu əlaqələrdən daha çox fayda əldə etməsinə imkan yaradacaq”.

Xatırladaq ki, oktyabrın 15-də Bakıda keçirilən TDƏŞ-İN VII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

Ölkə başçısı siyasi məsələlərlə yanaşı, iqtisadi əlaqələrə də diqqət çəkib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır:

“2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı-Tbilisi–Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına bizim müştərək töhfəmizdir.

Bakı Beynəlxalq Dəniz Limanı 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malikdir. Ehtiyac olduğu təqdirdə limanın yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteynerə kimi artırıla bilər.

Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. 2018-ci ildə türkdilli ölkələrdən 8 milyon ton yük Azərbaycan vasitəsilə daşınıb.

Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Azərbaycan bu sahədə də öz imkanlarını təqdim edir. Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir”.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri