27 
Noy
2019
11:05
31
411
3749
Virtual karabakh

Rövnəq Abdullayev: SOCAR mütəmadi olaraq atmosferə atılan qazların ümumi miqdarını nəzarətdə saxlayır

27 Noy, 2019
11:05
3749

Rövnəq Abdullayev: SOCAR mütəmadi olaraq atmosferə atılan qazların ümumi miqdarını nəzarətdə saxlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İndiyə qədər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müəssisə və təşkilatlarının balansında olan iki min hektardan artıq ərazir ekultivasiya edilib, həmin torpaqlarda yaşıllıqlar salınıb, Bakı Olimpiya Stadionu, Bakı Ali Neft Məktəbinin kampusu, Eko park və başqa obyektlər inşa olunub.

Report xəbər verir ki, bunu Bakıda keçirilən “İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

“Azərbaycan Respublikasının Milli məlumatlarına əsasən, müstəqilliyin ilk illərində Azərbaycanda istilik effekti yaradan qazlar xeyli azalıb. Buna səbəb keçid dövrünü yaşayan ölkəmizdə iri sənaye müəssisələrinin işinin dayandırılması və ümumilikdə, ölkə əhalisinin istifadə etdiyi yanacağın miqdarının azalmasıdır.

Lakin 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkədə neft-qaz sənayesinin yüksəlişi və istehsalat sahələrinin inkişafı nəticəsində 2000-ci illərdən başlayaraq ölkədə atmosferə atılan istilik effekti yaradan qazların miqdarı da artmağa başladı. Bu tendensiyanın qarşısının alınması məqsədilə enerji səmərəliliyi, enerjiyə qənaət və çox karbonlu yanacaq növündən az karbonlu yanacağa keçmək kimi tədbirlərin icrasına başlandı.

SOCAR olaraq, biz də bu tədbirlərə qoşulanlardan birincisi olduq. SOCAR-ın 2008-ci ildə təsdiq olunmuş “Ekoloji Siyasəti” bu istiqamətdə fəaliyyətimizin əsasını təşkil edir”, - deyə o qeyd edib. 

R.Abdullayev deyib ki, şirkət neftlə çirklənmiş torpaqların təmizlənməsi və yaşıllaşdırılması, tullantıların idarə olunması, ekosistemin bərpası və s. istiqamətlər üzrə genişmiqyaslı tədbirlər həyata keçirir:

“Qazma, hasilat, emal və neft-kimya prosesləri zamanı ətraf mühitin qorunması məsələləri daim diqqət mərkəzində saxlanılır. Neftlə birlikdə çıxan lay sularının neftlə çirklənməsi nəticəsində yaranan radioaktivlik və çirklənmə amili aradan qaldırılmış, neft-qazçıxarma müəssisələrində ətraf mühitin əsas çirklənmə mənbələrindən biri olan lay sularının qapalı sistemdə utilizasiyası 100%-ə çatdırılıb. Son zamanlar “Ekoloji Siyasət” sənədimiz çərçivəsində həmin torpaqların bərpası istiqamətində böyük uğurlar əldə edilib”.

O, məlumat verib ki, SOCAR, həm də Dünya Bankının və BMT-nin “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” təşəbbüsünə qoşulmuş ilk şirkətlərdən biridir. Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycanda bu göstərici 1%, cari ildən isə bu rəqəm 0.9%-ə endirilib. 

“2012-ci ildən atmosferə atılan səmt qazının yığılması ilə bağlı 3 böyük layihə həyata keçirilib və nəticədə il ərzində 1 milyard kubmetr səmt qazı yığılaraq istehlak bazarına yönəldilib. SOCAR mütəmadi olaraq birgə müəssisələrində və digər əməliyyat şirkətlərində atmosferə atılan qazların ümumi miqdarını nəzarətdə saxlayır və bu məqsədlə müvafiq monitorinqlər keçirir.

Əlbəttə ki, neftin-qazın hasilatı SOCAR-ın əsas vəzifəsidir. Amma əmin ola bilərsiniz ki, bizim üçün ətraf mühitin, ekoloji tarazlığın qorunması, torpağın, havanın və dənizin çirklənməsinin qarşısının alınması eyni dərəcədə vacib məsələlərdir.

Bu məqsədlə reallaşdırdığımız layihələrin dayanıqlığı, müvəffəqiyyət qazanması SOCAR üçün müstəsna əhəmiyyət kəsb edir”, - deyə SOCAR prezidenti əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri