31 
Okt
2019
17:49
59
153
3386
Virtual karabakh

SOCAR Rusiyada metanol zavodunun inşası layihəsində PMC podratçı seçilib

31 Okt, 2019
17:49
3386

SOCAR Rusiyada metanol zavodunun inşası layihəsində PMC podratçı seçilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilk dəfə olaraq Rusiyada nəhəng metanol zavodunun inşası layihəsində Layihənin İdarəedilməsi üzrə Podratçı (PMC) seçilib.

Report xəbər verir ki, Rusiyanın “Qaz Sintez” şirkətinin Leninqrad vilayətinin Vısotsk şəhərində inşa olunması planlaşdırılan metanol zavodunun illik istehsal gücü 1,83 mln. ton nəzərdə tutulub.

SOCAR bu layihədə PMC podratçı olaraq çıxış etməklə Rusiya ərazisində ilk PMC podratçı seçilən Azərbaycan şirkəti olub.

PMC müqaviləsi sifarişçi və podratçının nəticəyə yönəlik resursların idarəedilməsi daxil olmaqla layihənin idarəedilməsini əhatə edir.

SOCAR layihənin idarəetmə və icrasının planlaşdırılması, planların icrasının təşkili, monitorinq, nəzarət, layihənin nəticələrinin vaxtında, büdcə daxilində və tələb olunan keyfiyyət parametrlərinə çatması üçün dəyişikliklərin idarəedilməsi daxil olmaqla, bütün mərhələlərdə layihə idarəetməsi üzrə xidmət göstərəcək.

Bildirilib ki, SOCAR-ın PMC podratçı kimi cəlb olunması olduqca təbiidir. Bu layihədə iştirak etmək üçün “SOCAR Polymer”, “SOCAR GPC”, “SOCAR Carbamide” və “SOCAR Methanol” kimi layhihələrdə böyük təcrübəyə malik yüksək ixtisaslı kadrlardan ibarət heyət təşkil olunub.

Qeyd edilib ki, böyük layihələrin həyata keçirilməsində yüksək səviyyəli ixtisaslaşmaya malik olan SOCAR mütəxəssisləri “Fluor”, “Tecnimont”, “Foster Wheeler” kimi şirkətlərlə rəqabət apararaq hərtərəfli layihə idarəetmə xidmətləri üçün ən yaxşı təklif təqdim edib: “Beləliklə, SOCAR neft gəlirlərinin insan kapitalına çevrilməsi üzrə dövlət strategiyasının həyata keçirilməsinə mühüm töhfəsini verir”.

Qeyd edək ki, zavodda istehsal olunan metanolun tam olaraq ixrac olunması planlaşdırılır və metanol Vısotsk şəhərində yerləşən “Lukoil” şirkətinin neft məhsulları terminalından ixraca yönləndiriləcək.

İstehsal olunacaq metanolun yüksək keyfiyyətli “AA”markalı məhsul olması, onun təmizliyinin isə 99% təşkil etməsi nəzərdə tutulub. Yerli standartlar nəzərə alınmaqla beynəlxalq tələblərə uyğun inşa olunacaq zavodun 2023-cü ildə istismara verilməsi planlaşdırılır. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri