25 
Yan
2020
10:38
18
143
3098
Virtual karabakh

Şəkər zavodunun fəaliyyəti niyə dalana dirənib?

Pərviz Heydərov yazır...

Ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək və bu sahədən gəlirləri artırmaq, ümumiyyətlə, onun neft-qaz sektorundan irəli çıxmasına nail olmaq üçün hökumətin gördüyü işlər, həyata keçirdiyi tədbirlər, atdığı addımlar məlumdur. Nəticələr göz qabağındadır. 

Belə ki, təkcə 2019-cu ilin yekunlarına görə, ölkədə ÜDM 2,2 faiz, o cümlədən, qeyri-neft sektoru 3,5 faiz artıb. Qeyri-nef sənayesi isə 14,3 faiz... 

Dövlət başçısı İlham Əliyev demişkən, bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür. Sözüm bunda deyil. O da bəllidir ki, qeyri-neft sektorunun inkişafında ölkənin bilavasitə qida və ərzaq təhlükəsizliyinə aid məhsulların istehsalına və çeşidinin genişlənməsinə xüsusi diqqət yetirilir.

Bu, qeyri-neft sektorunun inkişafında prioritetdir. Belə ki, ümumən kənd təsərrüfatı sahəsində emal, xüsusən də yeyinti məhsulları istehsal edən müəssisələrin sayının artmasına ayrıca olaraq yanaşılır. Sənayenin bu istiqamətində inkişafına böyük önəm verilir. 

Yeri gəlmişkən, Prezident İlham Əliyev onu da qeyd edib ki, Azərbaycanda sənaye istehsalı həm dövlət vəsaiti, həm də özəl sektorun fəaliyyəti nəticəsində artıb. “Əminəm ki, bu artım bundan sonra da dayanıqlı olacaqdır" - deyə, dövlət başçımız sonuncu müşavirədə vurğuladı. Söhbət bunda deyil. 

Məsələ ondadır ki, misal üçün adı “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC olan İmişli Şəkər Zavodu ilə bağlı real olaraq yaranmış vəziyyət çox təəssüf doğurur. Belə ki, “Azərsun Holdinq”in təsisçisi olduğu İmişli rayonunda yerləşən şəkər emalı zavodu bağlanmaq təhlükəsindədir. Adı çəkilən qurumun bu barədə açıqlamasında bildirilir ki, hazırda İmişli Şəkər Zavodunda fəaliyyətin dayandırılması ilə bağlı ölkə qanunvericiliyinin tələbinə uyğun olaraq işçilərə müvafiq ödənişlər edilir. 

Belə ki, müəssisə 2020-ci ildən etibarən, sadəcə payız mövsümündə məhdud miqdarda şəkər çuğunduru emal etməklə fəaliyyətini məhdudlaşdıracaq ki, bununla əlaqədar olaraq da, mövcud işçi heyəti ixtisar ediləcək. Çünki zavod 3 ildir zərərlə işləyir. 

Xatırladım ki, zavodun inşaat işlərinə 2003-cü ildə, ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə başlanmışdı. 70 hektar ərazidə inşa olunan müəssisəyə ilkin mərhələdə 83 milyon ABŞ dolları məbləğində investisiya qoyulmuşdu. Zavod 27 aya tikilib. Bu müddətdə gündəlik 1800-2500 nəfər çalışıb. 

Qeyd olunanlara görə, dünya standartlarına cavab verən texnologiyalar ilə təchiz edilmiş İmişli Şəkər Zavodunun layihə və montaj işləri Almaniya, Polşa, Türkiyə və Ukrayna mütəxəssislərinin nəzarəti altında yerli mühəndis və montaj heyəti tərəfindən həyata keçirilib. 

23 mart 2006-cı ildə tarixdə isə Prezident İlham Əliyevin iştirakı ilə İmişli Şəkər Zavodunun açılışı oldu. Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramında qabaqcıl rol oynayan zavod şəkər tozu, heyvan yemi, kəllə qənd və etanol istehsalı sahələrində fəaliyyət göstərirdi. Bununla da bölgənin inkişafında və sənayeləşməsində mühüm rol oynamaqda idi. 

Ümumiyyətlə, Cənubi Qafqazda ən böyük şəkər zavodu sayılan sözügedən müəssisənin gündəlik emal gücü beş min ton şəkər çuğunduru və ya 1800 ton xam şəkər olduğu, bunları bir yerdə emal etmək üçün müvafiq texnologiyalar ilə təchiz edildiyi bildirilirdi ki, müəssisənin şəkər çuğunduru ilə təmin olunması məqsədilə ətraf rayonlarda şəkər çuğunduru becərmək üçün sahibkarlarla müvafiq münasibətlər qurulduğu da söylənilənlər sırasında idi. 

Yeri gəlmişkən, açılış mərasimində müəssisənin təsisçiləri bəyan etmişdilər ki, gələcəkdə gündə 9000 ton çuğundur emal etməklə 1500 ton şəkər tozu istehsal olunacaq ki, işçilərin sayı 1400 nəfərə çatacaq. 

Bəs nə baş verib? İmişli Şəkər Zavodu niyə bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb? Səbəb nədir? 

“Azərsun Holdinq” buna idxalın səbəb olduğunu bildirib. Belə ki, zavodun təsisçisi olan adı çəkilən qurum tərəfindən 2016-cı ildən Rusiyadan ölkəmizə şəkər tozu idxalının durmadan artması və üstəlik, idxal olunan məhsulun qiymətinin dempinq siyasəti yolu ilə formalaşdığı əsas problem olaraq göstərilib. 

Belə ki, zavodda maya dəyərinin aşağı salınması, qiymətdə rəqabət qabiliyyətliliyi təmin etmək üçün milyonlarla ABŞ dolları məbləğində investisiya qoyuluşu, həmçinin digər səmərələşdirici səylərin həyata keçirilməsinə baxmayaraq, guya, dempinqli idxal səbəbindən fəaliyyət son illər ərzində ardıcıl şəkildə zərərlə başa gəlib.

Bu, doğrudurmu? Əlbəttə, heç bir şirkət istəməz ki, müəssisəsi bağlansın, fəaliyyəti dayansın. Və nəticədə çox mühüm bir sahədə bazarı və avtomatik olaraq da öz gəlirlərinin bir qismini itirsin. Ancaq bunun bir neçə səbəbi var. 

Əvvəla, qeyri-neft sektoruna aid məhsul istehsal edən şirkət və ya müəssisə bu məhsullarla dünya bazarına çıxmaq, ümumiyyətlə, ilk nöbbədə rəqabətqabiliyyətlilik, ixrac imkanları barədə də düşünməli və bu sahədə strateji plana sahib olmağı planlaşdırmalıdır. 

Düzdür, qeyri-neft məhsulları sarıdan bu yöndə istənilən nəticəyə nail olmaq çox çətindir. Bununla belə, bu məhsulların istehsalında ən mühüm cəhət keyfiyyət, rəqabətqabiliyyətlilik və qiymət məsələsidir. Sırf daxili bazara hesablanmaq iflasa bəri başdan rəvac deməkdir.

İkincisi, bəli, bu və ya digər malın keyfiyyəti yüksək olarsa, maya dəyəri də artıq olur. Ancaq müasir dünyada rəqabət elə kəskin xarakter alıb ki, istehsalçılar məhsulun keyfiyyətini artırmaqla bərabər, maya dəyəri də aşağı salmağa çalışırlar. Bu, malın rəqabətqabiliyyətliliyinin təminində ən mühüm şərtdir. 

Məsələ bundadır ki, İmişli zavodunda istehsal edilən məhsul maya dəyərindən baha başa gəlir ki, bunu müəssisənin məxsus olduğu Holdinq də dolayısı ilə etiraf edir. Yəni, zavodun məhsulları qiymət baxımından bahadır, çünki maya dəyəri yüksəkdir. Bu da ona dəlalət edir ki, həmin zavodda istifadə edilən texnologiya müasir deyil.

Düzdür, Holdinqin açıqlamasında xeyli vəsait sərf olunduğu, texnologiyanın yeniləndiyi və sair qeyd olunur. Amma zavodun məhsulları qiymət baxımından əlverişli olsaydı, Rusiyadan idxal bunları bazardan sıxışdırıb çıxara bilməzdi. 

Üçüncüsü, hər şeyi dempinq siyasətində görmək də heç də düzgün deyil. Hər bir ölkədə, başqa ölkəyə ixrac etdiyi məhsulun qiymətini aşağı səviyyədə təmin etmək istəyi var ki, yerli məhsulla rəqabətdə üstün gəlsin. Bu, təbii haldır. Bunu hansısa ölkəyə irad tutmaq düzgün deyil.

Azərbaycan da öz məhsulunu başqa ölkəyə ixrac edəndə, həmin bazarda aşağı qiymətlə təklifə çalışır ki, yerli məhsullarla rəqabət apara bilsin. Digər tərəfdən, ölkəmizdə antidempinq sahəsində müvafiq hüquqi-normativ baza - “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun var.

Bu qanun ölkənin iqtisadi maraqlarının müdafiəsi məqsədi ilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxala qarşı antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi qaydalarını tənzimləyir.

Həmin qanunun əsas anlayışlara dair 1-ci maddəsində yazılıb ki, malın normal dəyərindən (oxşar malın mənşə və ya ixrac ölkəsinin daxili bazarında adi ticarət dövriyyəsindəki satış qiyməti) aşağı qiymətə Azərbaycan Respublikasının gömrük ərazisinə idxal edilməsinə dempinqli idxal deyilir.

Bəli, Azərbaycan kimi ölkələrdə antidempinq siyasəti xüsusən vacibdir. Ona görə ki, bizim bazar kiçikdir. Bu isə o deməkdir ki, Azərbaycana qarşı dempinq siyasəti həyata keçirən potensial ölkələrin sayı çoxdur. Üstəlik, keyfiyyət amili də var. 

Bütün bunların fonunda isə Azərbaycanda bazarı qorumaq sahəsində hökumətin üzərinə böyük vəzifələr və yük düşür. Ancaq burada bir məsələ də var ki, daxili bazarımız real olaraq bir sıra zəruri idxal məhsullarından asılı vəziyyətdədir.

Odur ki, antidempinq siyasəti elə həyata keçirilməli, bu sahədə elə mexanizm təşkil olunmalıdır ki, bu, inhisarçılığın da güclənməsinə və yerli istehsalın rəqabətqabiliyyətli inkişaf tempindən kənarda qalmasına əsla, şərait yaratmasın. 

Yəqin ki, nə demək istədiyim anlaşıldı. Sözün qısası, sözügedən zavod, bazarın tələblərinə əsasən lazımı səviyyədə yenilənmədiyi, yeni texnologiyalar və əlavə investisiya vasitələrini vaxtında tətbiq etmədiyi üçün bu cür vəziyyətə düşüb. Bu, mənim bir iqtisadçı kimi subyektiv fikrimdir.

Əlbəttə, qeyri-neft sektorunda belə bir halın müşahidə edilməsi çox acınacaqlı haldır. Çünki həmin zavodun bağlanacağı təqdirdə xeyli insan işsiz qalacaq. Üstəlik, söhbət region əhəmiyyətli böyük bir müəssisədən gedir. Burada dövlət üzərinə də məsuliyyət düşür.

Belə ki, ölkə daxilində bu cür müəssisələrin fəaliyyəti diqqət mərkəzində saxlanılmalı, ucuz idxalın qarşısı alınmalıdır. Həmçinin, bu cür istehsal obyektlərinin yenilənməsi və texnoloji cəhətdən təkmilləşdirilməsinə, bazarın tələblərinə əsasən fəaliyyət göstərməsinə nəzarət olmalıdlr. 

Hesab edirəm ki, “Azərsun Holdinq” hökumətə müraciət edərək müvafiq kredit və ya maliyyə resursları cəlb etməklə, müəssisə yenilənməlidir. Bütün işlər hökumətlə birgə həyata keçirilməlidir. 

Yeri gəlmişkən, yazını yazarkən, Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına da nəzər yetirdim: ölkəyə keçən il ərzində ən çox idxal olunan məhsullar sırasına baxdım və şəkərə rast gəlmədim, ixrac edilən məhsullar sırasında isə adıçəkilən məhsul növü var idi ki, ümumi ixracda payı 0,14 faiz təşkil edirdi.

Son olaraq, demək istədiyim budur: sözügedən müəssisə ilə bağlı yaranan vəziyyət girişdə qeyd etdiyim məsələyə, yəni ölkəmizdə qeyri-neft sektorun inkişafına və genişlənməsinə yönəlik həyata keçirilən tədbirlərə və müvafiq siyasətə daban-dabana ziddir. Bu sahədə, idxalçı dairələrə “boyun əyməyə” qətiyyən dəyməz!..

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri