14 
Dek
2019
11:48
11
92
2239
Virtual karabakh

Struktur və kadr dəyişikliklərinə niyə ehtiyac var?

14 Dek, 2019
11:48
2239

Struktur və kadr dəyişikliklərinə niyə ehtiyac var?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pərviz Heydərov yazır...

2019-cu il ölkəmizdə böyük islahatlar ili olaraq yadda qalacaq. Daha doğrusu, böyük islahatlara başlandığı il olaraq. İl başlanan kimi start verilən bu islahatların dalğası hələ də yeni-yeni sahələri əhatə etməkdə davam edir. Belə ki, elə bir prosesə, tendensiyaya başlanğıc verilib ki, bu həm dərinə, həm də üfüqə doğru hələ çox, yəni uzun illər ərzində işləyəcək və genişlənəcək.

Çünki əsas hədəfi Azərbaycanda sosial dövlət modeli qurmaq, yaşından asılı olmayaraq, yeni doğulmuş körpədən tutmuş, ömrünün son günlərini yaşayan hər bir vətəndaşa kimi onların qayğısına qalmaq, hər cür maddi-mənəvi ehtiyaclarını maksimum səviyyədə ödəməyə nail olmaq təşkil etdiyindən bütün sahələrdə dəyişikliklər etməyə ehtiyac var.

Başqa sözlə desəm, vətəndaşların rifahını başlıca vəzifəsi hesab edən, onların sosial, iqtisadi əmin-amanlıqlarını qorumağa çalışan bir sistem və quruluş yaratmaq məqsədinə nail olmaq üçün cəmiyyətin bütün sferalarında ciddi islahat aparılmaq lazımdır.

Bəli, sosial dövlət modeli yolunda hələ müəyyən məsafə qət etməliyik. O səbəbdən ki, birincisi, ümumi gəlirlərin bölgüsündə problemlər var, ikincisi, minimum əmək haqqı yaşayış minimumu səviyyəsinə yalnız bu il çatdı və sair... Bunlar aydındır. Ancaq sual yaranır ki, bəs, bütün bunlardan ötrü doğrudanmı struktur, kadr dəyişikliklərinə ehtiyac var? 

Bəli var, sözsüz...

Əvvəla, ölkədə dövlət və iqtisadiyyatı idarəetmə mexanizmini dəyişməyə və təkmilləşdirməyə, başqa sözlə desəm, struktur islahatlarına çoxdan ehtiyac var. Bu, büdcə xərclərində səmərililiyi artırmaq, həm də idarəetməni asanlaşdırmaq baxımından vacibdir. Ancaq struktur islahatları çox ağrılı proses olduğundan, bizdə bu sahədə həmişə kəskin ixtisarlardan, funksionallığın əldən gedəcəyindən ehtiyat edilib. Bəlkə, bu səbəbdən də struktur, kadr dəyişikliklərində indiyədək kompleks islahat müşahidə olunmayıb. 

İndi bax, məhz bu, qaçılmaz xarakter daşıyır.

İkinci məsələ bundadır ki, qarşıya qoyulan məqsəd və hədəfə çatmaq üçün həyata keçirilən islahatlar sistem xarakteri daşımalı və hökmən kompleks tədbirlər görülməlidir.

Ümumiyyətlə, aparılan islahatlarda əsas məqsəd əhalinin sosial müdafiəsini daha da gücləndirmək məqsədi daşıyırsa, iqtisadi müstəvidə nailiyyətlər çox olmalıdır. Odur ki, əhalinin sosial müdafiəsi və iqtisadi mənafeyinin qorunması ilə bağlı atılan addımların səmərəliliyini və davamlılığını təmin etmək məqsədilə hökmən struktur və kadr islahatları, qanunvericilik və digər islahatlar da həyata keçirilməlidir. Başqa sözlə desəm, sosial dövlət modeli quruculuğu sahəsində islahat dalğası bütün subyektləri, sahə və sektorları əhatə etməlidir.

Xatırladım ki, 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra növbəti dəfə qalib gələn İlham Əliyev andiçmə mərasimində proqram xarakterli çıxış etdi. Həmin çıxışında dövlət başçımız qeyd etdi ki, çox böyük islahatlara start verəcək.

Həqiqətən, Prezident İlham Əliyev yeni dövr üçün öz vəzifəsinin icrasına başlayan kimi islahatların ilkin əlamətləri görünməyə başladı. Belə ki, 2018-ci ilin ikinci yarısında dövlət büdcəsinin hazırlanma qaydasında yeniliklər tətbiq edilməyə başlandı. Vergi Məcəlləsinə köklü şəkildə çoxsaylı dəyişikliklər hazırlandı. Növbəti ildə, yəni bu il üçün hazırlanan dövlət büdcəsində sosial istiqamətdə çox böyük addımlar atılacağı göründü. 2019-cu ildən Vergi Məcəlləsində qüvvəyə minən 300-ə qədər əlavə və dəyişikliklər bunun sonrakı əsasını qoydu və sair.

Ümumiyyətlə, cari ilin əvvəlindən sosial istiqamətdə böyük addımlar atılmağa başlandı ki, fevralda ilk böyük sosial paket qəbul edildi və martın 1-dən minimum əməkhaqqı, minimum pensiyalarda ciddi artımlar oldu, bütün müavinətlər artırıldı, yeni müavinət növlərinin tətbiqinə başlanıldı, dövlət büdcəsində maliyyələşən təşkilatlarda işçilərin maaşları artırıldı.

İlin ortasında ikinci sosial paketin qəbulu haqqında da sərəncam verildi ki, sentyabrdan qüvvəyə minən dəyişikliyə əsasən pensiya və maaşlar yenidən artdı və sair. Nəticədədə minimum əməkhaqqı il ərzində artırılaraq 250 manata, minimum pensiya isə 200 manata çatdı. Bundan başqa ayrı-ayrı sahələrdə əməkhaqqlarında növbəti addımlar həyata keçirildi.

Hələ indiyə qədər Azərbaycanda 1 ilin ərzində əməkhaqqı və pensiyaların bu qədər artırılması, iki sosial paketin həyata keçirilməsi faktına rast gəlinməmişdi. Bütün bunlar və qeyd olunan sosial paketlərin maliyyələşdirilməsi əsasən, kölgə iqtisadiyyatına qarşı aparılan mübarizənin bir qədər də gücləndirilməsi hesabına təmin edildi.

Kölgə iqtisadiyyatına qarşı mübarizədə əldə edilən uğurlar məhz iqtisadi sahədə aparılan islahatlar hesabına mümkün oldu. 2018-ci ildə əlavə olaraq 300 milyon manatdan çox, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində isə 850 milyon, son olaraq isə 930 milyon manatdan artıq vəsait dövlət büdcəsinə daxil edilib. Bu gəlirlər dövlətdə əhalinin sosial, iqtisadi cəhətdən müdafiəsinin yaxşılaşdırılması üçün islahatların dərinləşməsinin vacib olduğunu təsdiqlədi.

Odur ki, ardınca struktur və kadr islahatlarına rəvac yarandı ki, islahatların səmərəliliyini artırmaq məqsədilə islahatlar hökmən idarəetmə sahələrini də əhatə etdi. Dövlət başçısı tərəfindən qarşıya qoyulan iqtisadi, sosial məsələlərə nail olmaq məqsədilə bu sahədə də yeni yanaşmanın tətbiqi vacib sayılırdı. O səbəbdən ki, idarəetmədə yeni yanaşma iqtisadiyyatda dəyişikliklərə daha sürətli nail olmağa gətirib çıxarmalıdır. Ona görə də islahatların davamı kimi 2019-cu ildə struktur islahatları da dərinləşdi, kadr dəyişikliklərinə başlandı.

Bu proses hələ davam edəcək. Bunun müsbət nəticələrinin bir qismini yaxında, digər hissəsini isə qarşıdakı illərdə görəcəyik. Artıq, növbəti ilin dövlət büdcəsi qəbul edilib. 2020-ci ildə də əməkhaqqı və pensiyalarda artım nəzərdə tutulur. Amma artımlar o halda baş verəcək ki, büdcəyə proqnozlaşdırılan gəlirlər, o cümlədən qeyri-neft sektorundan vergilər təmin olunsun.

Çünki iqtisadiyyatda şəfaflığı artırmadan, kölgə iqtisadiyyatına qarşı mübarizəni gücləndirmədən, açıq rəqabət mühiti təşkil etmədən büdcəyə dair tapşırıqları icra etmək mümkün deyil. Aparılan islahatlar bu məsələlərin həllinə yardım edəcək. Başqa sözlə desəm, struktur islahatları, kadr dəyişiklikləri və digər tədbirlər kölgə istisadiyyatının həcminin bir qədər də kiçilməsi ilə nəticələnəcək.

Yeri gəlmişkən, xatırladım ki, Vergilər Nazirliyi ilə Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyini müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil etməyə dair 23 oktyabr 2019 tarixli Fərmanın girişində də yazılıb ki, davamlı inkişafı təmin etmək məqsədilə aparılan sosial-iqtisadi islahatları dərinləşdirilmək, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması, ixrac potensialının artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərini sürətləndirməyi və dövlət idarəetməsini təkmilləşdirilməyi zərurətə çevirib.

Gələn il Rəqabət Məcəlləsinin də uzun gözləntidən sonra qəbul ediləcəyi deyilir. Bunun qəbulu, iqtisadiyyatı idarəetmənin təkmilləşdirilməsi rəqabət mühitinin güclənməsinə imkan yaradacaq. Bu dəyişikliklər həm 2020-ci ildə, həm də qarşıdakı illərdə iqtisadiyyatda yaradılan əlavə dəyərin daha da böyük templə artmasına şərait yaratmalıdır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri