15 
Noy
2019
14:19
20
103
3483
Virtual karabakh

Azərbaycanlılar ən çox nəyə pul xərcləyir?

2019-cu ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3,1 faiz üstələyərək, 31,1 milyard manata bərabər olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Ticarət dövriyyəsinin 15741,8 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15381,1 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib.

Satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-oktyabr aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,7 faiz və 3,4 faiz artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2019-cu ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 21,1 faizi ticarət müəssisələri, 50,2 faizi fərdi sahibkarlar tərəfindən, 28,7 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,2 faiz, fərdi sahibkarlar üzrə 1,6 faiz artmış, bazar və yarmarkalarda isə 7,9 faiz azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 314,5 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 14,1 manat çox olub.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 159,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 155,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri