25 
Yan
2020
11:30
91
38
3761
Virtual karabakh

Azərbaycanın mərkəzi rayonunun əsas iqtisadi göstəriciləri - RƏQƏMLƏR

25 Yan, 2020
11:30
3761

Azərbaycanın mərkəzi rayonunun əsas iqtisadi göstəriciləri - RƏQƏMLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə nə gözəldir, necə qəşəngdir,
Yazı da, qışı da güldür, çiçəkdir.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Bərdə barədə qələmindən çıxan bu sətirlər özlüyündə çox mənaları ehtiva edir. 

Bərdə Azərbaycanın ən qədim regionlarından biridir. Bərdə rayonu 1930-cu ildə inzibati ərazi statusu alıb. Bərdə rayonunda bir şəhər və 110 kənd var. 

Qədim tarixi özündə yaşadan Bərdə Qarabağ müharibəsi zamanı “nəfəslik” rolunu oynayıb. Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilən ərazilərimizdən köçkün düşən əhalinin bir qismi Bərdədə məskunlaşıb. 

Rəsmi məlumatlara görə, rayonda Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən 9646 ailə (34833 nəfər) müvəqqəti məskunlaşıb. 

Bərdə Azərbaycanın mərkəzi hissəsində – Qarabağ düzünün mərkəzində yerləşir. Bərdənin yerləşdiyi coğrafi ərazi bu rayonun strateji önəmini artırır. Azərbaycan dövləti ölkənin bütün regionlarına olduğu kimi, Bərdəyə də xüsusi diqqət ayırır. 

Prezident İlham Əliyev 2004-cü ildən indiyədək Bərdəyə səkkiz dəfə səfər edib. 

Bərdədə bu illər ərzində çoxlu iş yeri yaradılıb, yeni yollar salınıb, məcburi köçkünlər üçün yeni binalar tikilib, kənd təsərrüfatı xeyli inkişaf edib. 

Bərdədə dünyada şəffaflıq üçün nümunə olan Bərdə regional “ASAN xidmət” mərkəzi də açılıb. 

Prezident İlham Əliyev 2015-ci ilin 12 martında Bərdəyə səfəri zamanı “ASAN xidmət” mərkəzinin açılışını edib. 

Bərdədə görülən işlərin miqyasının geniş olması barədə deyilənləri statistik rəqəmlərin dili ilə də təsdiqləmək olar. 

2018-ci il ərzində rayon üzrə iqtisadiyyatın əsas sahələri üzrə 480,8 milyon manatlıq ümumi məhsul, o cümlədən, 13,8 milyon manatlıq sənaye, 229,9 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.

86,2 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb, 7,2 milyon manatlıq nəqliyyat xidməti, 1,3 milyon manatlıq informasiya və rabitə, 142,3 milyon manatlıq ticarət xidmətləri göstərilib. 

Bunlarla paralel olaraq rayon iqtisadiyyatının ümumi göstəricilərində artım qeydə alınıb. 2017-ci ilə nisbətən rayon üzrə ümumi məhsul istehsalı 14,9 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 17,8 faiz, tikinti-quraşdırma işləri 32,5 faiz, nəqliyyat xidməti 4,6 faiz, informasiya xidməti 10,5 faiz, ticarət xidmətləri 5,3 faiz artıb. 

İl ərzində rayon büdcəsinin yerli gəlirləri proqnozuna 102,2 faiz, xərcləri proqnozuna 95,8 faiz əməl edilib. 

Sonuncu rəsmi məlumatlara görə, Bərdədə 17,4 min nəfər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2018-ci ildə rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 6,7 faiz artıb. 

Dövlət Proqramları qəbul olunandan indiyədək 76012 yeni iş yerləri açılıb ki, bunun da 21270-i daimi iş yerləridir.

Siyahını daha da uzatmaq olar. Rəqəmlərdən belə nəticə çıxarmaq olar ki, Bərdə müasir zamanın inkişaf tempi ilə ayaqlaşır. 

Rayona bundan sonra da dövlətin diqqət və qayğısı artacaq. 2020-ci ilin dövlət büdcəsinin həcmi 2019-cu illə müqayisədə çoxdur, bu isə regionlarda, o cümlədən, Bərdədə də yeni iş yerlərinin yaradılmasına, rayon iqtisadiyyatının daha da inkişafına gətirib çıxaracaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri