10 
Yan
2020
11:58
25
106
5279
Virtual karabakh

İş axtaranların nəzərinə - Bir ildə 103 min nəfərə xeyir verən proqrama necə qoşulmaq olar?

10 Yan, 2020
11:58
5279

İş axtaranların nəzərinə - Bir ildə 103 min nəfərə xeyir verən proqrama necə qoşulmaq olar?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özünüməşğulluq, “Məşğulluq haqqında” qanununun 1.1.15-ci maddəsində qeyd olunduğu kimi, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi deməkdir.

2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 103 028 işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.

Bu barədə nazirliyin yanvarın 9-da yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, əhalinin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır.

Özünüməşğulluq proqramı Azərbaycan Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamına əsasən həyata keçirilir.

Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir. Ailə təqdim etdiyi biznes-plana uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. 

Bu dövlət özünüməşğulluq proqramını digər ölkələrdəki təcrübədən fərqləndirən cəhətdir.

Özünüməşğulluq proqramında iştirak etmək üçün qaydalar necədir?

Özünüməşğulluq proqramında iştirak bir neçə mərhələdən ibarətdir.

İlk növbədə, iştirak etmək üçün Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında (şəhər, rayon məşğulluq mərkəzlərində) qeydiyyata dayanmaq lazımdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər müəyyən olunur. Onlar daha sonra biznesin təşkili ilə bağlı bir aylıq təlim kurslarına cəlb edilirlər.

Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən keçirilən təlim kurslarında iştirakçılar biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnirlər.

Kursları başa vuran və qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilən işsiz və işaxtaran şəxslərin seçdikləri iqtisadi fəaliyyət növləri üzrə özünüməşğulluq fəaliyyətinin təşkili üçün onlar aktivlərlə təmin olunurlar. Bu aktivlər natura şəklində material, avadanlıq və digər əmlakın iki il müddətinə müqavilə əsasında verilir.

Aktivlər verildikdən sonra da proqram iştirakçılarına biznesin idarə edilməsi və inkişafı ilə bağlı müvafiq məsləhətlərin verilməsi təmin edilir. Özünüməşğulluq fəaliyyətinin iki il ərzində monitorinqi aparılır.

Müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri